Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə göndərilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirir.
FHN-in mətbuat xidmətindən 7times.az-a bildiriblər ki, yanğınlarla əlaqədar Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə nazirliyin məsul vəzifəli əməkdaşları da Türkiyədə səfərdədirlər.
Səfər çərçivəsində nazir müavini E.Mirzəyev Marmarisdə Böhranların İdarəedilməsi Mərkəzində Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ersoy ilə görüşüb.
Görüşdə E.Mirzəyev FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyəyə gəldiyini deyib. Nazir müavini səfərinin məqsədinin Türkiyəyə yardıma gələn Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin fəaliyyətinin koordinasiyasının təşkili olduğunu vurğulayıb.
E.Mirzəyev Azərbaycan FHN-in qüvvələrinin yanğınsöndürmə istiqamətindəki fəaliyyətindən danışıb. Nazir müavini FHN-in müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupunun da artıq qardaş Türkiyədə olduğunu xatırladaraq, qrupun tərkibi və imkanları barədə ətraflı məlumat verib.
Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Ersoy göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.