Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) Modern.az-a verilən məlumata görə, qurum tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirdiyi “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də qeyd olunan tarixlərdə fəaliyyət göstərəcək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli Qərarı əsasında fəaliyyət sahəsinə icazə verilən qurum və təşkilatlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda “icaze.e-gov.az” portalından icazə alınaraq hərəkət edə biləcəklər. Portaldan icazənin alınması üçün qurum və təşkilatların möhür səlahiyyətli şəxsləri müəyyən edilmiş əməkdaşları barədə məlumatları portala daxil edə bilərlər.
Sistemdən istifadəyə dair daha ətraflı məlumat üçün təlimat videosu :
Vətəndaşlar isə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 8103 qısa nömrəsinə SMS göndərməlidirlər:
1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 3 saat müddətinə verilir;
2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 3 saat müddətinə gündə 1 dəfə verilir;
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur.
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 “Çağrı” Mərkəzinə müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Sistemdən istifadəyə dair daha ətraflı məlumat üçün təlimat videosu :
Follow @7timesaz