Sumqayıt Azərbaycanın ən gənc şəhərlərindən biri kimi tanınıb. Bir vaxtlar şöhrəti bütün dünyada dolaşan sənaye şəhərində xalqımız gerçəkdən xarüqələr yaradıb. Ötən əsrin ortalarında Xəzərin qumlu sahillərində möhtəşəm bir şəhər salınıb. Bu şəhərin fərqliliyi haqda çox şey yazmaq olar. Lakin bizim gənclik şəhərinə səfərimizdə əsas məqsəd bu şəhərdə yerləşən dənizkənarı park sayılan məkandan sizlərə reportaj təqdim etmək idi.
Sumqayıt dəniz sahilində yerləşsə də, burada heç vaxt bulvar olmayıb. Park dəniz səviyyəsindən orta hesabla 5-10 metr hündürdə və dənizdən 50-100 metrədək aralı yerləşir. Parkla dəniz arasında isə yay mövsümündə çimərliklər təşkil olunur. Yeni bulvar qısa zamanda həm yerli sakinlərin, həm də şəhərin çoxsaylı qonaqlarının qəlbini, sözün əsil mənasında, fəth edib.
Ölkəmizin ikinci böyük dənizkənarı parkı
2016-cı ildə ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə möhtəşəm bulvar yaradıldı. Burada şəhər sakinlərinin piyada gəzintisi, avtomobil yolu, istirahət obyektləri, uşaqlar üçün əyləncə mərkəzi, idman infrastrukturu quruldu, fərqli ölçülərdə və bir-birini təkrarlamayan yaşıl parklar salındı. Sumqayıt bulvarı, əlavə olaraq, daha 40 hektar genişləndirilib və bir kilometr uzadıldı. Hazırda 5,2 kilometr uzunluğu, 150 hektar sahəsi olan bulvar kompleksi bu gün şəhər sakinlərinin ən çox ziyarət etdiyi məkanlardan biridir.
“Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir. Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik. Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. Mən çox şadam ki, bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın”.
Bu fikirləri Prezident İlham Əliyev 27 sentyabr 2016-cı il tarixdə Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirmişdi.
Bəli, bu fikirlərdən də göründüyü kimi, Sumqayıtda bulvarın olması şəhər sakinləri ilə yanaşı, ölkə rəhbərliyinin də arzusu olmuşdur. Bir faktı da qeyd edək ki, hələ 1974-cü ildə Sumqayıt şəhərinin 25 illik yubileyi tədbirində Ümummilli Lider Heydər Əliyev çıxışı zamanı Sumqayıtda dənizkənarı bulvarın yaradılması arzusunu səsləndirmişdi…
Yerli sakinlərin və qonaqların sevimli məkanı
Parkda istirahət edən Sumqayıt sakinləri fikirlərini bizimlə bölüşüblər. 75 yaşlı Asif Məmmədov aparılan geniş-miqyaslı işlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Mən buraların dünənini yaxşı görmüşəm, qamışlıq, çirkab, şoran çöllər…Buraya heç kim gəlmək istəmirdi, amma bu gün gələn getmək istəmir”.
Bakıdan Sumqayıt bulvarına üz tutan Bəxtiyar Fətullayev də məmnunluğunu ifadə edib:
“Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın olmalıdır və bu gün biz bunu görürük. Düzdür, Bakı son illər çox gözəlləşib, abadlaşıb, ancaq Sumqayıt kimi gözəl şəhərdə insanların istirahəti üçün mütləq bulvar olmalı idi. İndi bura Sumqayıtın əsas istirahət zonasıdır, görün, nə qədər gözəlləşib”.
Burada müxtəlif təyinatlı obyektlər – kafelər, istirahət mərkəzləri, oyun salonları və s. fəaliyyət göstərir. Parkın qərb hissəsi daha maraqlıdır, burada yüz-iki yüz metrdən bir meydança və abidə var. Sumqayıt Bulvarı və Dənizkənarı Parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın çimərliyə birbaşa çıxışının olması onu digər bulvarlardan fərqləndirir. Ərazidə 16 metr enində asfalt yol salınıb. Bundan başqa, istinad divarı tikilib və mərmərlə üzlənib. Geniş miqyasda yaşıllıq sahəsi salınıb, müasir işıqlandırma sistemi qurulub. Kompleksin yeni salınan hissəsində bütün yaş qruplarının istirahəti üçün yüksək şərait yaradılıb.
Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb:
“Bununla yanaşı, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Park-bulvar kompleksində 10 min oturacaq qoyulub. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb. Kompleks boyunca 12 min poqonmetr uzunluğunda piyada yolu salınıb, mühafizə kameraları, monitorlar quraşdırılıb”.
Əzəmətli bayraq meydanı
Parkın içi ilə qərb istiqamətində irəlilədikcə maraqlı mənzərələr nəzərə çarpır. Həmişəyaşıl ağaclar, maraqlı attraksionlar, hündürdən görünən dəniz mənzərəsi parka xüsusi gözəllik verir. Bulvarın mərkəzinə doğru irəlilədikcə daha maraqlı mənzərələr yaranır.
Sumqayıt Bulvarı ərazisində yerləşən Muğam Mərkəzinin ətrafı da abadlaşdırılıb. Burada yaradılan şərait bir daha təsdiqləyir ki, xalqımızın ən qədim musiqisi olan muğamın yaşadılması, onun gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Xalqın ruhundan süzülən muğamın inkişafı ilə bağlı dövlətin nümayiş etdirdiyi konsepsiya onun təbliği və dünya xalqlarına çatdırılmasında da əhəmiyyətli rol oynayır. Sumqayıtda yeni tikilmiş ikinci “ASAN xidmət” mərkəzinin binası da dəniz kənarındakı gəzinti yerində yerləşir. Prezident İlham Əliyev iyulun 20-də 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Ərazidə Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır. Bayraq Muzeyi də Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buradakı eksponatlarla tanış olmalarına imkan yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdəki çıxışında deyib: “Parklar abadlaşır, yeni parklar, bağlar salınır. Əlbəttə ki, onların arasında Sumqayıt bulvarını xüsusilə qeyd etmək istərdim. Mən bu bulvarın açılışı ilə əlaqədar keçirilmiş tədbirdə demişəm və bir daha demək istəyirəm ki, bu, möcüzədir, cəmi 11 ay ərzində 5,2 kilometr uzunluğunda və 150 hektarı əhatə edən gözəl bulvar salınmışdır. Sumqayıt bulvarının salınması mənim çoxdankı arzum idi. Mən əvvəlki dövrlərdə də dəfələrlə şəhər rəhbərliyinə belə göstəriş vermişdim. Ancaq Zakir Fərəcovu mən vəzifəyə təyin edəndən sonra bu məsələ də həll olundu. Çox şadam ki, bu gün Sumqayıt bulvarı vətəndaşlar üçün yeni, gözəl bir istirahət zonasıdır. Orada ictimai obyektlər var, indi orada Muğam Mərkəzi yaradılıb, digər ictimai obyektlər şəhərə yeni gözəllik verir. Onsuz da Sumqayıtın kifayət qədər istirahət zonaları vardır. Parkların hamısı abadlaşdırılıb. Amma bulvar, əlbəttə ki, ayrı bir məsələdir. Uzunluğu əvvəlki Bakı bulvarından təxminən 2 dəfə böyükdür. Çünki əvvəlki ənənəvi Bakı bulvarının uzunluğu 3 kilometr idi, indi 16 kilometrdir. Əlbəttə, mən demək istəmirəm ki, burada da 16 kilometr uzunluğunda bulvar tikilsin. Amma hər halda əgər imkan olacaqsa, biz gələcəkdə bulvarı genişləndirməliyik.”
Şəhər bulvarı Avropada mükafatlar aldı
Sumqayıt Bulvarı “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality) layiq görülüb. Mükafatı təsisatın baş katibi Rikardo Lopes oktyabrın 16-da qurumun Paris “Meridien Etoile” otelində keçirilən forumunda təqdim edib. Forumda 5 qitədən 150 nümayəndə iştirak edib. 32 ölkənin təqdimatından 22–si mükafata layiq görülüb ki, bunlardan biri də Sumqayıt Bulvarı olub. Prezidentin möcüzə adlandırdığı bulvar İspaniyanın paytaxtı Madriddə keçirilən “Global Trade Leaders Club”un 24-cü Beynəlxalq üstünlük və liderlik forumunda “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb.
Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biri də yeni istirahət guşələrinin, park və xiyabanların yaradılmasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində mühüm layihələr icra edilir. Bu istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıtda Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Bu kompleksdəki şərait sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir.
Elşən YƏHYAYEV
Follow @7timesaz