Azərbaycanda bütün sahələrdə olduğu kimi, idarəetmə sahəsində də çevik addımlar atılır”.
Bunu “Unikal”a açıqlamasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun timsalında Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsinin şahidi olmuşuq:
“Artıq Naxçıvan Muxtar Respublikasında da Prezidentin xüsusi nümayəndəsi təyin olunub. Bu, idarəetmədə çevik addımların atılması, korrupsiya və xoşagəlməz halların qarşısının alınması üçün yeni yanaşmadır. Azərbaycanın digər iqtisadi rayonları üzrə bu cür nümayəndələrin təyin edilməsi zərurətdir. Bu addım atılacağı təqdirdə, yerli icra hakimiyyətlərinin səlahiyyətləri dəyişəcək. Bununla əlaqədar, yaxın gələcəkdə referendumun keçirilməsi ola bilər. İdarəetməyə daha kökündən dəyişikliklərin edilə bilməsi üçün referendumun keçirilməsi zəruridir. Amma buna qədər Azərbaycanda mərkəzi icra hakimiyyətlərinin regional idarəedilməsinə keçilib”.
Deputat qeyd edib ki, icra hakimiyyətlərində olan bəzi səlahiyyətlərin seçkili orqan olan bələdiyyələrə ötürülməsinin şahidi ola bilərik:
“Bu da nəticə etibarilə vətəndaşların yerlərdə daha rahat idarəetməyə cəlb edilməsini təmin edəcək. Vətəndaşların təşəbbüsləri, istəkləri daha çevik reallaşdırıla biləcək. Həmçinin, vətəndaşların yerli büdcənin formalaşmasında aktivliyi təmin ediləcək. Düşünürəm ki, Azərbaycanın bütün ərazilərində Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi davam etdiriləcək. Yaxın gələcəkdə idarəetmədə daha çevik və şəffaf yanaşmanın şahidi olacayıq”.
Follow @7timesaz