Kraliça II Elizabetin ölümündən sonra kral ailəsində əmlak bölgüsü dəyişib.
Sfera.az bildirir ki, kraliçanın hakimiyyəti dövründə ailə sərvətinin 20 milyard funt-sterlinqə çatdığı müəyyən edilib. Yeni əmlak bölgüsünə əsasən, ailənin ən zəngin üzvü yeni vəliəhd şahzadə Uilyam olub.
Belə ki, atasından 685 yaşlı Kornuol hersoqluğunu miras aldıqda onun sərvəti 900 milyon funt-sterlinqi keçib. Şahzadəyə həmçinin anası Dianadan 10 milyon, nənəsindən isə 7 milyon funt-sterlinq miras qalıb. Bununla da onun ümumi sərvəti 1,05 milyard funt-sterlinqə çatıb.
İkinci yerdə Kral III Çarlz yer alıb. O, 652,8 milyon funt sterlinq dəyərində olan 671 yaşlı Lankaster hersoqluğunu miras alıb və ümumi sərvəti 900 milyon funt-sterlinqə çatıb.
Taxtın beşinci varisi Şahzadə Harri və onun həyat yoldaşı Meqanın sərvəti təxminən 20 milyon funt-sterlinq olub. Kraliçanın qızı Şahzadə Annanın sərvəti isə 50 milyon funt-sterlinqdir. Mülklər onun aktivlərinin çoxunu təşkil edir. Kraliçanın oğlu, 58 yaşlı Şahzadə Edvard və onun həyat yoldaşı Uesseks Kontesinin sərvəti 10 milyon, kraliçanın digər oğlu Şahzadə Endrünün məlum sərvəti 5 milyon funt sterlinqdir.
Qeyd edək ki, Kraliça II Elizabet bu gün paytaxt Londondakı Vestminster kilsəsində keçiriləcək mərasimdən sonra torpağa tapşırılacaq. Mərasim 1760-cı ildə Kral II Georgidən sonra bu kilsədə keçiriləcək ən böyük dəfn mərasimi olacaq.
Follow @7timesaz