Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının birgə fəaliyyətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
7Times.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni 2024-cü il avqustun 30-da imzalayıblar.
Bu sənədə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıblar, lakin bu razılaşma yekun deyil. Reqlamentdə qeyd olunur ki, proses gələcəkdə sülh sazişi qəbul edildikdən sonra başqa prinsiplərə uyğun da davam etdirilə bilər.
Əsasnamədə delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi, ekspert qruplarının işi nəzərdə tutulub. Onun əsasında qəbul ediləcək əsasnamə və sənədlərin delimitasiya işlərinin tam gedişini təmin etmək üçün hüquqi bazanı tamamlayacağı iddia edilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin 13 kilometrlik hissəsi (Qazax rayonu istiqamətində-red.) demarkasiya edilib.