“Koronavirus əvvəlki gücündə davam edir. Sadəcə sərt karantin rejimi yumşaldığına görə insanlar sanki virusun yox olduğu qənaətinə gəlib. Bu səbəbdən son günlər arxayınlaşma olduğu üçün yoluxma sayında artım müşahidə edilir”.
7times.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikası Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov bildirib.
Radioloq qeyd edib ki, peyvəndin hazırlanması ilə bağlı dünyanın bir çox mərkəzlərində çalışmalar aparılır.
Dosent bəzi mərkəzlərdə peyvəndin hazırlanmasında artıq 3-cü mərhələyə keçildiyini bildirib: “Amma Rusiya və Çində peyvəndin hazırlanmasında 3-cü mərhələ keçmədən insanlara tətbiq edilməyə başlanıldı. Bu sözsüz ki, düzgün deyildi. Çünki ən azı 3-cü mərhələdə 20-30 min insan üzərində test aparılmalı və nəticələr alınmalıdır. Bundan sonra peyvəndin təhlükəsiz və qoruyucu olmağı ilə bağlı konkret fikrə gəlib test tətbiq oluna bilər”.
Doktor açıq havada və sosial məsafəni qorumaqla iaşə obyektlərinin açılmasının hər hansı problem yaratmayacağını da bildirib:
“Çünki virusun açıq havada keçiciliyi daha az olur. Bu halda da sosial məsafəni qorumaq başlıca şərt olmalıdır. İlk başdan da açıq havada olan xidmət obyektlərinin fəaliyyəti təmin edilməli idi”.
Dosent vurğulayıb ki, payız aylarında yoluxmada ikinci dalğa ola və digər virus infeksiyalarının da artması müşahidə oluna bilər.
Şöbə müdiri insanların bu iki halı birdən yaşama ehtimalının da yüksək olduğunu söyləyib.
Rasim Bayramov onu da əlavə edib ki, ictimai nəzarət mexanizmi güclü olmalıdır: “Avropada, Türkiyədə də ictimai nəzarət mexanizmi çox yaxşı işləyir. Bir insan maskasız rahat hərəkət etdiyi halda, ətrafdan ona etirazlar, tələblər bildirilir. Çünki bu virus bütün dünyada qəbul edilib. Sadəcə iki yol var. Maska taxmaq və gigyenik qaydalara riayət etmək. Bundan başqa hələlik virusdan qorunmaq üçün heç bir effektiv təsir yoxdur”.
Follow @7timesaz