Sosial

“İstənilən an gərginliyin olması gözləniləndir” – Səxavət Məmməd 

“İstənilən an gərginliyin olması gözləniləndir” – Səxavət Məmməd backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycan arasında sülh sazişinni imzalanması üçün ABŞ-də xarici işlər nazirləri səviyyəsində görüşlər keçirildi. Bu görüşlərin növbəti raundu Moskva, Brüssel və Kişinyovda olacaq.

Hər nə qədər də danışıqlar baş tutsa da, iki ölkə arasında sülh müqaviləsinin imzalanması hələki baş tutmur, bunun yaxın zamanda olması da inandırıcı görünmür. Reallıq ondan ibarətdir ki, iki ölkə arasında sülh sazişinin imzalanması üçün xüsusi ciddi maneə yoxdur. Tərəflər ərazi bütövlüyü məsələsinə hörmət edir, rəsmi İrəvan Qarabağı Azərbaycan ərazisi kimi görür və qəbul edir. Bundan əlavə sərhədlər şərti də olsa demək olar ki, mövcutdur. Bunlarla yanaşı artıq Laçında sərhəd-buraxılış mənətəqi qurulub və fəaliyyət göstərir.

Belə olan halda iki ölkə arasında sülh müqaviləsi niyə imzalanmır?

Ermənistan baş naziri Nikol Paşinyana sülh müqaviləsi ilə bağlı sual ünvanlayıblar ki, 1 iyunda ola bilər? Paşinyanın cavabı belə olub: “Çox arzulayıram ki, müqavilə bağlansın”. Dolayısı ilə deyə bilərik ki, tərəflərə qalsa, müqavilə imzalana bilər. Görünən odur ki, tərəfləri müqavilə imzalamağa qoymayan güclər var. Bu güclər kənardan tərəfləri bir araya gətirən ölkələrdir. Belə ki, istər ABŞ, istər Rusiya, istərsə də Avropa İttifaqı çalışır ki, özlərinin regionda təmsilçiliyi üçün müqavilə onların diqtəsi ilə bağlansın. Yeri gəlmişkən vasitəçilik missiyasını üzərinə götürən ölkələrin heç biri Qarabağ probleminin bitməsini istəmirlər. Çünki Qarabağ probleminin tarix olması kənar güclərin regiondakı dövlətlərə təsir mexanizmini əlindən alır.

Rusiya Qarabağa status təklif edir, ABŞ hüquq və azadlıqlar tələb edir, Avropa İttifaqı da həmçinin. Belə olan halda tərəflər heç cür ortaq məxrəcə gələ bilmir. Rəsmi İravan hər dəfə Qarabağ yükündən qurtulmaq yönündə açıqlama verir, ancaq vasitəçilər mütləq şəkildə sülh müqaviləsinə Qarabağı əlavə etmək istəyirlər.

Açıq şəkildə demək lazımdır ki, Qarabağ kartı regionda marağı olan ölkələr üçün olmazsa olmazlardandır. Məsələ bununla da yekunlaşmır. Qarabağda qeyri-qanuni erməni silahlıları mövcutdur. Ərazidə hətta erməni əhalisi olmasa belə onların olması təhdid sayılır. Azərbaycan ordusu sərhədlərin bərpası işini tamamilə yekunlaşdırıb. Bu o anlama gəlir ki, Qarabağdakı qeyri-qanuni silahlılar tamamilə mühasirədədir. Dolayısı ilə Azərbaycan ordusu vəziyyətə nəzarət edir. Ancaq bölgəni qarışdırmaq istəyən güclər üçün silahlıların orda qalması gərginliyi artırıb-azaltmaq baxımından çox önəmlidir.

Vasitəçilik missiyasını üzərinə götürən ölkələrin hər biri Qarabağda yaşayan ermənilərin statusundan, hüquq və azadlıqlarından danışır, ancaq ordakı silahlıların gələcək taleyindən danışmır. Dolayısı ilə Azərbaycan daxilində silahlı qrupun olmasını görməzdən gəlirlər. Ona görə də, istənilən an gərginliyin olması gözləniləndir.

Qarabağda qanunsuz silahlıların tərksilah edilməsi Azərbaycan tərəfinin yükünü xeyli dərəcədə azaldacaq. Ordu artıq dislokasiya yerinə qayıdacaq, xərclər azalacaq. Yəni, bu cür vəziyyətin davam etməsi ölkəni təkcə siyasi olaraq yox, maddi baxımdan da gərginlikdə saxlayır.

Rəsmi Bakı çalışır ki, o silahlılarla bağlı problemi qansız həll etsin. Məsələ ondadır ki, bunun dinc yolla həll olması real görünmür. Çünki Qarabağdakı silahlılar təkcə Ermənistan ordusunun qalıqları deyil. Orda Rusiyanın, Fransanın və İranın təsir dairəsində olan qruplar mövcutdur. Ona görə də, həmin qrupların necə davranacağı həm də o ölkələrin maraqları və Azərbaycanla münasibətinə bağlıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi danışıqların bu cür vaxt uzadıcı və nəticəsizliklə davam edəcəyi təqdirdə hərbi əməliyyatlara əl ata bilər.

Qarabağdakı silahlılarla bağlı başqa bir məsələ də var. Onların yalnız bir qismi Ermənistana qayıda biləcək. Çünki onlar Ermənistan vətəndaşlarıdır və müdafiə nazirliyinin tabeçiliyindədirlər. Onların da böyük hissəsi zabitlərdir. Yerdə qalanlar isə Qarabağ klanı nümayəndələri və xarici vətəndaşlardır. Paşinyan hökuməti onların Ermənistana keçməsini istəmir. Çünki həmin silahlılar Paşinyanın siyasi rəqiblərinin tərəfdarları sayılırlar. Yeri gəlmişkən həmin silahlılar Paşinyan tərəfindən istənilmədiklərini bilirlər. Paşinyanın Qarabağla bağlı siyasətinə diqqət etdikdə, o, separatçı rejimə öz adamlarını gətirməyə çox cəhd göstərdi, ancaq baş tutmadı. Dolayısı ilə Paşinyan da həmin qruplardan narahatdır.

Görünən odur ki, sülh sazişi real görünmür və tərəflərdən aslı deyil.

Səxavət Məmməd

7Times.az