Dünya

Eynşteyn İsmət İnönüyə yazdığı məktubda nə xahiş etmişdi? – TARİXİ FAKT

Eynşteyn İsmət İnönüyə yazdığı məktubda nə xahiş etmişdi? – TARİXİ FAKTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adını tarixə yazmış bir sıra şəxslər arasında zaman-zaman maraqlı məktublaşmalar olub. Albert Eynşteyn və İsmet İnönü arasındakı yazışmalar məhz bu qəbuldəndir. 90 il əvvəl yazılan bu məktub Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə göndərilib.

 

7Times.az  bununla bağlı maraqlı məlumatı təqdim edir.

 

Təqvimlər 1933-cü ili göstərirdi. Həmin zaman Albert Eynşteyn Almaniyadan Fransaya mühacirət etmiş və Parisdəki “Collège de France”da dərs deməyə başlamışdı. Bir gün tələbələrindən biri alimə yaxınlaşaraq Almaniyada qalan elm adamlarının gələcəyi barədə sual verib.  Gözlənilməz sual qarşısında təəccüblənən Eynşteyn alman alimlərinin gələcəklərinin həllini Türkiyədə tapacaqlarına inanıb. Onun daha sonra yazacağı məktub tarixə düşəcək və baş verənlər illər sonra üzə çıxacaqdı.

 

Əvvəlcə Fransa…

 

1932-ci ilin iyulunda Almaniyada keçirilən federal seçkilər Eynşteynin Fransaya mühacirət etmək qərarında əhəmiyyətli rol oynayıb. Ölkənin taleyini dəyişəcək seçkidə Adolf Hitlerin başçılıq etdiyi Milli Sosialist Alman Fəhlə Partiyası qalib gəlib. Hitler 1933-cü il yanvarın 30-da Almaniyanın kansleri təyin edilib. Təkcə Almaniyada deyil, bütün dünyada, xüsusilə də Avropada qaranlıq bir dövrə imza atan Adolf az qala öz ölkəsində bir çox yəhudi vətəndaşa qarşı müharibə elan etmişdi. Yəhudilərə göstərilən münasibət bir çox insanın, xüsusən də elm adamlarının müxtəlif ölkələrə mühacirət etmək qərarına səbəb olub. Onların arasında dünya şöhrətli fizik Albert Eynşteyn də var idi. O, başda yəhudilər olmaqla, Hitler Almaniyasında baş verənlərə qarşı hərəkətə keçməyə qərar verdi. Onun kimi Parisə gələn alman alimləri ilə birlikdə 1932-ci ildə Yəhudi Əhalisini Mühafizə Qrupları İttifaqını (OSE) qurdu. Eynşteyn assosiasiyanın prezidenti seçildi. Nəhayət, qeyd etdiyimiz tələbənin sualından sonra Albert OSE üzvlərini bir yerə topladı və onlara qərar vermədən masadan ayrılmayacağını bildirdi.

 

Hitlerin Almaniyadakı hərəkətlərini izləyən qonşu dövlətlər o zaman böyük qərarsızlıq içində idilər. Başda Fransa olmaqla, bir çox ölkələr Hitlerlə qarşı-qarşıya gəlməmək üçün sığınacaq istəyən yəhudiləri rədd edirdilər. Almaniyada yaşamaq uğrunda mübarizə aparan, hər saniyə ölümlə üz-üzə qalan yəhudilərə tolerantlıqla yanaşan bir yerə ehtiyac var idi. Eynşteynin ağlına isə yalnız bir yer gəlirdi – Türkiyə…

 

İllər sonra gün işığına çıxan məktub…

 

Eynşteyn vaxt itirmədən dərhal Türkiyə Cümhuriyyətinin rəhbərlərinə məktublar yazmağa başladı. 17 sentyabr 1933-cü il tarixli məktubunda  o, Almaniyada bir çox elm adamının işlərini görə bilmədiklərini təfərrüatlı şəkildə izah edib və alimlərin Türkiyədə heç bir qarşılıq gözləmədən işləyə biləcəklərini vurğulayıb:

 

