Cəmiyyət

“Evimdə və şöbədə “dubinka” ilə döydülər” – DİN və Baş Prokurorluqdan AÇIQLAMA

“Evimdə və şöbədə “dubinka” ilə döydülər” – DİN və Baş Prokurorluqdan AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayon sakini Babayev Abbas Məhərrəm oğlu, 5 ay əvvəl polis əməkdaşları tərəfindən həm evində, həm də polis şöbəsində döyüldüyünü, məsələ ilə bağlı həm Daxili İşlər Nazirliyinə, həm də Qusar rayon prokurorluğuna müraciət etdiyi halda hadisənin araşdırılmadığını iddia edir.

Bu barədə A. Babayev ötən il avqust ayının 27-də öz evinin eyvanında dayanarkən polis əməkdaşlarının ondan sənədlərini tələb etdiyini iddia edib:

“Qusar rayonunda, bina evində 2-ci mərtəbədə yaşayıram. Hərbçiyəm. Avqust ayının 27-si axşam saat 10 radələrində siqaret çəkmək üçün balkona çıxdım. 2 polis əməkdaşı yaxınlaşdı və məndən öz evimdə sənədlərimi istədilər. Mən də onlara dedim ki, siz əvvəlcə özünüzü təqdim edin, mən sizə sənədlərimi təqdim edəcəyəm. Bunlar da mənə mənə dedilər ki, düş aşağı, sən kimsən? Mən də dedim ki, düşmürəm aşağıya. Özüm qardaşımla birlikdə kirayədə yaşayıram. Bunlar uzun müddət binanın həyətində gözlədilər. Çıxdım çölə dedim ki, nə istəyirsiniz? Dedilər ki, sənin sənədlərini təqdim etməyini istəyirik.

Mən də dedim ki, sizə sənəd təqdim etmirəm. Sonra 102 xidmətinə zəng vurdum. Dedim ki, burada 2 polis əməkdaşı var və məni incidirlər. Üstündən heç yarım saat keçmədi, həmin polis əməkdaşları evimizə basqın elədilər. Bir ədəd post patrul avtomobili də gəldi. 7-8 polis yığışıb təpiklə qapını açdılar və evə girdilər. Əlimi qandalladılar və məni evdə döydülər. Aparıb polis şöbəsinə səhərə kimi də orada “dubinka” ilə döydülər. Bədənimə xəsarət yetirmişdilər.

Mən də Qusar Rayon Prokurorluğuna şikayətimi bildirdim. Qardaşım da Daxili İşlər Nazirliyinə məktub yazdı. Daxili İşlər Nazirliyindən bir polkovnik gəlmişdi. İzahat aldı və getdi. Hələ də xəbər yoxdur. Artıq hadisənin üstündən 5 ay keçib. Prokurorluğa da getdim, dedilər ki, hələ araşdırırıq”.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Yeniavaz.com-a açıqlama verərək A. Babayevin iddialarını təkzib edib:

“Qusar rayonunda xüsusi karantin rejimi ilə bağlı keçirilən reydlər zamanı polis əməkdaşları tərəfindən Abbas Babayevə qaydalara əməl etməməsi ilə bağlı irad tutulub. Ondan qanunun tələblərini yerinə yetirməsi tələb olunub. Lakin A.Babayev polisin qanuni tələblərini yerinə yetirməkdən imtina edib.  Bu zaman vətəndaş polis əməkdaşlarına tabesizlik göstərib. Həmin hadisə polis əməkdaşları tərəfindən protokollaşdırılıb. A.Babayev hərbçi olduğu üçün iş aidiyyatı üzrə hərbi məhkəməyə göndərilib. Hərbi məhkəmə tərəfindən sözügedən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub. Qərardan narazı qalan vətəndaş hiddətlənib və əvvəl prokurorluğa, daha sonra isə Daxili İşlər Nazirliyinə müraciət edib. Müraciət əsasında iş üzrə materiallar toplanıb və DİN-in Daxili təhqiqatlar idarəsində məsələ ilə bağlı araşdırma başladılıb. Məsələ araşdırılıb və müəyyən olunub ki,  A.Babayevin polis əməkdaşları tərəfindən döyülməsi iddiaları həqiqəti əks etdirmir”.

N. Həmidov polis əməkdaşlarının A. Babayevdən evinin eyvanında dayanarkən sənədlərini tələb etməsi ilə bağlı iddianın heç bir əsasının olmadığını bildirib.

Baş Prokurorluqdan isə bildirilib ki, sözügedən vətəndaş rayon prokurorluğunun işindən narazıdırsa bununla bağlı Baş Prokurorluğa müraciət edə bilər.