Suriya Azərbaycanla daha böyük layihələr çərçivəsində əməkdaşlıq etməyi planlaşdırır.
“APA-Economics”in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə-Suriyə qaz boru kəmərinin açılışı çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir jurnalistlərə açıqlamasında bildirib.
“Artıq Azərbaycan qazının Türkiyə ərazisi ilə Suriyaya çatdırılması üzrə açılış mərasimini etdik. Boruların 6 milyon kubmetr qazın daşınması potensialı mövcuddur. Sadəcə ilkin olaraq 4,3 milyon kubmetr təbii qazın ötürülməsi həyata keçiriləcək. Azərbaycanlı qardaşlarımıza bu fürsətə, dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm”, – nazir qeyd edib.
Nazir onu da vurğulayıb ki, bu, sonuncu layihə deyil:
“Bundan sonra da daha böyük layihələrimiz olacaq. Bir az öncə qardaşım Mikayıl Cabbarovla görüşdə də biz digər görüləcək işlər barəsində daha geniş şəkildə danışıqlar apardıq. Azərbaycan və Suriya arasında texniki qrupların qarşılıqlı şəkildə səfərləri təmin olunacaq. Həmçinin Azərbaycanın Suriyada investisiyalara dair proqramlarını və layihələrini müzakirə etdik”, – nazir vurğulayıb.
Boru kəmərinin açılış mərasimi keçirilib
Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
İllik 1,2 milyard kubmetrlik nəql planlaşdırılır
Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Follow @7timesaz