Ölkə

İran bu səbəbdən Zəngəzur dəhlizinə qarşı çıxır – “Laçın” təxribatı nəyə hesablanıb?

İran bu səbəbdən Zəngəzur dəhlizinə qarşı çıxır – “Laçın” təxribatı nəyə hesablanıb?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın Zəngəzur dəhlizinin açılmasına mane olması ilə bağlı verdiyi açıqlama çox mühüm əhəmiyyət kəsb edir və deyilən fikirlər faktlara söykənir.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Arzu Nağıyev deyib.

O bildirib ki, Zəngəzur dəhlizi məsələsi ortaya çıxandan bəri həqiqətən də İran Ermənistandan daha çox canfəşanlıq edərək bunun əleyhinə çıxış edib.

“Ermənistanı maraqlandıran dəhliz açılandan sonra onun necə idarə olunması və kimin nəzarət etməsi məsələsidir. İrəvan daha çox həmin dəhlizin giriş-çıxışında özünün gömrük və sərhəd-keçid məntəqəsinin yaradılmasını istəyir”, – o qeyd edib.

Əlavə edib ki, bundan daha çox narahat olan İrandır: “Tehran rejimi hesab edir ki, bu yoldan NATO ölkələri öz yüklərini daşıyacaq. ABŞ və İsrailin bu bölgəyə gəlişini məhz bu dəhlizlə bağlı olduğunu izah edirlər. O baxımdan da hər vəchlə bunun əleyhinə çıxıb, Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa və yaxud da prosesi uzatmağa çalışırlar”.

Deputat onu da bildirib ki, Zəngəzur dəhlizi beynəlxalq səviyyəli dəhliz olduğundan oradan təkcə avtomobil və dəmir yolu keçməyəcək, eyni zamanda digər kommunikasiyalar da keçə bilər.

O hesab edir ki, dəhlizin reallaşmasında çoxsaylı ölkələrin marağı olduğundan, İranın razılığı olmasa belə, reallaşdırmaq olar.

Ermənilərin Laçın sərhəd buraxılış məntəqəsinə hücum etmələri və nəticədə Azərbaycan sərhədçisinin yaralanması məsələsini şərh edən Nağıyev deyib ki, bu, ermənilərin sülh danışıqlarını pozub uzatmaq baxımdan törətdiyi təxribatdır: “Amma unudurlar ki, belə təxribatlar onların əleyhinə işləyir”.

Onun fikrincə, bu təxribatı törətməklə ermənilər KTMT məsələsini qabardıb prosesə cəlb etməyə çalışır: “Ancaq bunların heç bir əsası yoxdur. Birincisi, hələ də Azərbaycanla Ermənistan arasında dövlət sərhədi tam müəyyənləşdirilməyib. Digər tərəfdən isə Azərbaycan öz sərhədləri daxilində beynəlxalq hüquq və normalarına uyğun şəkildə sərhəd-buraxılış və gömrük məntəqəsi quraraq fəaliyyətini davam etdirir. Bununla gərginlik yaratmaq və bulanıq suda balıq tutumağa çalışırlar, amma bütün bu təxribatlar son nəticədə öz başlarında çatlayacaq”.