Cəmiyyət

Hər gün evi daşlanan Qarabağ qazisi özünü yandıracağını bəyan etdi – DİN-dən məsələylə bağlı açıqlama – VİDEO

Hər gün evi daşlanan Qarabağ qazisi özünü yandıracağını bəyan etdi – DİN-dən məsələylə bağlı açıqlama – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunun Bəydili kəndində yaşayan 1966-cı il təvəllüdlü Qarabağ qazisi Həşimov Asif Gülverdi oğlunun evi artıq bir aydır ki, daşa tutulur.

7times.az Qazilər.az-a istinadla xəbər verir ki, saytımıza danışan Asif Qazi polis bölməsinin yaşadığı problemə çox laqeyid yanaşdığını, məsələylə bağlı heç bir iş görmədiklərini bildirib.

II qrup əlil olan Qarabağ qazisi bildirib ki, Qarabağ boyda dərdi olan Azərbaycan polisinin 4-5 cinayətkarı tuta bilməməsi, vaxtiylə Vətənə xidmət edərkən sağlamlığından olan qazinin ailəsinin təhlükəsizliyinə bu gün biganə qalması onu çox sarsıdır:

“Artıq 28 gündür həyətimiz daşa basılır, 29-cu günə keçib. Daşı gündüz saat 11-12-dən gecə saat 1-2-ə kimi, hətta səhər saat 6-ya kimi də atırlar. Növbəylə atırlar, yəni bunlar hardasa 4-5 nəfərdir. Konkret olaraq yatmağa qoymurlar. Yəqin ki, məni vurub öldürmək istəsəydilər, onlarla üz-üzə gələrdim. Belə çıxır ki, bunlar sadəcə bizim ailəni qorxu içində saxlamaq istəyirlər. Belə də ki, mən heç nədən qorxmuram. Müharibədə tank sürərkən yanımda tankın snaryadı, qranadın snaryadı düşüb partlayıb. Bu qədər şeylər görən insan adi daşdan qorxmaz. Sadəcə ailə və uşaqlar üçün narahatam. Tək olsaydım, vallah, heç bir yerə şikayət etməzdim.

Məsələylə bağlı Biləsuvar Rayon Prokurorunun qəbulunda, 2 dəfə Biləsuvar Rayon Polis şöbəsinin rəisinin qəbulunda, həmçinin 5 dəfə Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar şöbəsində və Biləsuvar rayon İcra Hakimiyyətində olmuşam. Polislər gəlir, elə hər şüşə sındıqca, şəklin çəkib çıxıb gedir, “axtarırıq” deyirlər. Təsəvvür edin, 28-29 gündə hələ bir nəfər saxlanılmayıb.

Axırda dünən məcbur oldum Türkiyənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Erkan Özorala teleqram vurdum, vəziyyətin nə yerdə olduğunu bildirdim. Xahiş etdim ki, məni qəbul etsin. Həmçinin prezidentimizə də teleqram vuraraq bildirmişəm ki, başımıza bu oyunlar gətirilir. Ailə-uşaq qorxu içindədir. Məni qəbul etməsini və bizim təhlükəsizliyimizin təmin olunması barədə tapşırıq verməsini xahiş etmişəm.

Türkiyənin Azərbaycandakı səfirinə teleqram
Türkiyənin Azərbaycandakı səfirinə teleqram

Özüm II qrup Qarabağ əlili, Prezident təqaüdçüsüyəm. Bilənlər bilir mən necə Vətənə xidmət etmişəm. Maşım çıxmır, bilmirəm bu kimdir? Məni qorxutmaq istəyir, yoxsa “sındırmaq”..? Yaxşı, fikrin budursa, işini mənlə gör, ailəylə, uşaqla nə işin var?! Oğlumun 6 yaşı var, daşla necə vurdularsa, pəncərənin şüşəsi qırıldı, uşaq qaçanda barmağını kəsdi. Böyük qızımın 16 yaşı var, daşı atanda qırılan şüşə birbaşa dizinə batdı. Yeri şişib çirk eləmişdi. İndi evdə pəncərə qalmayıb, əksəriyyətini sındırıblar. Havalar artıq soyuyur, pəncərələri düzəltdirə bilmirəm, çünki sındırırlar, evdəkilər də soyuqdan artıq qrip olub. Biləsuvar rayon Polis Şöbəsi isə bu işə həddindən artıq çox yumşaq yanaşır. Bunların məqsədini başa düşə bilmirəm.

İstəyirəm ki, qırılan şüşələri dəyişim. Polis şöbəsinə bildirirəm, deyirəm, ay qardaş, soyuqdu, şüşələri dəyişmək lazımdı. Deyir səbr elə. Mən bilmirəm bu səbr hara qədər olacaq?

