Ötən gün Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib, dələduzluqla məşğul olan Babayev Aqil Zalış oğlunun həbsilə bağlı məlumat yaydı. Onun dini məclislər təşkil etdiyi, 20 ildən artıq dövr ərzində 50-yə yaxın vətəndaşı aldatdığı və pullarını mənimsədiyi bildirilir.
Nazirliyin məlumatında deyilir ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə, şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. Beləliklə, xeyli sayda inanclı insan özünü 12-ci İmam Mehdi adlandıran növbətı fırıldaqçının qurbanına çevrilib.
Xəbəri oxuyanda ağla gələn ilk suallardan biri də bu olur ki, 21-ci əsrdə, insan haqlarınının qanunlarla tənzimləndiyi bir dövranda İmam Mehdinin zühur etməsini niyə hələ də gözləyənlər və buna inanlar var? Bugünün texnologiya insanı hansı səbəbdən belə bir fövqəlqüvvənin gəlməsini və onları nədənsə xilas etməsini istəyir? Lap tutaq ki, imam hətta gəlsə, nəyi dəyişə bilər və ya dəyişməlidir?!
Azvision.az bu suallarla “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahinə müraciət edib.
– Bu inanc təkcə şiələrə aid deyil. Bütün dinlər, bütün islam məzhəbləri bir xilaskarın gələcəyini gözləyirlər. Məsələn, xristian dinində həzrəti İsanın zühur edəcəyi gözlənilir. Dünyada ədalətin bərqərar olması, Allah övliyyalarının insanlar arasında dəyərli olması bizim etiqadımızda da yer almış məsələdir. Quranda bu məzmunda ayələr var və orada göstərilir ki, yer üzü sonda sadiq qullarımıza miras qalacaq. Ancaq bu, bir çoxlarının düşündüyü kimi, kiminsə göydən düşəcəyi və dünyanı xilas edəcəyi anlamına gəlmir. Bu, tarixin gedişatının məntiqi sonluğudur,- deyir Hacı Şahin.
Həmsöhbətimizin sözlərinə görə, istənilən inancdan sui-istifadə edən insanlar var. Hətta aralarında özlərini peyğəmbər hesab edənlər də olur. Biz bu cür fırıldaqçıların qarşısını alarkən inancın özünü sual altında qoymamalıyıq. Əksinə, vətəndaşları maarifləndirməliyik ki, belə saxtakarların toruna düşməsinlər.
– İmam Mehdi kiməsə əlamətdar möcüzələr göstərmək üçün zühur etməyəcək. Bu fırıldaqçılar insanların etimadını qazanıb, sonra da onlara maddi və mənəvi zərbə vurular. Elə bir dövrə gəlib çatmışıq ki, dini maarifləndirmə təkcə dindarlara lazım deyil, bütövlükdə cəmiyyətə faydalıdır. Çünki belə saxtakarlardan gələn təhlükə yalnız dindarlara deyil, bütün cəmiyyətə zərər vurur. Ona görə də bu kimi məsələlərdə insanları aydınlatmaq, mahiyyətini çatdırmaq lazımdır.
– Bu, tək bizim ölkəmizdə yaşanan hadisə deyil. Təxminən bir ay öncə İranda at belində, əlində qılınc şəhərə girən şəxs özünü İmam Mehdi kimi qələmə verirdi. Hətta həmin “xilaskar” yerli polisə qılıncla müqavimət göstərirdi. Bir sözlə, hər ölkədə özünü İmam Mehdi hesab edənlər var. Bəs inanclı insanlar üçün İmam Mehdi necə biridir, hansı əlamətləri daşıyır?
– O cür insanlar psixi xəstə və ya vəziyyəti normal olmayan insanlardır. Ümumiyyətlə, Mehdi qılıncla niyə zühur etsin ki? Zühur deyəndə söhbət dünyanın mənəviyyata doğru hərəkətindən, bəşəriyyəti seyrindən gedir. Hədislərdə Mehdinin əlamətləri qeyd olunub. Orada onun missiyası və hansı məqsədlə zühur etməsi bildirilib. Konkret bir məzhəbə aid məsələ deyil. Şiə, əhli-sünnə məzhəbi həzrəti Mehdinin varlığını qəbul edir. Bu, birmənalıdır. Sadəcə olaraq, bu məsələlərə xurafat, fırıldaqçılıq qarşır. Quranla fala baxırlarsa, biz buna görə Qurandan imtina və ya onu inkar etməli deyilik. Hər bir inancdan istifadə edilə bilər.
– Mehdi “xilaskar”, “hidayət edən insan” alamını verir. Hüquqi dövlətdə yaşayan vətəndaşları fövqəl bir qüvvə hansı formada hidayət və ya xilas edə bilər? Və yaxud sualı belə qoyaq: İmam Mehdi dünyanı hansı formada dəyişə bilər?
– Söhbət dünyanı hansısa bir işarə ilə dəyişməkdən getmir. Tarixi dövr keçdikcə bəşəriyyət təkmilləşir. İnsanlarda nöqsanlar çoxalsa da, bir mənəvi təmizlənmə də olur. Bəşəriyyət elmi, intellektual baxımdan inkişaf edir, texniki tərəqqiyə nail olur. Bütün dinlər bizə vəd edir ki, insanlıq bütün bu böhranlardan keçib, nəticədə bir işıqlı dövrə daxil olacaqlar. Bu, pozitiv bir düşüncədir. Gələcəyə ümid yaradır. “Otur, gözlə, kimsə gəlib dünyanı dəyişəcək” deyən passiv bir inanc deyil. İnancın mahiyyəti bundan ibarətdir ki, sən özünü və ətrafını dəyişməlisən. Onun gəlişinə, zühuruna zəmin yaratmalısan. İnsanlar səhvən elə anlayırlar ki, dünya birdən dəyişəcək. Xeyr, dünya dəyişməyə doğru addım-addım gedir. Bəşər bir insan kimidir. Getdikcə böyüyür, təkmilləşir, bütün maneələri aşır və müsbətə doğru hərəkətdədir.
İnsanlara çağırış edirəm, adamların iddialarına görə deyil, davranışlarına uyğun onlarla rəftar edin. Kimsə gəlib “mən Alalhın dostuyam və ya peyğəmbərəm” deyə bilər. Bəzi fırıldaqçılar üçün bazar açılıb. Öz eybəcərliklərini, çirkinliklərini din pərdəsi altında gizlətməyə çalışırlar, etibar qazanıb istifadə edirlər. Biz elə bir dövrdə yaşayırıq ki, insanlar bir az inkişaf etməlidirlər, düşüncələrini dəyişməlidirlər. İnsanların hər iddiasını kor-koranə təsdiqləmək olmaz. Bir az diqqətlə baxıb, saxtakarı təyin etmək mümkündür. Bir az düşünün, Həzrəti Mehdi niyə gəlib insanlardan pul yığsın ki?! Belə adamları ayırd etmək üçün o qədər də dərin zəkaya sahib olmaq lazım deyil. Bəzən insanlar özləri aldanmaq istəyirlər. İllərdir ki, biz deyirik, danışırıq, amma hələ də fırıldaqçılara inanırlar.
Follow @7timesaz