Bu ilin 1-11 iyun tarixlərində ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirmə təşkil olunacaq.
7times.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, milli qiymətləndirmənin Azərbaycan və rus bölmələri üzrə təşkili nəzərdə tutulur. Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani ( seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platformasında) formatda təşkil olunacaq.
Onlayn qiymətləndirmə prosesində II-VIII və X sinif şagirdləri ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaq. Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır.
Əyani qiymətləndirmə prosesində isə IV, VI və IX sinif şagirdlərinə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə suallar veriləcək. İyun ayında keçiriləcək milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu nəzərdə tutulur.
Qeyd edək ki, sistemli tədqiqat şəklində aparılan milli qiymətləndirmənin keçirilməsində məqsəd etibarlı məlumatların toplanması, təkliflərin verilməsi və problemlərin həll edilməsi üçün konkret istiqamətləri müəyyənləşdirməkdir.
Follow @7timesaz