Aktual

İrəvana SƏRT XƏBƏRDARLIQ: Artıq bəsdir, bu müddətə Xankəndi və Zəngəzur dəhlizi…

İrəvana SƏRT XƏBƏRDARLIQ: Artıq bəsdir, bu müddətə Xankəndi və Zəngəzur dəhlizi…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Ermənistanla yaxınlığı, oradakı erməni lobbisinin demək olar ki, bütün siyasi dairələrini ələ alması heç kimə sirr deyil. Amma bu, eyni zamanda o demək deyil ki, Fransa Avropa İttifaqının aparıcı üzvü kimi beynəlxalq hüququn bütün normativlərinə zidd davranaraq, işğalçıya dəstək nümayiş etdirməlidir. 

Əslində vəziyyətin gələcəkdə belə olacağı üç onillik əvvəldən təxmin edilmişdi. Hələ 1990-cı illərin ortalarında Fransa ATƏT-in Minsk Qrupuna gətiriləndə Ulu öndər Heydər Əliyev buna etiraz etdi və təcili olaraq Fransaya səfər edərək o vaxtkı dövlət başçıları Jak Şirakla Yenisey sarayında görüş keçirdi.

Həmin görüş zamanı Heydər Əliyev Jak Şiraka izah etməyə çalışıb ki, siz gərək Minsk Qrupundan imtina edəsiniz. Bu, geci-tezi Azərbaycanla Fransa arasında mübahisələrə səbəb olacaq. Çünki Fransada erməni lobbisi çox güclüdür. Sanki hələ o vaxt Ulu öndər artıq anlayırdı ki, əvvəl-axır erməni lobbisinin təsiri altında Fransa höküməti Azərbaycanın əleyhinə olan, heç bir beynəlxalq hüquqa sığmayan sərt qərarlar qəbul edə bilər və nəticədə Bakı ilə Paris arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq pozulacaq. Bu səbəbdən də Heydər Əliyev Jak Şiraka bu yükün altına girməməyi tövsiyyə etdi.

Bu hadisələrin üzərindən 30 ilə yaxın vaxt keçir. Bugünkü proseslər Ulu öndərin narahatlığının əbəs olmadığını, gələcəkdə hansı hadisələrin baş vermək ehtimalını düzgün götür-qoy etdiyini növbəti dəfə təsdiqləmiş oldu. Fransa prezidenti Emanuel Makron bu səhvi etdi. Bəli, səhv! Halbuki ondan əvvəlki prezidentlər Jak Şirak, Nikola Sarkozi və Fransua Olland ermənilərə simpatiyalarına baxmayaraq, Azərbaycan əleyhinə açıqlamalardan çəkinirdilər. Amma Makron belə olmalıymış kimi davrandı.

Fransanın hazırkı prezidentinin son bəyanatları, anti-Azərbaycan siyasəti, ermənipərəst mövqeyini açıq şəkildə bəyan etməsi deməyə əsas yaradır ki, Fransa siyasi hakimiyyəti hazırda tamamilə erməniləşib və 30 illik işğal dövründə bu proses daha sürətlə inkişaf edərək hazırkı mənzərənin ortaya çıxmasında onlar üçün önəmli dövr olub.

Baxmayaraq ki, günlər öncə Praqada baş tutan Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa liderləri arasında dördlü format əsasında görüş və müzakirələrin aparılması ideyası Makrona məxsus idi. Vasitəçi tərəfsiz olmalıdır. Amma Praqada Emanuel Makronun da iştirakı ilə dördtərəfli görüşdə güya ki, müsbət nəticələr əldə olundu, lakin həmin görüşdən qısa bir vaxt keçməsinə baxmayaraq əslində Makronun kimliyinə aydınlıq gəldi.

Fransanın aparıcı telekanallarından birinə verdiyi geniş müsahibə zamanı Makron təsdiqləmiş oldu ki, nə qədər qeyri-səmimi, ikiüzlü siyasətçidir. Belə bir qərəzli mövqe qarşılığında rəsmi Bakı Makronun prezidentliyi dövründə Fransanın Ermənistanla Azərbaycan arasında sülh təşəbbüslərinə vasitəçilik məsələsindən imtina edəcək.

Bunun ilk sinqalını elə məhz İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışı zamanı nümayiş etdirdi. O, Farnsa prezidentinə açıq mesaj verərək, Azərbaycanın xoşməramlılığından sui-istifadə edərək ünvanımıza təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdiyi üçün ən azı onun dövründə rəsmi Parisin Bakının əsas tərəflərdən olduğu bu cür ortamlarda yer almayacağının mümkünsüzlüyünü izah etdi:

“Bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.

Makron ermənipərəst mövqeyi ilə yalnız ölkəsinin vasitəçilik imkanlarına zərbə vurmadı, eyni zamanda elə Ermənistanı da çətin durumda buraxdı.

Elə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası ərəfəsində Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib. Eyni gündə Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Bundan başqa Lavrov deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana Avropa İttifaqının İrəvana göndərdiyi missiyaya bənzər qrup yollaya bilər.

Bu da bir daha Kremlin açıq-aşkar Avropa İttifaqının və ABŞ-ın fəallaşan vasitəçilik təşəbbüslərindən narahatlığını göstərən məqam kimi diqqət çəkdi. Xüsusilə Fransa prezidenti Emmanuel Makronun son ermənipərəst, anti-Azərbaycan, eyni zamanda anti-Rusiya bəyanatı vəziyyəti daha da qəlizləşdirdi ki, bu da Paris üçün qaş düzəltdiyi yerdə göz çıxarmağa daha çox bənzədi. Çünki Makronun sözügedən sərsəm bəyanatları Avropa İttifaqının təşəbbüslərinə kölgə salmaqla yanaşı Kremlin fəallaşması üçün yeni fürsət yaratdı.

Kreml bu fürsəti əldən verəcək kimi görünmür. Ona görə ki, Azərbaycanla Ermənistan arasında 3 vasitəçi – Rusiya, ABŞ və Avropa İttifaqı olduğu halda Fransa dördüncü vasitəçi kimi özünü proseslərə pərçimləməyə çalışdı. Rəsmi Bakı beləcə, Makronun ermənipərəst mövqeyini əlində rəhbər tutaraq Parisin vasitəçi təşəbbüslərindən imtina etdiyi bəyan etdi. Belə olan halda Bakı üçün ən optimal moderator kimi Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel gündəliyinin davamını və ilin sonuna kimi nəticələrini gözləməkdən başqa yolu qalmır.

Əgər o seçimi də Ermənistan özü Bakıya verməsə: Söhbət İrəvanın növbəti danışıqlarda da destruktivlik nümayiş etdirərək sülhə əngəl olmaq üçün yeni manipulyasiyalar istəyi ola bilər ki, bunun da hansı nəticələrlə yekunlaşacağını Azərbaycan Prezidenti Astanada Paşinyana və onun havadarlarına bəyan etdi:

2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.Milli.az