Ölkə

İran Ermənistanı HÜCUMA HAZIRLAYIR – Bakını hər tərəfdən…

İran Ermənistanı HÜCUMA HAZIRLAYIR – Bakını hər tərəfdən…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ordusunun yenidən silahlanması tendensiyası 2021-ci ilin fevralında müəyyən edilib. Ermənistan hakimiyyəti bu tarixdən etibarən yeni müasir ordu yaratmaq üçün ölkədə hərbi sənayenin inkişafı istiqamətində qəti addımlar atmaq niyyətində olduğunu bildirdi. Belə ki, Müdafiə naziri Arşak Karapetyan bəyan etmişdi ki, “Biz yeni silahlar almağı planlaşdırırıq, köhnə silahları almaqdan imtina etdik. Silahların az, lakin keyfiyyətli olması daha yaxşıdır. Əsas odur ki, bu silahın işlədiyinə əmin olaq”. Düşünürəm ki, keyfiyyət və işləklik məsələsinin vurğulanmasının mənası da aydındır”. 

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistan hazırda çox hiyləgər gedişlər edir:

“Avqustun 18-də Ermənistanın baş naziri Nikol Paşinyan da hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən Ermənistan Silahlı Qüvvələrində islahatlar və modernləşdirmə aparmaq niyyətində olduğunu açıqlamışdı. Şübhəsiz ki, bu, daxildən və regiondan olduğu qədər xaricdən, regiondan kənardan da təşviq edilir. İrəvanı isə bu məsələdə təkcə Ermənistanla, əslində isə regional əlaqələrə nəzarəti itirmək istəməyən Tehran deyil, görünür, mühüm kommunikasiya əlaqələrini ruslara verməməyə üstünlük verən, sülhün dəfnə çələnglərini daşıyan Qərb də dəstəkləyir. Bütövlükdə isə bu, özündə olduqca mürəkkəb kombinasiyaları ehtiva edən bir məsələdir.

Əvvəla, onu qeyd edək ki, Yunanıstanla Türkiyənin münasibətləri bəllidir. İran isə İsrailin Azərbaycanla həm də hərbi sahədə yaxın münasibətindən, İsrailin hərbi gücündən və mövqeyindən çox narahatdır. Bundan əlavə, Azərbaycan və İsrail arasında sıx əlaqələri nəzərə alaraq Tehran narahatdır ki, bu, İsrailin İrana qarşı kəşfiyyat, casusluq və təhlükəsizlik mövcudluğunu gücləndirəcək. Bu isə İranın absurd, xoflu, öz adını başqasına qoyma siyasətindən xəbər verir ki, məhz Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti cəmiyyətimizi daxildən parçalamağa hesablanmış İranın kəşfiyyat, casusluq şəbəkəsini bir-bir “dənləyir”.

Yenidən xarici siyasətə qayıtdığımız zaman Hindistan bloklara daxil deyil, mühüm hərbi imkanlara malikdir və Fransa Avropa Birliyində Türkiyəyə qarşı ən açıq şəkildə çıxış edən ölkədir. Deməli, Ermənistan ilk növbədə Azərbaycana qarşı İsrail və Türkiyəyə etimad göstərməyən dövlətlərdən istifadə edir. Həmçinin, Fransa və Yunanıstanın unikal Hərbi Müdafiə Paktı var. Bu isə o deməkdir ki, hər iki NATO üzvü xarici və ya daxili təhlükəyə qarşı müttəfiqdir ki, bu da Ermənistana sərf edən variantdır.

Nəticə etibarilə, Ermənistan Fransa və Yunanıstan olmaqla Türkiyəyə etimad göstərməyən xalqlarla daha sıx əlaqələr axtararkən regional dövlətlərlə, xüsusən də Rusiya Federasiyası və İranla əlaqə saxlayırsa, erməni diasporu da Avropa daxilində daha yüksək səviyyədə “iştirak etmək” planları cızır. Fransa Senatının qərəzli qətnaməsi də regiona müdaxilə baxımından əlini uzatması, nəticə etibarilə də uzanacaq əlin tutulması üçün Ermənistanın bükülmüş əl-qolunu yenidən açmağa hesablanıb. Hindistan məsələsinə yenidən dönsək, 44 gün sürən İkinci Qarabağ müharibəsinin qızğın vaxtında da bu ölkə Ermənistana dörd “Svati” (Swathi) radarı vermişdi.

Şübhəsiz ki, Ermənistan Azərbaycanın güc dinamikasında Türkiyənin rolu ilə bağlı geosiyasi baxımdan zəifdir. Həmçinin, İsraillə Azərbaycanın hərbi əməkdaşlığı Ermənistanın hərbi cəbhədə gərgin mübarizə aparmasının mümkünsüzlüyü anlamına gəlir. Buna görə də erməni strateqləri hesab edirlər ki, Ermənistan İranla əlaqələri gücləndirməli və bu çətin vəziyyətdə təhlükəsizliyini artırmaq üçün ABŞ, Fransa və Rusiya Federasiyası ilə əlaqə saxlamalıdır. Ermənistana açıq olan Hindistan və İran olmaqla hər iki ölkə pilotsuz uçuş aparatları və digər yeni hərbi texnologiyalar inkişaf etdirir. Ermənistan məhz bu rakursda diqqətini cəmləməli və məhdud resurslarını ağılla xərcləməli olduğu taktikasına gedir. Cənubi Qafqazın da əldən çıxmasını istəməyən Rusiya böhrana daha möhkəm yanaşır və Ermənistanı yenidən öz orbitinə qaytarır.

İqtisadi cəbhədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ermənistanın iqtisadi liderləri ilə texnoloji və müşahidə sahələrində hərbi-sənaye əməkdaşlığını gücləndirir. İranın hərbi şirkətlərinin rəhbərləri ilin əvvəlindən Ermənistana səfər ediblər. Bu ilin əvvəlində İrəvanda İran İxrac və İnvestisiya Mərkəzi yaradılanda İranın lazer, rabitə sistemi və dron istehsalçıları təmsil olunurdu.

Ermənistan uzun müddət İranın müttəfiqi olub. İkinci Qarabağ Müharibəsinin nəticəsi regionda geosiyasi və geoiqtisadi dinamikanı daha geniş dəyişdiyindən, bu ittifaq indi regional, əslində “makro-regional” əhəmiyyət kəsb etməyi hədəfləyir. Bu nəticə ondan irəli gəlir ki, Rusiya daha birbaşa İranla açıq hərbi və strateji əməkdaşlığa doğru irəliləyib”.