Ölkə

“Hər cür alçaqlığa əl atırlar!” – Deputata qarşı TƏXRİBAT

“Hər cür alçaqlığa əl atırlar!” – Deputata qarşı TƏXRİBATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə qarşı kiber təxribat – fişinq həyata keçirilib. Sosial şəbəkədə həyata keçirilən fişinqdə deputatın, guya İctimai TV-yə verdiyi müsahibənin mətni yayımlanıb. Hazırlanan saxta mətində isə Oxu.az saytının dizaynından, loqosundan istifadə olunub.

Mətndə bildirilir ki, guya deputat İTV-nin canlı yayımında asan pul qazanmağın yollarından danışıb. Deyib ki, bunun üçün heç bir əmək sərf etmədən səhifədə qeyd olunan linkə daxil olaraq orada qeydiyyatdan keçmək və pul yatırmaqla qısa müddətə böyük məbləğdə vəsait qazanmaqn mümkündür. Hətta deputatın canlı yayın zamanı teleaparıcı Nigar Sabirqızının adına sözügedən linkdə hesab açaraq 10 dəqiqə içərisində 90 manat qazandırdığı qeyd olunur.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev şəxsi planda heç kəslə düşmənçiliyinin olmadığını bildirib:
“Mən bu məlumatı yayanların azərbaycanlılar olduğunu düşünmürəm. Bunlar ya ermənilər, ya da onların dəyirmanlarına su tökənlərdir. Yəni mənim şəxsi planda heç kəslə düşmənçiliyim yoxdur. Burada söhbət tək məndən getmir. Söhbət Azərbaycan dövlətçiliyindən gedir. Son zamanlar Rasim Balayev, Əziz Ələkbərli, Fazil Mustafa barədə böhtan yazılar getdi. Şayiə yaydılar ki, guya Tahir Kərimli deyib ki, 30 yaşdan yuxarı evlənməyən şəxslər cərimə olunmalıdır. Sosial şəbəkələrdə, mətbuatda fəallıq göstərən ziyalılarımızı hörmətdən salmaq, onların adından saxta fikirlər yaymaq üçün belə şantajdan istifadə edirlər. Bu çox axmaq hərəkətdir. Bu təxribatda da mənim Əmək və sosial siyasət komitəsində olmağım inandırıcı görünür deyə öz saxta kriptovalyutalarını, saxta proqramlarını reklam edirlər. Guya ki, mən bunu təbliğ edirəm ki, insanlar ora pul qoyub, pul qazansınlar”.
M.Quliyev deyib ki, insanların aldanmaması üçün bu məsələni ictimailəşdirib:
“Mən bu yazıya fikir verməzdim. Lakin bizi tanıyan minlərlə sadə insanın aldana biləcəyindən ehtiyat etdim. Bunun həqiqiliyinə inana və doğurdan da, o şəbəkəyə pul qoya bilərdilər. İnsanlar ziyana düşə bilərdi. Bunu edənlər bir qrup, yaxud şəxsdir. Hər cür alçaqlığa əl atırlar.  Düşündüm ki, insanlar Musa müəllim belə deyirsə, doğrudur deyə fikirləşərlər. Çünki biz pensiya, müavinət və əmək haqları ilə bağlı məlumatlar veririk. Bu məlumatlar da rəsmi qəbul olunur. Bizim tez-tez İTV-də müxtəlif mövzularda müsahibələrimiz olur. Nigar Sabirqızı ilə şəklimizi qoymaqla vəziyyəti daha da inandırıcı etməyə çalışıblar. Hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Artıq müvafiq araşdırmalar da başlanıb. Bunun haradan və kim, yaxud kimlər tərəfdən edildiyi aydınlaşdıqdan sonra yenə ətraflı məlumat verəcəm”.
Komitə sədri müəyyən qruplar tərəfindən cəmiyyətdə mənəviyyatsızlaşdırılma prosesinin aparıldığını bildirib:
“Bu proses xaricdən proqramlaşdırılır. Oradan maliyyələşdirilir. Bunu zamanında Soros başlamışdı. İndi FETÖ-çülər də bu işə qoşulublar. Fəallaşıblar. Cənab Prezidentin də, ölkəmizin rəhbərliyində olan şəxslərin də haqqında zaman-zaman iftiralar, böhtanlar, təhqirlər yazırlar.  Mənəviyyatsızlaşdırma prosesi gedir. İnsanlara yalan, böhtan məlumat verirlər. İnsanları söyüşə öyrədirlər. Daha müqəddəs heç nə qalmır. Mənəviyyatsızlaşdırdıqdan sonra əhalini istənilən tərəfə çəkmək olar.  Bu tək bizim dövlətimizə qarşı aparılan proses deyil. Zaman-zaman inkişaf etmiş ölkələrə qarşı da tətbiq olunan plandır”.
Deputat son vaxtlar bu planın aktivləşməsinin səbəbini belə izah edib:
“Son dövrdə bu prosesin aktivləşdirilməsinin də səbəbi şübhəsiz ki, Qarabağ cəbhəsində Azərbaycan-Ermənistan münaqişələrinin nizama salınmasında cənab Prezidentin tutduğu çox doğru, aydın və sərt mövqe ilə bağlıdır. Bu mövqe heç nədə heç kəsə güzəştə getməmək, hər bir məsələni Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqının milli mənafeyi çərçivəsində həyata keçirməkdən ibarətdir. Xüsusən Qərbi Azərbaycan İcmasının yaranması və fəaliyyətinin aktivləşməsi, eyni zamanda bizim bu məsələdə ziyalı olaraq öz fəallığımızı göstərməyimiz də səbəblər sırasındadır. FETÖ-çülərin də müəyyən qrupunun müəyyənləşməsi, bir qisminin həbs olunması heç şübhəsiz ki, bu insanları narahat edir. Beləliklə, cəmiyyətdə fikri yayındırmaq üçün sözü keçən adamları müxtəlif şantajlarla gözdən salmaq yolu götürüblər. Hesab edirəm ki, bizim cəmiyyətimiz də kifayət qədər ayıqdır. Düzü əyridən seçir. Belələrinə inanmaq lazım deyil”.