Aktual

Feminizm yoxsa…

Feminizm yoxsa…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dönəmlər ən çox eşitdiyimiz sözlərdən biri feminizmdir. Haqqında çox danışılmasına baxmayaraq bu gün Azərbaycanda feminizmə münasibət birmənalı deyil. Bu münasibətin kökündə nə dayanır? Əsl səbəbləri feministlərdən soruşduq.

Nərmin Şahmarzadə

Azərbaycanda feminizm ona görə qəbul edilmir ki, Azərbaycanda patriarxat sərt formadadır. Kultlar çox güclüdür: tanrı, ata, kişi və s. Yeniliklər istənilən halda insan üçün çətin ola bilir. Çünki yenilikdə qeyri-müəyyənlik var. Beyin qeyri-müəyyənliyi təhlükə kimi qavrayır. Buna qarşı müqavimət çox təbiidir.

Biz təzə təşkilatlanırıq. Məqsədlər, strategiyalar hələ tam oturuşmayıb. Bu dövrdə gözlənilməz hallar çıxa bilir və insanların reaksiyaları da kontroldan çıxa bilir.  Ən əsası, cəmiyyətdə siyasi şüur zəif inkişaf edib, edir. Feminizm də siyasi ideologiyadır. Buna görə onu anlamaq da cəmiyyət üçün çətindir.

Seymur Nəzər

Əslində birbaşa səbəblər səsləndirmək çətindir, amma mənim müşahidələrimə əsasən bir neçə səbəblər var. İlkin olaraq elə patriarxal cəmiyyətdə toksik münasibətin və mentalitetin normalaşmasıdır. İnsanların qəlibləşdiyi müəyyən bir sistem var, hansı ki, buna uşaqlığımızdan bəri müşahidəçiyik. Qadın və qızların orta məktəb təhsil müəssisələrində müəyyən yaşa qədər təhsil ala bilmə imkanları və bir qisim qızların ümumiyyətlə təhsil imkanlarından tamamilə məhrum olması, universitet təhsilinə məhdudiyyətlərin qoyulması və universitet seçimlərinə müdaxilə olunması, uşaqlıqdan yeniyetməlik dövrünə qədər “gəlin” olmağa hazırlaşdırılması, geyim və xarici görünüşlərinə olan məhdudiyyət, sərbəst dolaşım imkanlarının məhdudlaşdırılması(xüsusilə də xaricə səyahət və ya xaricdə təhsil mövzusunda), bakirəlik mifi, sərbəst romantik və seksual münasibətlərinin olmaması, boşanmağın fahişəliklə ölçülməsi, iş və digər müəssisələrdə qadınlara və qızlara qarşı “seksual obyekt” kimi yanaşılması, qadınların həyatında daim kimlərinsə “namus” keşikçisi rolunu alması, daim ailədaxili şiddət və təzyiqə məruz qalmaları, məcburi evlilik (xüsusilə də lgbtq+ qadınların məcburi evliliyə sürüklənməsi) və digər qısıtlamalar bizim cəmiyyətin böyük bir parçasıdır. Feminizm isə qadınların sosial, hüquqi və ictimai strukturda gender bərabərliyi uğrunda mübarizə aparan ideologiyadır. Əlbəttə bu kimi qəliblərlə böyüyən cəmiyyət feminizmi əxlaqsızlıq, fahişəlik kimi qavramlara sığdırır.

Son illər baş verən qadın cinayətlərinə feminist qrup və şəxslərin sosial media və birbaşa küçə aktivizmi ilə etirazları həmçinin patriarxal cəmiyyətdə böyük bir qıcıqlıq yaradır. Çünki artıq qadınların həyatını itirməsinə səbəb olan və bu kimi xəbərlərin yayılmasının normal hal almış olmasına edilən etirazlar qarşısında insanlar feministlərə qarşı “əxlaqsız, fahişəliyi və homoseksuallığı təbliğ edən” kimi ləqəblər qoşmağa başladı. Buna görə də digər mövzularda olduğu kimi bu məsələ də çoxluq tərəfindən necə qarşılanırdısa, araşdırma etmədən elə də digərləri də qəbul etməyə və adlandırmağa başladılar.

Aytac Kazımzadə

Məncə, bunun səbəblərindən biri insanların feminizm barədə qulaqdan dolma məlumatlarla düşünməsidir. Ən çox da kişilər düşünürlər ki, feminizm əxlaqsızlıqdı.Amma bunun reallıqla əlaqəsi yoxdur, əlinə bir kitab alıb oxuyan insan, feminizm barədə araşdıran insan bunun doğru olmadığını dərk edər.

Feminizm həm kişi həm də qadının bərabər hüquqlara sahib olmasını dəstəkləyən və hər iki cinsi faydalandıran bir cərəyandır.

Ölkəmizdə qadın cinayətlərinin, qadına qarşı olan zorakılıqların, erkən evliliklərin, valideynlərin qızları təhsildən yayındırmasının geniş yayıldığını nəzərə alsaq buna qarşı haqlı mübarizə aparılmalıdır. Ancaq kişilər nədənsə qadınların həmin cinayətlərə etiraz etməsindən qıcıqlanırlar. Etiraz edən insanları əxlaqsız, həyasız və s. adlandırırlar.

Bunun da ən əsas səbəbi onların qadınların üzərində olan hakimiyyətlərini itirmə qorxusudur. Qadınların öz hüquqlarını bilmələri, maariflənmələri, iqtisadi azadlıqlarını qazanmaları, fiziki və psixoloji zorakılığa susmayıb kömək almaları onları narahat edir. Kişi zorakılığından əziyyət çəkən daha çox qadınlar olsa da, həmcinsləri də bundan pay alır.

Aytac Sahəd

7times.az