Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Novruz bayramı münasibətilə təbrik mesajı yayımlayıb. Nazirin tviter səhifəsində paylaşılan təbrikdə dahi Azərbaycan şairi Nizami Gəncəvi növbəti dəfə “İran şairi” kimi təqdim olunub.
“Novruz ümid müjdəsi və qələbə anıdır. İran şairi Nizaminin təbirincə desək, yaz fəslində ağacların çiçəklənməsindən öyrənirik ki: “Gəlin, bir seçim edək və ağacda bahar çiçəklənənə qədər çox çalışaq”. Yaxşı günlər qabaqdadır. 1402-ci ildə Novruz bayramınız mübarək. Ən xoş arzularla”, – deyə Abdullahian yazıb.
Bundan əvvəl İran XİN-in sözçüsü Nasir Kənani oxşar iddia ilə çıxış etmişdi. Azərbaycanlı nizamişünas alim Əzizağa Nəcəfov isə rəsmi Tehranın bu iddialarına cavab vermiş və yalan adlandırmışdı: “Nizami fars olmayıb, bunu faktlar təsdiqləyir”.
Ortada ciddi faktların olmasına baxmayaraq, İran rəsmiləri nəfəslərini dərmədən “Nizami fars şairidir” deməkdən yorulmurlar.
Politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, bu, Tehranın Azərbaycana qarşı illərdir həyata keçirdiyi təxribat planının bəndlərindən biridir.
“İmkanları olsa müasir tarixi də saxtalaşdırıb, digər böyük azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarı da “böyük fars” şairi adlandırarlar. Görəsən, biz də Firdovsi üçün “böyük ərəb şairi” desək, Tehranın reaksiyası necə olar? Əslində Tehran Nizamini “fars şairi” adlandırmaqla İranda yaşayan azərbaycanlıları da təhqir edir. Şəhriyarın Təbrizdə dəfn edildiyi “Şairlər məqbərəsi”ndə Nizaminin protretinin altında “böyük fars şairi” ifadəsi yer alıb. Əslində farslar Nizaminin onlardan biri olduğuna inanmırlar, əks halda böyüklü-kiçikli bütün şəhərlərdə Firdovsinin heykəllərini ucaldan rejim Nizamiyə də İranda eyni ehtiramı göstərər”, – deyə politoloq vurğulayıb.
Follow @7timesaz