İran Türkiyə-Səudiyyə-Pakistan sazişinə münasibət bildirdi

İran Türkiyə-Səudiyyə-Pakistan sazişinə münasibət bildirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasındakı “Məkkə razılaşması”nı dəyərləndirib və regional təhlükəsizliyin xarici aktorlara həvalə edilə bilməyəcəyini bildirib.

7Times.az xəbər verir ki, Bəqayi keçirdiyi mətbuat konfransında gündəmdəki məsələlərə münasibət bildirib.

Pakistan-Səudiyyə Ərəbistanı-Türkiyə razılaşması

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasındakı razılaşmanı dəyərləndirən Bəqayi bu inkişafın region ölkələrinin təhlükəsizlik anlayışındakı dəyişikliyin göstəricisi olduğunu deyib.

Onun sözlərinə görə, region ölkələri son iki-üç ildə baş verən hadisələri nəzərə alaraq təhlükəsizliyin “saxta təhlükəsizlik vasitəçilərindən satın alına biləcək bir əmtəə” olmadığını anlayıblar.

İran XİN sözçüsü bildirib ki, Tehran həmişə region ölkələrini əməkdaşlığa və qarşılıqlı etimadın gücləndirilməsinə təşviq edib.

Bəqayinin sözlərinə görə, regional təhlükəsizlik regiondan kənar aktorlara arxalanmadan, bölgə ölkələrinin öz imkanları hesabına təmin edilməlidir. O, bu baxımdan Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasındakı razılaşmanın diqqətə alınmalı olduğunu vurğulayıb.

“İsrail regiondakı ən böyük təhdiddir”

Bəqayi bildirib ki, region ölkələri təxminən üç il əvvəl baş verən oktyabr hadisələrindən sonra Fələstinin müstəmləkəçi üsullarla aradan qaldırılmasına yönəlmiş planın həyata keçirilməsi, Qəzzada müharibə və İsrailin Livan və regionun digər ölkələrinə hücumlarından sonra sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün ən böyük təhdidin İsrail olduğu qənaətinə getdikcə daha çox gəlirlər.

O qeyd edib ki, İsrailin “Böyük İsrail” adlandırdığı layihə, həmçinin Livan və Suriyaya hücumları və aralarında üçtərəfli razılaşmada iştirak edən ölkələrin də olduğu bir sıra regional dövlətlərə qarşı təhdidləri bu qənaəti gücləndirib.

Bəqayi bildirib ki, region ölkələri artıq əvvəlki kimi təhlükəsizliyi ABŞ-ın təmin edəcəyi iddiasına etibar edə bilməzlər.

“ABŞ regiondakı qeyri-sabitliyin səbəblərindən biridir”

İran XİN sözçüsü ABŞ-ın da regiondakı qeyri-sabitliyin səbəblərindən biri olduğunu söyləyib.

Bəqayi deyib ki, ABŞ-ın İsrailə genişmiqyaslı dəstəyi, eləcə də bu ölkəyə siyasi və informasiya baxımından verdiyi müdafiə və “qalxan” olmasaydı, İsrail regiondakı əməllərini bu qədər cəzasız şəkildə davam etdirə bilməyəcəkdi.

“Regionda təhlükəsizlik bölünməzdir”

Bəqayi regiondakı təhlükəsizliyin bir-birindən ayrı nəzərdən keçirilə bilməyəcəyini vurğulayıb.

Onun sözlərinə görə, regionun tarixi və geosiyasi reallıqlarına əsaslanan, düşmən və təhdidi düzgün müəyyənləşdirən hər bir plan təhlükəsizliyin gücləndirilməsinə töhfə verə bilər.

Modern.az