“Zati-aliləri, OSE Dünya Assosiasiyasının fəxri prezidenti kimi, Almaniyadan olan 40 professor və doktorun Türkiyədə elmi və tibbi təhsillərini davam etdirmələri üçün icazə verməyinizi xahiş edirəm. Adıçəkilən şəxslər Almaniyada hələ də qüvvədə olan qanunlara görə öz peşələri ilə məşğul ola bilmirlər. Əksəriyyəti böyük təcrübəyə, biliyə və elmi ləyaqətə malik olan bu insanlar yeni ölkədə yaşasalar, son dərəcə faydalı ola bilərlər. Bu alimlər hökumətinizin göstərişi ilə heç bir qarşılıq gözləmədən bir il sizin hər hansı bir qurumunuzda işləmək istəyərlər. Hökumətiniz xahişi qəbul edərsə,  nəinki yüksək səviyyədə humanitar fəaliyyət göstərmiş olacaqsınız, həm də bu, ölkənizə fayda gətirəcək”.

 

Məktuba verilən cavab…

 

1933-cü ildə Eynşteyn bu məktubu yazarkən Türkiyədə İsmət İnönü baş nazir idi. Buna görə də sentyabrın 17-də yazılmış bu məktub onun əlinə keçmişdi. İnönü o zamankı Milli Təhsil Naziri Rəşit Qalip Baydurla məsləhətləşdi və bir müddət sonra Eynşteynə cavab məktubu yazdı:

 

“Hörmətli professor,  17 sentyabr 1933-cü il tarixli məktubunuzu aldım. Təklifinizin çox cəlbedici olduğunu qəbul etsəm də, onu ölkəmizin qanun və qaydalarına uyğunlaşdırmaq imkanını görmürəm. Bildiyiniz kimi, biz  40-dan çox professor və həkimi müqavilə ilə işə götürmüşük. Onların əksəriyyəti eyni siyasi şəraitdədir və məktubun mövzu obyekti olan alimlərlə eyni ixtisas və qabiliyyətlərə malikdir. Hazırda mənşəyinə, mədəniyyətinə və dilinə görə müxtəlif üzvlərdən ibarət incə mexanizm olan bir orqanizm yaratmağa çalışırıq. Bu səbəbdən indiki şəraitdə təəssüf ki, biz daha çox kadrı qəbul edə bilmərik. Professor, xahişinizi təmin edə bilmədiyim üçün üzr istəyirəm və ən dərin hisslərimə inanmağınızı xahiş edirəm”.

 

Atatürkün atdığı addımlar, iddialar…

 

İsmət İnönü Eynşteynin təklifini nəzakətlə rədd etsə də, ikisi arasında yazışmalarla bağlı müxtəlif iddialar da var. Bu iddialara görə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Eynşteynin məktubundan xəbərdar olub və alimlə əlaqə saxlayıb. Başqa bir iddiaya görə, Atatürk bu məktubdan heç vaxt xəbərdar olmayıb, lakin müxtəlif vaxtlarda bir çox xarici elm adamları ölkəyə gələrək çalışıblar. Jurnalist və tarixçi Murat Bardakçının irəli sürdüyü fikirlərə əsasən, Albert Eynşteynlə İsmət İnönü arasındakı dialoqdan dərhal sonra Atatürk bir çox alman alimini elmi işlərinə davam edə bilmələri üçün Türkiyəyə dəvət edib. Hətta dəvət etdiyi insanlar arasında Eynşteynin də olduğu deyilir. 1949-cu ildə ABŞ-nin Prinston Universitetində Eynşteynlə tanış olan və İstanbul Texniki Universitetinin təqaüdçü professorlarından biri Münir Ülgür bu barədə belə deyib:

 

“Həmin ildə mən həyat yoldaşım və qızımla Eynşteynin universitetdəki ofisinə getdik, bizi çox mehriban qarşıladı. Söhbətlərimiz zamanı Atatürkü nəzərdə tutaraq “Bilirsiniz, dünyanın ən böyük liderinə sahibsiniz” dedi. 1933-cü ildə Atatürk tərəfindən Türkiyəyə dəvət edildiyini, lakin ABŞ-də imkanlarının çox olduğu üçün burada qalmağa üstünlük verdiyini bildirdi”.

 

Diqqətçəkən iddialara baxmayaraq, Mustafa Kamal Atatürkün bu məktubdan xəbəri olub-olmaması dəqiq məlum deyil.

Sfera.az