Laçın-Xankəndi yolunun Rusiya sülhməramlılarının nəzarətində olan bir hissəsində azərbaycanlı eko-aktivistlər və vətəndaş cəmiyyəti üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyasına Azərbaycan könüllüləri və gənclər də qoşulub.
Bu barədə “7Times.az”a Azərbaycan Könüllü Təşkilatları İttifaqından məlumat verilib.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdə təbii sərvətlərimizin qeyri-qanuni yolla istismarı və talanması, bununla təbiətə və ekologiyaya ciddi xələl gətirilməsinə haqlı olaraq etiraz edən ekoloji fəallara dəstək olan könüllü gənclər “Ekoloji terrora son”, “Rusiya sülhməramlıları ekoloji terrora göz yumur”, “Sülhməramlılar öz missiyasını düzgün yerinə yetirməlidir”, “Gənclər ekoloji təcavüzü dayandırmağı tələb edir” kimi şüarlar səsləndirərək dünya ictimaiyyətinin diqqətini baş verən bu qanunsuzluqlara göz yummamağa çağırıblar.
Onlar digər nümayişçilər kimi Rusiya sülhməramlılarının komandanının aksiya iştirakçılarının önünə çıxıb hesabat verməsini, əvvəl razılaşdırıldığı kimi Azərbaycanın ekspertlərinin sülhməramlıların nəzarət etdiyi ərazilərdə monitorinq aparmasına şərait yaradılmasını, sülhməramlıların öz vəzifə səlahiyyətlərini aşmamasını və qanunsuz hərəkətlərin iştirakçılarına çevrilməməsini tələb ediblər.
Könüllü gənclər qanuni tələblərinin yerinə yetirilməsinədək aksiyaya davam etmək niyyətindədirlər.