Sosial

Könül Nurullayeva gəncləri narahat edən məsələləri gündəmə gətirdi

Könül Nurullayeva gəncləri narahat edən məsələləri gündəmə gətirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Könül Nurullayeva büdcə müzakirələri zamanı seçildiyi Nizami rayonunda uzun illərdən bəri qalmış, həllivacib sosial-iqtisadi məsələləri də yenidən gündəmə gətirib. Bildirib ki, Keşlə qəsəbəsində yaşayan sakinləri narahat edən, uzun illər müxtəlif səbəblərdən həll edilməmiş əsas problemlərdən biri də, qəsəbədən keçən Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Mirzə Ələkbər Sabir küçəsinin yenidən qurulması və genişləndirilməsidir: “Aidiyyəti dövlət qurumlarına etdiyim müraciətlər əsasında qeyd olunan məsələnin həlli üçün böyük məbləğdə maliyyə vəsaitinin tələb olunacağını nəzərə alaraq, İqtisadiyyat Nazirliyi dövlət vəsaitindən səmərəli və qənaətlə istifadənin vacibliyi baxımından mövcud problemin həlli məsələsini Bakı Nəqliyyat Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsas götürülməklə məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunanları nəzərə alaraq, 2023-cü ilin dövlət investisiya xərcləri çərçivəsində bu önəmli məsələnin həllinə, həmçinin, Nizami rayonu Keşlə qəsəbəsində 250-dən çox ailənin yaşadığı Pəhlivan Fərzəliyev və Mətləb Ağayev küçələrinə kanalizasiya xəttinin çəkilməsi üçün aidiyyatı qurumlara müvafiq maliyyə vəsaitinin ayrılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.”
K.Nurullayeva eyni zamanda Nizami rayonunda yerləşən binalarda istilik sistemilə bağlı mövcud problemləri də xatırladıb: “Binaların istilik sistemi ilə təmin olunması ilə bağlı “Azəristiliktəchizat” ASC-yə son illlər ərzində müxtəlif vaxtlarda dəfələrlə müraciətlər edilmiş, hər dəfə maliyyə təminatının olmaması səbəbindən təmir-bərpa işlərinin növbəti investisiya proqramında nəzərə alınacağı bildirilmişdir. Lakin növbəti investisiya proqramının zamanı haqda heç bir məlumat verilməmişdir.” K.Nurullayeva sözügedən məsələnin növbəti investisiya proqramına salınmasını xahiş edib.

Deputat həmçinin gənc tələbələri narahat edən məsələrlə bağlı da təkliflər irəli sürüb: “Bu gün gənc tələbələrin üzləşdiyi ən böyük problemlərdən biri də onların mənzil şəraitinin, yataqxana probleminin həlli ilə bağlıdır. Bu gün ölkədə yataqxana təsərrüfatının demək olar ki, heç bir mövcud standartı yoxdur. Düşünürəm ki, bu məsələni həll etmək, minlərlə tələbə gəncimizin yaşayış şəraitini yaxşılaşdırmaq üçün dövlət büdcəsindən bu istiqamətdə hər hansı bir formada vəsaitin ayrılması nəzərdə tutulmalıdır.”

Deputat həmçinin idman və gənclər sahəsinə 2023-cü il üçün verilən proqnozun cari illə müqayisədə 2 milyon 409 min 712 manat artaraq 46.3 milyon manat təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu da dövlətin idman və gənclər sahəsinə xüsusi önəm verməsinin göstəricisidir. Deputat həmçinin gənclərin məşğulluğuna da diqqət çəkib: “Gənclərin məşğulluğunun təminatına yönələn uzunmüddətli proqramların hazırlanması və xüsusilə də regionlarda belə proqramların tətbiqi üçün büdcədən müəyyən maliyyə vəsaitlərinin ayrılması əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. Əsas önəmli məsələlərdən biri də prioritet sahələrə ayrılan büdcə vəsaitlərinin düzgün, səmərəli və qənaətlə istifadə olunmasının yoxlanılması, büdcə vəsaitlərinin istifadə edilməsi üzrə maliyyə nəzarəti mexanizminin yaradılması və tətbiqidir. Yalnız bu zaman qarşıda duran bütün vəzifələrin öhdəsindən gəlmək mümkün olar.“