Məlum olduğu kimi, Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-nə təsadüf etdi.
İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.
Bəs, maraqlıdır görəsən deputatlarımız da oruc tuturmu?
Redaktor.az Milli Məclisin bir neçə deputatı ilə əlaqə saxladı.
Deputat Ceyhun Məmmədov bildirdi ki, hər il olduğu kimi indi də oruc tutur:
“Hər il Ramazan ayında bu ayın qaydalarına, onun ehkamlarına əməl etməyə çalışıram. Oruc tutmaq hər bir müsəlmanın üzərində bir borcdur, vəzifədir. Oruc tutmaq yalnız ac qalmaq deyil, həm də günah əməllərdən uzaq olmaqdır. Orucluq insana digər insanlara qarşı mərhəmətli olmağı öyrədir, aclığın nə olduğunu göstərir və insanı digər insanlara qarşı şəfqətlə və mərhəmətlə davranmağa yönəldir. Allah bütün orucları, duaları qəbul eləsin. Ölkəmizi, dövlətimizi, xalqımızı qorusun, hər birimizi bu ayda həqiqi oruc tutanlardan, bu ayın haqqını verənlərdən etsin”.
Deputat Hikmət Babaoğlu isə qeyd etdi ki, səhhəti ilə əlaqədar oruc tuta bilmir:
“Çox təəssüf ki, səhhətimlə əlaqədar hər il oruc tuta bilmirəm. Amma uzun illər oruc tutmuşam. İndi səhhətimlə əlaqəli ardıcıl olaraq oruc tutmuram. Ancaq Ramazan ayının xüsusi günlərində oruc tutmağa çalışıram”.
Deputat Cavanşir Paşazadə də oruc tutanlardandır:
“Təbii ki, mən müsəlmanam, oruc tuturam. Əvvəldən də oruc tutmuşam, indi də tuturam”.
Deputat Aydın Hüseynov isə bildirdi ki, oruc tutmaq lazımdır:
“Əvvəllər də tutmuşam, amma son illərdir ki, davamlı tuturam”.
Deputat Elman Məmmədov da səhhəti ilə bağlı oruc tuta bilmədiyini dedi:
“Allah bütün orucları, namazları qəbul etsin. Bu, İslam dünyası üçün müqəddəs bir aydır. Lakin səhhətimdə olan problemlərlə əlaqədar mən oruc tuta bilmiirəm. Oruc tutanların hamısına cansağlığı, xoş günlər arzu edirəm. Allah qəbul etsin”.
Deputat Rüfət Quliyev isə dərman qəbul etdiyi üçün oruc tuta bilmədiyini dedi:
“Mən gündə iki dəfə dərman qəbul edirəm deyə, oruc tutmuram”.
Follow @7timesaz