LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 24-CÜ YAZINI TƏQDİM EDİR.
Tarix: 14 iyul 1992-ci il.
Sovet ordusu müstəqilliyin heç bir ili tamam olmayan Azərbaycanı tədricən tərk edirdi.
lent.az -ın xəbərinə görə, proses digər keçmiş sovet respublikalarına nisbətdə dinc keçirdi. Başqa ölkələrdə olduğu kimi hərbçilərin ailələrinə hücumlar baş vermirdi. Lakin təxliyə zamanı kifayət qədər qəza baş verdi ki, bu da tələsgənlikdən və texniki səbəblərdən baş verirdi.
Strateji mövqeyinə görə Naxçıvan Muxtar Respublikasında sovet ordusunun böyük hərbi kontingenti vardı. Hərbçi ailələrinin çıxarılması aviasiya ilə həyata keçirilirdi. Səbəb Ermənistan ərazisindən keçən dəmir yol xəttindən istifadənin qeyri-mümkünlüyü idi.
Beləliklə, isti iyul günlərinin birində Rusiyanın Şimali Qafqaz hərbi dairəsinə məxsus An-12 təyyarəsi hərbçilərin ailələrini daşımaq üçün Naxçıvana gəlir. Təhqiqat sənədlərinə görə, 27 sərnişin götürən hava gəmisi Rostova getmək üçün start xəttinə gəlir. Təyyarə hərəkətə keçir və sürət 230 km/saata çatsa da, havaya qalxa bilmir və uçuş zolağının sonundakı beton səddə çırpılaraq parçalara bölünür və alışır. 23 sərnişin və 6 heyət üzvü həlak olur. Uçuş heyətindən yalnız komandir xilas ola bilir. Sərnişinlərin isə cəmi 4 nəfəri qəzadan yüngül xəsarətlə xilas olur.
İstintaq komissiyasının sənədinə görə, qəzaya ekipajın səhvi səbəb olub. Hər 4 mühərrikin idarəetmə dəstəyi 0 vəziyyətində olub və yanacaq kəsilib.
Burada bir ziddiyyətli məqam dərhal gözə çarpır: Arxiv sənədlərində 29 nəfər öldüyü göstərilsə də, o dövrün qəzetlərində 36 nəfərin öldüyü göstərilir və hamısının adı, soyadı və vəzifələri qeyd edilir. Yalnız təyyarəyə son anda minən Naxçıvan MR sakininin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.