“Hər şeyi əldə edən qadın niyə zəif insanla birlikdə olmalıdır ki? O, hər zaman istəyir ki, özündən daha güclü, daha imkanlı biri ilə birlikdə olsun. Bununla özünü, gələcəyini sığortalamaq istəyir. Roza Zərgərlinin sözləri kimlərisə qıcıqlandıra bilər, amma həyatda uğur qazanan hər bir qadının bu fikirdə olması normaldır. Bəlkə kimsə öz istəyini dilə gətirməyə utanar, çəkinər, amma Roza xanım açıq şəkildə etiraf edib”.
7Times.az bildirir ki, bunu Demokrat.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. Onun fikrincə, müasir dövrdə qadınların düşüncəsi ilə illər öncəki qadın düşüncəsi fərqlidir:
“Əvvəllər qadınlar indiki qədər özlərindən əmin, açıqsözlü deyildilər, sərt çıxışlar etmirdilər. Günümüzdə bunun əksini göstərən xanımlar var, cəmiyyətin qınaq və tənqidlərini nəzərə almayaraq öz fikirlərini ifadə edirlər. Hər bir insanın fikrinə hörmətlə yanaşmalıyıq, çünki hər insan fərqli ailədə böyüyür, fərqli çətinliklərdən keçir, düşüncələri də müxtəlifdir”.
Psixoloq qeyd edib ki, bu gün qızlarımızın çoxu təhsil almağa meyillənir, karyera qurmağa can atır, öz ayaqları üzərində durmağa bacarır:
“Mən bunu alqışlayıram. Ailədə ananın savadlı olması mütləqdir. Genetika da sübut edir ki, savad, intellekt səviyyəsi uşağa anadan keçir. Qadın müəyyən yaşa çatır, karyera qurur, demək ki, bu yolda əziyyət çəkib. Bir qadın heç vaxt yanında zəif kişi istəməz, karyera sahibi olmayan qadın belə bu istəkdə olur. İstəyir ki, yanında güclü kişi görsün, uşaqlarına yaxşı ata olsun.
Bəzi ailələrdə qadın kişidən çox qazanır, belə olanda da kişini əzməyə, öz üstünlüyünü sübut etməyə çalışır. Bu, özgüvəni olmayan qadınlara aiddir. Elə qadınlar da var ki, nə qədər çox qazansalar da həyat yoldaşlarına hörmət etməyi bacarırlar, ailələrini qoruyurlar”.
Xatırladaq ki, bir neçə gün əvvəl müğənni Roza Zərgərlinin “Xəbərin var?” verilişində söylədikləri diqqət çəkib: “Sevdiyim şəxs ən azından milyonçu olmalıdır. Yanımda olmaq istəyən bir kişi məndən qat-qat artıq pul qazanmalıdır”, – o bildirib.
Follow @7timesaz