Dünya

Ermənistan “BORC BATAQLIĞI”nda boğulur: Paşinyan rəsmi Bakıdan da KREDİT İSTƏYƏCƏK

Ermənistan “BORC BATAQLIĞI”nda boğulur: Paşinyan rəsmi Bakıdan da KREDİT İSTƏYƏCƏKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi İrəvan Ermənistan əhalisini xaricdən alınan borcun hesabına yedirdir; Paşinyan hakimiyyəti yekun sülh sazişini imzalayarsa, yalnız Azərbaycan və Türkiyə 9 milyard dollardan çox dövlət borcu olan Ermənistanı aclıqdan və səfalətdən xilas edə bilər…

Ermənistan bir dövlət olaraq, öz mövcudluğunu qorumağa çalışır. İndi bu məsələ erməni toplumunun əsas vəzifəsi hesab olunur. Və bu vəzifənin icra olunmasının mümkünlüyünə inam isə o qədər də yüksək deyil.

Məsələ ondadır ki, Ermənistan cəmiyyəti parçalanıb. Ölkədaxili siyasi böhran erməni elitası içərisində düşmənçilik mühiti yaradıb. Ermənistanın vahid sosial-iqtisadi inkişaf konsepsiyasi isə ümumiyyətlə, mövcud deyil, hətta ermənilərin bu barədə təsəvvürləri belə, yoxdur.

Digər önəmli problem sosial-iqtisadi böhrandır. Ermənistan iqtisadiyyatı çöküb, onun durçəldilməsi üçün ölkədaxili resurslar mövcud deyil. Yəni, Ermənistan “ölü iqtisadiyyat” termini ilə üz-üzə qalıblar. Bu termindən uzaqlaşıb, iqtisadiyyatın “dirçəldilməsi” baxımından, konseptual intellektdən də məhrum vəziyyətdədir.

sarkisyan_1.jpg (70 KB)

Hər halda, Ermənistan cəmiyyətində populist revanşist şüarlar bol olsa da, ölkə iqtisadiyyatını “koma”dan çıxartmaq üçün iqtisadi inkişaf modelləri ilə bağlı proqram təkliflərə rast gəlinmir. Nəticədə isə Ermənistan əhalisinin sosial vəziyyəti davamlı olaraq, ağırlaşır. Ermənistanda sosial böhran daha da dərinləşərək, dibi görünməyən “dərin quyu”ya çevrilir, əhalinin yaşayış səviyyəsi səfalət həddinə sürətlə yaxınlaşır.

Ancaq qəribə də olsa, Ermənistanda Qarabağ klanı adlandırılan və vaxtilə bu uydurma dövlətin maliyyə-iqtisadi resurslarını çapıb-talamış siyasi qruplaşma ölkənin tezliklə yenidən dirçələrək, hərbi revanşa ala biləcəyini iddia edir. Halbuki, Ermənistan cəmiyyətində hər kəs, hətta radikal Qarabağ klanının təmsilçiləri belə, bunun böyük bir yalan olduğunu bilirlər. Erməni elitası yaxın gələcəkdə, hətta heç vaxt Ermənistanın hərbi revanş şansının olmayacağını anlayır.

Əgər, anlamasalar belə, Ermənistanın düşdüyü geopolitik və sosial-iqtisadi durumu təhlil etsələr, onları maraqlandıran bütün prinsipial suallara dəqiq cavab tapa bilərlər. Bunun üçün o qədər də geniş və ya dərin araşdırmaya ehtiyac da yoxdur. Elə sadəcə, Ermənistanın dövlət borçu ilə bağlı rəqəmlərə nəzər salsalar, tamamilə yetərli ola bilər.

Məsələ ondadır ki, Ermənistanın dövlət borcu 9 milyard dollar həddini artıq keçib. Bu, Ermənistan kimi kiçik və iqtisadiyyatı çökmüş bir ölkə üçün qorxunc rəqəmdir. Rəsmi İrəvanın Ermənistanın heç bir ciddi gəlir vəd etməyən iqtisadiyyatı hesabına belə nəhəng borcu ödəyə bilməsi qətiyyən inandırıcı görünmür.

Ermənistanda nəşr olunan “Joxovurd” qəzetinin məlumatına görə, dövlət borcunun mütləq hissəsi məhz xarici borc kateqoriyasına aidddir. Belə ki, rəsmi İrəvanın 8 milyard 564 milyon dollar məbləğində xarici borc öhdəliyi yaranıb. Bu məbləğin də əsas hissəsi məhz xarici kreditlərdən ibarətdir.

1403967.jpg (17 KB)

Ermənistan iqtisadiyyatının tamamilə çökdüyünü göstərən daha bir önəmli məqam mövcuddur. Belə ki, ötən ilin sonu ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində Ermənistanın xarici dövlət borcu nə az, nə çox, düz 1 milyard 190 milyon dollar məbləğində artıb. Və bu, Ermənistanın mövcud iqtisadiyyatının düşdüyü durumu təsəvvür etmək imkanı yaradır.