Anamın 80-ə yaxın yaşı var, şəkər xəstəsidir, artıq bu neçə gündə qorxudan şəkərin səviyyəsi qalxıb deyə barmaqları partlaq-partlaq olub. Bu günlər ərzində bir neçə dəfə təcili tibbi yardıma zəng etmişəm. Anam qorxudan şoka düşmüşdü, şokdan ayıldıblar.

İnanın, daha mən ölürəm. Bu dövlətə xidmət edəndə, gör kimə xidmət etmişəm, başı dik durmuşam. Bugünkü gündə isə mən anamın, ailəmin üzünə baxa bilmirəm, ölürəm. Ən azı ona görə ki, ailəmin təhlükəsizliyini təmin edə bilmirəm.

Bu boyda Azərbaycanın Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti var. Hamısına teleqram vurmuşam. Başa düşmürəm, daş atan 4-5 cinayətkarı tuta bilmirlər. Qarabağ boyda dərdimiz var, Qarabağı necə alacaqlar?! Çox maraqlıdı, tövbələr olsun, anlaya bilmirəm ki, bunlar nə oyun oynayırlar? Ola bilməz ki, bu boyda polis şöbəsi və onun işçiləri 4-5 şərəfsizi, alçağı tuta bilməsin. Özü də bilirlər ki, hardan atılır və necə atılır. Onların gözü qarşısında atılır. Post Patrul Xidməti gəlib dayananda daş 6 nəfər polisin yanında atılıb. Özləri də gözləriylə görüblər. Görürsənsə, bəs nəyə görə tutub aparmırsan. Aparanda da izahat alıb buraxırlar. Bir dəfə 6 saat polis evin qarşısında durmuşdu, o müddət ərzində bir daş da atılmadı. Deməli, məlum məsələdir də…

Məsələyə ciddi yanaşmadıqlarını gördüyüm üçün artıq polisdən şübhələnməyə başlayıram, demək daşı özü atdırır. Polis qanunla mənim və ailəmin təhlükəsizliyini təmin etməlidir. Polis bunu edə bilmirsə, demək, bütün günahların hamısı polisdədir. Mən gedib kimisə axtarmamalıyam. Polis nə üçündür? Əsayişi qorumaq üçün deyilmi? Zəhmət çəkib gəlib evimin qarşısında dursun. Çünki polis buna ciddi yanaşsaydı, mən asanlıqla deyərdim ki, polisdə günah yoxdur. Mən kiməsə böhtan ata bilmərəm. Konkret bir şeyi bilirəm ki, burda birbaşa günahkar polisdir, əsayişi qoruya bilmir!”

Qazi Asif Həşimov şübhələndiyi şəxslərlə bağlı bir neçə təxminlərini qeyd edib:

“Bundan əvvəl vəzifədə olan rəislə üz-üzə gəlmişəm, onun barəsində şikayətim var idi. Bilasuvar rayonunun Baş memarı ilə də qərəzli münasibətimiz var. Suvarma Sistemi İdarəsinin rəhbərliyi ilə mübahisəli məsələlərimiz olub. Belə ki, harda qanunsuzluqlar görmüşəm, konkret olaraq onlara qarşı məndə aqressiya yaranıb, yəni niyə bizi aldadırsınız, niyə milləti bu günə qoyursunuz? Məhz bu şeylərə görə həmişə mübahisəm olub. Bundan başqa, ötən il oğurluq olmuşdu, onları mən tutdum. Bunu polis şöbəsi də bildi. Bəlkə də həmin insanlardı?!

Daşlar konkret olaraq qonşu tərəfdən atılır. Qonşular da, hətta qızım da görüb. Sadəcə polis uşağın gördüyünü qəbul etmir, deyir onlar deyil. Yerləşdirdiyim kamerada görüntü də var, gecə görüntüsüdür deyə kim olduğunu tam müəyyən etmək olmur. Polis o görüntüləri də götürüb.

Təsəvvür edin evin içinə nə qədər daş tökülüb. Həmin o çay daşlarını polis apardı ki, guya barmaq izlərini aşkar edəcəklər. Heç nə eləmədilər. Bəs necə olur, 40 il bundan əvvəl ölən adamı qəbirdən çıxarıb barmaq izləriylə kim olduğunu müəyyən edirlər. Bəs bunu niyə polis tapa bilmir? Maraqlarının nə olduğunu bilmirəm, sadəcə onu deyə bilərəm ki, polis şöbəsində nəsə oyun var. Oyun olmasaydı, onlar iki dəqiqə ərzində daş atanların kim olduğunu tapardılar. Burda çətin heç nə yoxdu. Belə də ki, peykdə 2 sputnikimiz var, DTX isə bütün texniki avadanlıqlarla təchiz olunub, bu vasitələr də işə qarışardı. Elə bil bu iş Biləsuvar rayonunun hüquq-mühafizə orqan işçilərinə maraqlı deyil.

