“Sözün düzü yay istirahəti etməmişəm. Çünki çəkilişlərim bitmişdi, toylara start verdilər. Biz sənətçilər üçün də toy maddi qazanc yeridir. Hər gün toylarda oldum. Məhərrəm ayı daxil oldu, toylar artıq yoxdur. İndi də baş qarışıqdır. Mən aktrisa olmaqla yanaşı həm də evimin xanımıyam. Qışa hazırlaşıram, tədarük görürəm. İmkan olsa 3-4 günlük bəlkə harasa gedib, istirahət edərəm”- bunu Moderator.az-a açıqlamasında aktrisa Sonaxanım Əliyeva deyib.
Aktrisa daha sonra oynamaq istədiyi obrazlardan danışıb:
“Rejissorlar məni daha çox mənfi obrazlarda görürlər. Bilmirəm niyə? Amma mən ruhuma yaxın obrazlar oynamaq istərdim. Məsələn, tənha, əzab-əziyyət çəkən qadın obrazları oynamaq istəyirəm. İnşallah ki, bundan sonra oynayaram. Axı indi o qədər də çox film və serial çəkilmir. Pandemiyaya görə bu sahədə də durğunluqdur” deyə aktrisa bildirib.
Sonaxanım Əliyeva ikinci dəfə ailə həyatı qurmamağının səbəblərindən də danışıb.
“Vaxtilə istəsəydim bəlkə də 50 min dəfə ailə qurardım. Bu sözüm özündən razılıq kimi anlaşılmasın. Amma qarşımda öz tələblərimə uyğun, özüm kimi insanı görmədim. Üstəlik də mənim üzərimə böyük məsuliyyət düşürdü. Anam, qızım var idi. Mən onları bölüşdürə bilmirdim. Buna görə ailə həyatı qurmadım. İndi də ailə qurmaq üçün təkliflər gəlir, amma ürəyim istəyən insanı görmürəm. Çünki ürəyim istəyən insan tam fərqli bir insan olmalıdır. Demirəm ki, ailə quracağım kişi kosmosdan gəlməlidir, amma ən azından sözü, əməli düz, əsl kişi xarakterli olmalıdır. Belə olan halda niyə də evlənməyim? Amma çox təəssüf ki, bu cür insan qarşıma çıxmayıb. Bir çoxu düşünür ki, efir adamısansa milyonların başından tökülür, ailə həyatı qurum, xanım məni saxlasın. Amma belə deyil, qadın ər çörəyi yeməlidir, ər qadın çörəyi yeməməlidir. Buna görə də ailə həyatı qurmaq istəmirəm” deyə aktrisa bildirib.