Belə anlaşılır ki, Ermənistan iqtisadiyyatı son 10 ay ərzində demək olar, heç nə istehsal etməyib, hər hansı məbləğdə gəlir də gətirməyib. Paşinyan hakimiyyəti ölkəni xaricdən alınan borclar hesabına idarə etməyə çalışıb. Yəni, Ermənistan əhalisi sadəcə, xaricdən alınan kreditlər sayəsində yedirdilib. Və xarici ölkələrdəki erməni diasporunun göndərdiyi ianələrə rəğmən Ermənistanın 10 aylıq dövlət borcu belə nəhəng rəqəmlərlə ifadə edilirsə, deməli, ölkənin “dövlət büdcəsindəki yırtığın” da qorxunc ölçüdə olduğunu anlamaq qətiyyən çətin deyil.

İndi belə bir vəziyyətdə olan ölkədə Qarabağ klanı da daxil olmaqla, bəzi populist radikal siyasi qüvvələr hərbi revanş barədə xəyallar qurmaqda davam edirlər. Yəni, ölkə əhalisini xaricdən borc götürüb, yedirdirlər, amma yeni müharibə barədə planlar qura biləcəklərinə özlərini inandırmağa çalışırlar. Və belə dövlətin uzun müddət yaşaya bilməyəcəyini isə hələ də anlaya bilməyiblər.

Məsələ ondadır ki, Ermənistan ordusu II Qarabağ savaşında darmadağın edilib. Hətta Ermənistanın keçmiş müdafiə naziri, hərbi cinayətkar Seyran Ohanyan bir neçə gün öncə bildirib ki, ölkənin sərhədləri bir çox istiqamətlərdə ümumiyyətlə, qorunmur. Onun fikrincə, Paşinyan hakimiyyəti bu problemi həmin bölgələrdə yaşayan könüllü ermənilərin hesabına həll etməliydi. Bu, o deməkdir ki, Ermənistanın ordusu yoxdur və ona görə də ölkənin sərhədlərinin qorunmasında könüllülərdən istifadə etmək məcburiyyəti belə, yaranıb.

3d40c9a6f3823070ba7d8e0045c74e9a.jpg (279 KB)

Belə vəziyyətdə hərbi revanşa çağıran Qarabağ klanı Ermənistanın öz sərhədlərini qorumaq üçün əsgər tapa bilmədiyi halda, yeni savaş üçün hansı hərbi qüvvələrdən istifadə edəcəyini də aydınlaşdırmalıdır. Ermənistanın hərbi revanş barədə planlar qurması üçün əvvəlcə ordusu olmalıdır. Belə ordu artıq olmadığından yeni silahlı qüvvələrin yaradılması üçün on milyardlarla dollar məbləğində vəsait xərcləmək lazımdır. Halbuki, Ermənistanın xarici dövlət borclarına diqqət etdikdə, bu, qeyri-mümkün görünür.

Bəzi məlumatlara görə, Azərbaycan ordusunun II Qarabağ savaşı dövründə məhv etdiyi və ya qənimət götürdüyü Ermənistana aid hərbi texnikanın ümumi dəyəri təxminən 5 milyard dollar yaxındır. Bu rəqəm hələ yalnız köhnə hərbi texnikanın dəyərini ifadə edir. Yəni, Ermənistan hətta öz ordusuna köhnə hərbi texnika almaq istəsə, ən azı 5 milyard dollar xərcləməlidir. Yeni hərbi texnika isə Ermənistan üçün sadəcə, xəyaldan başqa bir şey deyil.

Bütün bunları nəzərə aldıqda, Qarabağ klanının hərbi revanş iddiaları sadəcə, Ermənistanın birdəfəlik tam süqutunu yaxınlaşdırmaqdan başqa heç nəyə yaramaz. İndi rəsmi İrəvan hərbi revanş barədə deyil, məhz Ermənistan əhalisini kütləvi aclıqdan və səfalətdən xilas etmək haqda düşünmək məcburiyyətindədir. Ona görə də, qonşu ölkələrlə savaşmaq deyil, barişmaq lazımdır.

Ermənistanın hələ də xilas olmaq şansı qalır. Zaman daralsa da, Paşinyan hgakimiyyətinin Azərbaycan və Türkiyə ilə anlaşmaqdan başqa çıxış yolu yoxdur. Rəsmi İrəvan Azərbaycanla qarşılıqlı olaraq, ərazi bütövlüyünü tanıdıqdan və yekun sülh sazişini imzaladıqdan sonra iqtisadi-ticari “nəfəslik” qazana bilər. Yalnız bu halda, Ermənistanın bir dövlət kimi mövcudluğu real təhlükədən yayınmaq şansı qazana bilər. Hətta münasibətlər normallaşdırılacağı təqdirdə, Ermənistanın Azərbaycandan kredit alması da mümkün ola bilər. Və bütün bunlar Ermənistana xəritədən silinməmək şansı vəd edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert