“Alexander Historic Auctions” hərrac evi nasist Almaniyasının lideri Adolf Hitlerə məxsus qol saatını 1,1 milyon dollardan baha qiymətə satıb. Lakin bununla yəhudi təşkilatlarının tənqidinə tuş gəlib.
Qızıl saatın korpusunda qartal, svastika və alman nasist liderinin inisialları var. Lotun satıldığı məbləğ başlanğıc qiymətdən xeyli aşağı olub. Belə ki, aksesuardan iki milyondan dörd milyon dollara qədər qazanc əldə edilməsi nəzərdə tutulurdu.
7Times.az Sfera.az-a istinadən xəbər verir ki, hərrac evinin sahibi Hitlerin saatını Rober Minyu adlı fransız əsgərin uzaq qohumundan əldə edib. Əsgər isə bu saatı 1945-ci ilin mayında faşist Almaniyasının liderinin Bavariyadakı yay evindən oğurlayıb.
Hələ hərrac başlamamışdan əvvəl təşkilatçılar sərt tənqidlərə məruz qalıb. Avropa Yəhudi Təşkilatları Assosiasiyası belə əşyaların satılmasının iyrənc olduğunu iddia edərək hərracı ləğv etməyə çağırıb.
Assosiasiyanın rəhbəri, ravvin Menahem Marqolinin sözlərinə görə, nasizmin mirası muzeylərə aiddir, hərraca deyil. Holokostun təşkilatçısına məxsus əşyaların satışı isə, hərrac evi sahibinin iddialarının əksinə olaraq, nasist dövrünün dəhşətlərinin öyrənilməsinə heç bir töhfə vermir.
Follow @7timesaz