Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin stabil yüksək səviyyədə saxlanılması, habelə avtobus parkının yenilənməsinin davamlı maliyyələşdirmə mexanizminin yaradılması məqsədilə “brutto-müqavilə” sistemi tətbiq ediləcək.
Bu barədə “APA-Economics”ə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov danışıb.
Modelin mahiyyətini izah edən nazir müavini bildirib ki, gediş haqlarından əldə olunan gəlir tənzimləyici orqan tərəfindən toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmətlərə görə haqqın bir hissəsi bu vəsaitlər hesabına, qalan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına ödəniləcək.
“Burada bir neçə amil var. Birincisi, sərnişin axınının azalması və ya gediş haqqı gəlirlərinin həcmində dəyişikliklərlə bağlı daşıyıcıların riskləri azalacaq. Bu, daşıyıcının gəlirlərini optimallaşdırmaq və ya maksimum dərəcədə artırmaq üçün əlavə sərnişinlər cəlb etmək cəhdinin qarşısını alacaq və onu yalnız müqavilənin şərtlərini yerinə yetirmək məqsədi ilə hərəkət etməyə təşviq edəcək. Xidmətin keyfiyyəti yüksələcək, çünki daşıyıcının qazancı indi sərnişinlərin sayından deyil, tənzimləyici orqanla bağlanmış “brutto-müqavilə”nin şərtlərinə nə dərəcədə əməl etməsindən asılı olacaq – daşıyıcı xidmət səviyyəsinin yüksəldilməsində və hərəkət qrafikinə ciddi riayət edilməsində maraqlı olacaq. Eyni zamanda, tənzimləyici struktur daşıyıcını “brutto-müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cərimələr sistemi tətbiq etməklə göstərilən xidmətlərin yüksək səviyyədə saxlanmasını stimullaşdıracaq”- Rəhman Hümmətov vurğulayıb.
Nazir müavini əlavə edib ki, xidmətlərin əlçatanlığı artacaq – daşıyıcılar nisbətən gəlirli və gəlirli olmayan marşrutlar arasında seçim etməkdə maraqlı olmayacaqlar:
“Bu, şəhərətrafı marşrutlarda analoji xidmət səviyyəsini təmin edəcək və ictimai nəqliyyatın əhali üçün əlçatanlığını artıracaq. Bundan əlavə, bazar amillərindən asılılıq azalacaq – daşıyıcı iqtisadi böhran və ya pandemiya kimi xarici təsirlərdən qorunacaq ki, bu da nəqliyyat sisteminin dayanıqlılığını təmin edəcək.
Digər vacib məqam odur ki, bu sahə “kölgə” iqtisadiyyatından çıxacaq. Marşrutların nağdsız ödənişlərə keçidinin təşviq edilməsi gediş haqlarının yığılması, daşıyıcıların xidmətlərinin ödənilməsi, onların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm yaradacaq və bununla da bu sahə “boz” zonadan çıxarılacaq”.
Follow @7timesaz