Ölkə

İlham Əliyev bütün dünyaya ELAN ETDİ: Ondan sonra aləm dəydi bir-birinə və ermənilər bizə müraciət etdilər ki…

İlham Əliyev bütün dünyaya ELAN ETDİ: Ondan sonra aləm dəydi bir-birinə və ermənilər bizə müraciət etdilər ki…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər. Biz də buna razılaşdıq. Onu da bildirməliyəm ki, 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Onu da bildirməliyəm ki, bu bəndi üçtərəfli Bəyanata saldıran məhz mənəm. Çünki 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, – danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparılırdı, Ermənistan rəhbərliyi, o cümlədən Rusiya özü də bu danışıqlarda fəal iştirak edirdi, – mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı”.

7Times.az xəbər verir ki, bunu avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə deyib.

Prezident daha sonra deyib:

Əlbəttə ki, bütün Qarabağda və Şərqi Zəngəzurda bildiyiniz kimi indi, genişmiqyaslı işlər aparılır, o cümlədən bu yolun tezliklə inşa edilməsi mənim tərəfimdən əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Biz bu yolu cəmi bir il ərzində inşa etdik, 32 kilometr uzunluğunda olan bir yoldur. Ondan əvvəlki dövrdə, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz bu yolun marşrutu ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlamışdıq. Yəni, bu yol öz-özünə yaranmadı. Biz bu yolu razılaşdırdıq. Bir neçə marşrut var idi və nəticədə bu marşrut seçildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Əgər başqa cür olsaydı, biz Rusiyanın müvəqqəti nəzarətində olan ərazidə necə yol inşa edə bilərdik? Yəni, bu, təbiidir. Əgər kimsə bizi ittiham etmək istəyir ki, biz nəyisə qanunsuz etmişik, yaxud da, hansısa birtərəfli addım atmışıq, qətiyyən belə deyil. Biz istənilən səviyyədə bunu sübut edə bilərik. İndi Rusiyanın rəsmi orqanlarına sorğu göndərilə bilər, necə bu yol tikilib bütün sənədlər var, bütün razılaşmalar var. Bu marşrut razılaşdırılmışdır. Əlbəttə ki, biz bu marşrutu Ermənistanla razılaşdırmalı deyildik. Çünki Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, Ermənistana bildirildi ki, Ermənistan sərhədinə çıxış hansı nöqtədən olacaq və onlar da öz tərəfindən yeni yolu o nöqtəyə gətirib çatdırmalı idilər. Amma əfsuslar olsun ki, bunu etmədilər. Nə üçün? Vaxtı uzatmaq üçün. Bunun başqa səbəbi yoxdur.

Biz bu yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət etdik və dedik ki, – çünki mən təxmin edirdim ki, onların necə deyərlər belə hoqqabazlığı olacaq, -təklif etmişdik ki, gəlin biz də sizin ərazidə yol tikək. Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna başlamaq demək mümkün deyil, çünki elə ancaq texniki-iqtisadi əsaslandırmasını bunlar indi işləyirlər. O vaxt ki, biz artıq rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərdik. Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni, bu, faktiki olaraq manipulasiyadır. Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır.

Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq.

Yəni, hadisə belə cərəyan etmişdir və buradan, bu hadisədən bir neçə nəticə çıxarmaq olar. Birincisi, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Biz bu yolu da və digər addımlarımızı da bu öhdəliklər əsasında atmışıq və işləri görmüşük. Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Bir də ki, onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünyada, bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi və nə üçün təklənməsi ona görədir ki, onlar haqsızdırlar. Onlar nahaq iş görürlər. Onlar hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər. Halbuki, mən onlara birbaşa demişəm özü də rəsmi qaydada. Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı. Ona görə vaxt uzatmaq onlara bir şey verməyəcək və eyni zamanda onlar başa düşməlidir bir nəticə də odur ki, Azərbaycan istədiyinə nail olur. Kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir.

Digər nəticə ondan ibarətdir ki, – mən bunu ilk dəfə deyirəm, çünki artıq bu prosesin təzahürləri var idi, sadəcə olaraq, yeni Laçın yolunun hadisəsi bunu daha da qabarıq şəkildə göstərdi, – Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirirlər. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil – nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar.

Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək və mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm. Yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki mən deyə bilərəm ki, biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, qoruyurdu yerli əhalidən, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar var idi orada. Bir müddətdən sonra onlar çıxıb getdilər və təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiyanın sülhməramlıları yox idi, ehtiyac yox idi. Bizim inşaatçılar oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi, təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Ermənistanın tarixində, nəinki Qarabağın, belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, bir il hələ keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir, mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli, sülhə xidmət göstərəcək.

Yenə də qayıdıram bu əsas mövzuya. Bu hadisələrin nəticələrindən, önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və atacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də, bilmirəm hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Bu hadisələr onu göstərdi ki, biz yenə də anlayışla yanaşdıq. Biz deyə bilərdik ki, yox, ayın 5-idir vəssalam, çıxın gedin, biz gəlirik, dururuq, kim bizi dayandıra bilər? Heç kim bizi dayandıra bilməz. Yüz minlik ordunu kim dayandıra bilər. Özü də Laçın yolu bizim ayağımızın altında. Etmədik onu. Nə üçün? Çünki bizdən xahiş etdilər. Biz də dedik ki, yaxşı gözləyək, ayın sonuna qədər. Yəqin ki, eşitmişiniz, indi orada yerli ermənilər, yəni, nüfuz sahibləri orada yaşayan insanlara deyirlər ki, amanın günüdür, evləri yandırmayın, damları uçurmayın, o santexnikanı çıxarmayın, aparmayın. Yəni, iki il bundan əvvəl bunu deyirdilər? Yox! İki il bundan əvvəl onlar qürurlanırdılar bundan. Ayıb olmasın, bəzi əşyaları belinə alıb harasa aparır, bütün dünyanın gözü qarşısında rəzil oldular. Amma indi deyirlər ki, sənin evin deyil. Sən buraya gəlmisən, nə vaxt gəlmisən sən buraya? 1994-cu ildə. Bəs o vaxta qədər kim yaşayıb burada? Azərbaycanlı yaşayıb, çıx get.

Bax belə, vəziyyət bundan ibarətdir və deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib. Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir. Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik. Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər.

Ona görə mən gələcəyə nikbinliklə baxıram. Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.