İşsizlik, vəzifəli şəxs tərəfindən edilən haqsızlıq, hüquqlarının pozulması, süründürməçilik, xüsusilə vəzifəli şəxs tərəfindən aldadılması Goranboy rayon Qızılhacılı kənd sakinini intihara sürükləyir.
Bu barədə 7times.az-ın redaksiyasına müraciət edən vətəndaş Eminov Neman Bayram oğlu özü məlumat verib. Onun iddialarına görə, Goranboy rayon Təhsil Şöbəsinin və İcra hakimiyyəti rəhbərliyinin etinasız və laqeyd münasibəti vətandaşı bu addımı atmağa məcbur edir. Neman Eminov çıxış yolunu ölkə başçısına və Birinci vitse-prezidentə müraciət etməkdə gördüyündən dövlət rəhbərliyinə müraciət ünvanlayıb.
Vətəndaşın müraciətini olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə;
Surəti: Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya;
Surəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə”
Surəti : Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova;
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya;
Surəti: Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə;
Surəti: Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarova;
Surəti: Dəyərli KİV-nin rəhbərlərinə, saytlara, saytların hörmətli rəhbərlərinə;
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, keçmiş müəllim Eminov Neman Bayram oğlu tərəfindən
Ş İ K A Y Ə T
Nəzərinizə çatdırıram ki, “sifariş”in, ədalətsizliyin qurbanı olaraq 2019-cu ilin mart ayında həbs etdirildim. 10.06.2021-ci il tarixində azadlığa buraxıldım. Azadlığa buraxıldıqdan sonra 2021-ci ilin iyun-iyul-avqust-sentyabr aylarında dəfələrlə Goranboy RİH-nin başçısı Məhərrəm Quliyevə məni qəbul etməsi barədə müraciət ünvanlasam da, heç bir nəticə olmadı.
Möhtərəm Cənab Prezidentə, çox hörmətli 1-ci vitse prezidentə, Ombudsmana etdiyim müraciətlərdən sonra nəhayət ki, 16.09.2021-ci il tarixində Goranboy RİH-nin inzibati binasında icra başçısının qəbulunda oldum. İki ali təhsilimin olduğunu, cəmiyyətə adaptasiya olmaq istədiyimi, ailəmin maddi durumunun zəifliyini, anamın şəkərli diabet xəstəliyini, işləməməsini, atamın yaşlılığını və heç bir yerdə çalışmamasını başçının diqqətinə çatdırdım. Mənə bildirdi ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarova tapşıracaq və məni bir işlə təmin etməyə çalışacaq. Bildirdim ki, Seymur Nazarov 05.08.2021-ci il tarixində Goranboy Rayon Təhsil Şöbəsinə müdir təyin olunub. Seymur Nazarovun bir neçə dəfə məni işlə təmin etməsi üçün qəbuluna getmişəm, hətta təhsil sənədlərimi, işlə bağlı müraciətimi poçtla rəsmi qaydada da göndərmişəm. Hər dəfə qəbulunda olanda məni işlə təmin edəcəyini bildirərək əmin edib. Çox təəssüflər olsun ki, Seymur Nazarov məni bu günə kimi işə götürmür, süründürməçilik edərək, müəyyən vədlər verərək məni aldadır. Bu azmış kimi, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev də məni aldatdı.
Seymur Nazarova qəbulunda olarkən və yazılı şəkildə bildirdim ki, həbsdən buraxılmışam, ailəmizdə işləyən yoxdur, çətinlik çəkirəm. Xahiş etdim ki, mənim işlə təmin olunmağıma yardım etsin. Hər dəfə mənə bildirirdi ki, “narahat olma, sənə iş verəcəm”. Hətta onu da mənə demişdi ki, biz bir kəndliyik, mən də vaxtı ilə sənin kimi çətin günlər yaşamışam, bunları nəzərə alıb, sənə iş verəcəm. Hətta mənə tapşırıq verdi ki, ” iş axtaran” vətəndaş kimi Goranboy rayon Məşğulluq Mərkəzində qeydiyyata düşüm. Bundan sonra Goranboy rayon Məşğulluq mərkəzində 16.08.2021-ci il tarixində qeydiyyata alındım. Seymur Nazarovdan məni müəllim vəzifəsinə işə qəbul etməsini heç vaxt istəmərəm. Ona görə ki, müəllim vəzifəsinə işə qəbul Təhsil nazirliyinin təşkil etdiyi “Müəllimlərin İşə Qəbulu” qaydası ilə həyata keçirilir. Mən Seymur Nazarovdan ştat işi istəyirdim. Seymur Nazarov məni bu yalanları ilə aldadaraq indiyə kimi hisslərimlə oynayır. 36 yaşım var, mən xəstə, işsiz valideynlərimdən bir manat almağa xəcalət çəkirəm, işsizlik məni sıxır. Seymur Nazarov tərəfindən aldadılmağım mənə çox pis təsir edir. Belə bir vəzifəli şəxsin hərəkətləri məni intihar həddinə gətirib çıxarıb. Mən yaşlı, xəstə, heç bir yerdə işləməyən valideynlərimə maddi, mənəvi dəstək göstərməliyəm, onlardan bir manat almalı deyiləm.
QEYD: Goranboy RTŞ-nin müdiri Seymur Nazarovla bağlı orta məktəblərdə vaxtıilə vəzifə öhdəliklərini yerinə yetirə bilmədikləri üçün cəzalandırılan direktorları, direktor müavinlərini yüksək vəzifələrə təyin etdiyi üçün 22.09.2021-ci il tarixlərində bir neçə sayt vasitəsilə aidiyyatı qurumlara müraciətlər etmişəm, hələki, etdiyim müraciətlərə baxılmır. Çox hörmətli cənab Prezidentim! dəyərli hüquq-mühafizə orqanlarının əməkdaşları, mənim intihar etməyimə səbəbkar vəzifəli şəxs, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Fazil oğlu Nazarovdur. İnanıram ki, bu vəzifəli şəxs barəsində tədbir görüləcək, mənim pozulmuş hüquqlarım bərpa olunacaq, ruhum rahatlıq tapacaq.
Hörmətlə; Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu;
P.S. Yazıda adı keçən şəxslərin və dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq!
Follow @7timesaz