İyun ayında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan bir sıra təhsil müəssisələrinə direktor təyinatları həyata keçirilib.
“7Times.az” xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Ülkər Meydiyeva Xaçmaz rayon Çaykənarı tam orta məktəbinə, Kənan Məmmədli Xaçmaz rayon Seyidlər ümumi orta məktəbinə, Mətanət Hüseynova Xaçmaz rayon Padar ümumi məktəbinə, Aslan Absəlimov Xaçmaz rayon Sayad tam orta məktəbinə, Romik Tağıyev Xaçmaz rayon Ləcət orta məktəbinə və Orxan Rzayev Xaçmaz rayon Həbibkənd ümumi məktəbinə direktor təyin edilib.
Xaçmaz rayon Seyidlər ümumi məktəbinə direktor təyin edilən Kənan Məmmədlinin bu təyinat üçün 4 min manat məbləğində rüşvət verdiyi ilə bağlı iddialar mövcuddur. Artıq bir neçə mənbə tərəfindən səsləndirilən bu iddialar demək olar ki, bütün rayon ictimaiyyətinə məlumdur. Etibarlı mənbənin “7Times.az”a verdiyi məlumata görə, Kənan Məmmədli bu informasiyanı bir neçə dəfə özü də ifadə edib. Bildirilir ki, bu vəsait zəruri bir tələb kimi yox, sadəcə “kiçik bir şirinlik” kimi təqdim edilib.
Məsələ ilə bağlı adı hallanan Kənan Məmmədli ilə əlaqə saxlayıb mövcud iddialarla bağlı mövqeyini öyrənməyə çalışdıq. Kənan Məmmədli ona ünvanladığımız sualları dinlədikdən sonra bu iddiaların həqiqətə uyğun olmadığını bildirib və direktor təyin edilmək üçün heç kimə heç nə vermədiyini vurğulayıb.