Polislər gəlib 2-3 saat müşahidə aparıblar, gözləriylə də görüblər ki, ev daşa basılır. Sonra da “qardaş bizim başımız çıxmadı” deyib çıxıb gedirlər.

Hətta mən 2 dəfə yeni təyin olunan polis rəisinin qəbulunda olmuşam, hər ikisində də məni səmimi qəbul edib. İlk dəfə qəbuluna düşəndə rəis mənə “siz bizi qoruyanda biz uşaq olmuşuq, indi növbə bizimdi” deyib. Mən də “növbə sizindirsə, buyurun! Biz qoruduğumuz kimi, siz də bizi qoruyun” dedim. Sadəcə olaraq nəticə yoxdur. Rəisə də bildirmişəm ki, nəticə yoxdursa, demək iş yoxdur”.

Qazi son olaraq qeyd etdi ki, artıq neçə gündür onun şikayətinə nəinki baxmırlar, hətta kobudluq edirlər:

“Təsəvvür edin, artıq iki gündür Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vururam, mənlə aqressiv danışırlar, xanım üstümə qışqırır. Görün nə vəziyyətə qalmışıq? Yeri gələndə mən onlarla aqressiv danışmalıyam, onlar mənimlə yox.

Biləsuvar rayon şöbəsinin növbətçisinə isə 5 gündən çoxdur ki, zəng edirəm, nömrəmi tanıdıqları üçün dəstəyi götürmürlər. Demək, gəlib bizi burda qırsalar da, güllələsələr də polis şöbəsi üçün fərqi yoxdur. Mən artıq dözə bilmirəm, 1 gün də (20 avqust) gözləyirəm, bu məsələyə baxan olmasa, sabah (21 avqust) ailəmi, uşaqlarımı polis şöbəsinin qarşısına yığıb özümü yandıracam”.

Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlama verib. O, Qarabağ qazisinin problemindən xəbərdar olduğunu bildirdi:

“Bu, çoxdankı məsələdir. Biləsuvar polisi dəfələrlə yaşayış yerinə gedərək elə bir halın baş vermədiyini müşahidə edib. Bildiyim qədəriylə qazinin şikayəti öz təsdiqini tapmır. Bu nə dərəcədə inandırıcıdı? Hamımız kənddə, rayonda böyümüşük.

Qazi Asif Həşimovu Biləsuvarın rəisi 3 dəfə, müavinləri isə 5-6 dəfə qəbul edib. Dəfələrlə evində 4-5 saat oturublar, heç bir daşatma olmayıb. Məcbur qalıb evinə də, həyətinə də 2 ədəd kamera quraşdırıblar. Kameralara baxılıb, heç bir daşatma müşahidə edilməyib. Bütün qonşuları daşöbəyə gətizdirilib, dindirilib. Qonşular bildiriblər ki, qazi adamdı, bizim onunla nə işimiz var?! Sadəcə bizi ətrafında görmək istəmir.

Hətta polis bölməsindən təklif edilib ki, bəlkə maddi imkanı yoxdu, evinin pəncərələrinin şüşələri dəyişdirilsin. Ona da imkan verməyib ki, pəncərələrimə əl vurmayın”.

Polis polkovniki Ehsan Zahidov qazinin işiylə bağlı əməliyyat-istintaq prosesindən də danışdı:

“Aparılan əməliyyat-istintaq prosesi nəticəsində bildirilib ki, daş çöldən dəyəndə şüşə qırıntıları evin içinə tökülür. Amma qazinin sınan şüşələrinin hamısı çölə tökülüb. Bundan başqa evinin 2 metrlik hasarı var. Şüşəsi sındırılan pəncərələrin bir neçəsi evin birinci mərtəbəsindədir. Hasarın qırağından o daşı necə atmalısan ki, o gəlib 2 metr hasarın üzərindən keçərək aşağıdakı birinci mərtəbənin pəncrəsinə dəysin.

Qeyd edim ki, qazinin evində 11 baş ailədir, ola bilsin ailə üzvləri arasında nəsə sıxıntıları var, ondan irəli gələrək qonum-qonşuyla ədavət yaratmağa çalışır. Çünki problem 4 aydır ki, mövcuddur. Əvvəlcə qonşulardan elə-belə şikayətlər edirdi, əhəmiyyət verilmədiyini görəndə evinin daşa basılmasıyla bağlı müraciətlər etməyə başladı.

Sonda Ehsan Zahidov qazinin özünü yandırmağa çalışmasıyla bağlı “narahat olmayın, qazimiz nəzarətimizdədir” deyərək qazinin həyati təhlükəsizliyinin qorunacağıyla bağlı rəislə danışdığını qeyd etdi.