Koronavirusa yoluxan tanınmış jurnalist və televiziya aparıcısı, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu bu gün vəfat edib.
Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülmüş, süni tənəffüs aparatına qoşulmuşdu. Təəssüf ki, həmkarımızın müalicəsi nəticəsiz qaldı
Əslən Zəngilan rayonundan olan Elnur Əşrəfoğlu 19 iyun 1974-cü il tarixində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib.
1992-ci ildə “525-ci qəzet”də jurnalist kimi əmək fəaliyyətinə başlayıb.
E.Əşrəfoğlu jurnalistikaya – “525”ə gəlişi barədə belə demişdi:
“Jurnalistikaya marağım çox idi. Səbuhi (jurnalist Səbuhi Məmmədli-red.) mənə “525-ci qəzet”də işləməyi təklif edəndə, düşünmədən qəbul etdim. Redaksiya “Azərbaycan” nəşriyyatı ilə üzbəüz binanın 1-ci mərtəbəsində – “Müxalifət” qəzetinin redaksiyasında yerləşirdi. 2 balaca otaq idi, qəzeti hazırlamaq üçün lazımi avadanlıqlar yox dərəcəsindəydi. Buna baxmayaraq, ilk gündən o balaca otaqlardakı atmosfer mənə xoş gəlmişdi. “525-ci qəzet” elə ilk sayından öz sözünü deməyi bacarmışdı. Qəzet nəyə görə populyar idi? Çünki kollektiv gənclərdən təşkil olunmuşdu, sərbəstlik var idi, qəzetin yaradıcısı Rəşad Məcid heç kimin işinə qarışmırdı. Bu, gənclərə rahat işləməyə, öz ideyalarını həyata keçirməyə imkan verirdi…
…Burada böyük bir məktəb keçdim. “525”də 1993-cü ilin payızına kimi işlədim. Qısa müddət “7 gün” və “Azərbaycan” qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasına işə düzəldim. 1994-cü ildə sonradan xeyli populyarlıq qazanan “Sport daycest” müəllif verilişimi hazırlamağa başladım. Burada “525”də öyrəndiklərim karıma gəldi”.
E.Əşrəfoğlu ilk vaxtlar AzTV-nin “7 gün” proqramı üçün kiçik süjetlər hazırlayıb. Sonra “Səhər” proqramında idman şərhçisi kimi çalışıb.
1994-cü ildə AzTV-də müəllifi olduğu “Sport digest” əyləncəli idman televiziya verilişindən sonra məşhurluq qazanıb. Müxtəlif vaxtlarda AzTV-nin “Xəbərlər” Baş redaksiyasında böyük redaktor, “İdman proqramları” Baş redaksiyasında baş redaktor vəzifələrində çalışıb.
1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.
Vaxtilə Azərbaycan Televiziyasında efirə gedən “Zirvəyə doğru: Sidney-2000”, “Afina-2004”, “Pekin zəfərləri”, “Milli Olimpiya Komitəsi-10 il”, “Professor”, “9 nömrəli oyunçu”, “Böyük hokkey”,”Sehrbaz” və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub.
16 il AzTV-də işləyib.
2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra “Neftçi” futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb.
2011-ci ilin oktyabr ayında “Space” TV-də İdman departamentinə rəhbər təyin olunub. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olunub.
Elnur Əşrəfoğlunun koronavirusa yoluxduqdan sonra vəziyyətinin ağırlaşmasına səbəb bir böyrəyinin 10 il əvvəl ağır xəstəliklə bağlı götürülməsi olub.
Evli idi, 2 azyaşlı övladı qalıb.
Allah rəhmət eləsin…
Modern.az
Follow @7timesaz