Yaxın Şərq siyasi xəritələrin ən sürətlə dəyişdiyi coğrafi bölgələrdən biridir. 150 il əvvəl Beyrutda və ya İstanbulda bir qrup ziyalı bir gün Osmanlı imperiyasının torpaqlarında otuzdan çox dövlətin qurulacağını, hər ölkənin öz bayrağı, himni, olacağını desəydi, yəqin ki, buna heç kəs inanmazdı. Lakin çox qısa müddətdə Osmanlı imperiyası parçalandı və onlarla yeni dövlət yarandı. Osmanlı imperiyası isə tarix səhnəsini tərk edərək yerini Türkiyə Cümhuriyyətinə buraxdı. 623 illik imperiyanın parçalanmasının pərdəarxasında duran ən müəmmalı adlardan biri britaniyalı alim və agent, ərəblərin bu gün belə özləri üçün mənəvi ana hesab etdikləri Gertrude Belldir.
Sfera.az Gertrude Bell haqqında maraqlı məlumatları təqdim edir:
Oksford təhsilli ateist, mühafizəkar.
1868-ci ildə İngiltərənin Durham şəhərində anadan olan Gertrude Bell dəmir sənayesindən varlanan mühüm bir ailəyə mənsub idi. Ailəsinin sərvəti ona gələcəkdə Anadolu və İraqda bir çox arxeoloji tədqiqatları maliyyələşdirməyə imkan verəcəkdi.
Bellin ailəsi həm də qatı mühafizəkar idi. Buna görə də, o ilk təhsilini dayələrin və təlimçilərin nəzarəti altında Britaniya ənənələri üzrə almalı olur. Dövrün şərtlərinə görə, qadınlar universitetə getmir, qalan təhsilini evdə başa vururdu, lakin güclü iradəyə və prinsipial mövqeyə sahib olan Bell ailəsini universitetə getməsi üçün razı salır və Oksford Universitetinin ilk qadın tələbəsi olur.
Oksford Universitetində tarix üzrə təhsil alan Bell müəllimlərinin sərt rəftarına baxmayaraq, fakültəsini əla qiymətlərlə bitirməyi bacarır. Təhsil aldığı müddətdə Bell Allaha inanmaqdan tamamilə imtina edir. Dinə və Allaha olan inamsızlığına baxmayaraq, Bell ömrünün sonuna qədər Britaniya ənənələrinə və Kraliçaya sadiq qalır.
Arxeologiyadan başlayan siyasi əlaqələr
Yaxın Şərqə səyahətləri zamanı bölgənin altındakı arxeoloji sərvətlər Bellin diqqətini çəkir. Bölgədə daha geniş araşdırma işinə başlayan Bell Suriyadan Konyaya qədər bir çox arxeoloji araşdırmada iştirak edir. Bu araşdırmalar nəticəsində “Minbir” kilsəsi və “Gilqameş” dastanı kimi mühüm əsərləri üzə çıxarır.
Bell tədqiqatları zamanı ərəb tayfaları ilə də sıx əlaqə qurur və bunda erməni bələdçisi Fərtuhun böyük xidmətləri olur. Fartuh ərəb dilini mükəmməl bildiyi və coğrafiyanı çox yaxşı tanıdığı üçün Bell qısa zamanda nüfuzlu ərəb tayfa başçıları ilə geniş əlaqələr qura bilir. Bundan başqa Bellin yaxşı at çapması, çətinliklərə və sərt səhra şəraitinə qarşı qorxmaz duruş sərgiləməsi onun ərəblər tərəfindən qısa zamanda sevilməsinə səbəb olur.
Ərəbistanlı Lourens ilə tanışlıq
Gertrude Bell yaxın şərqdəki uzunmüddətli arxeoloji tədqiqatlarını başa vurduqdan sonra 1914-cü ilin mayında İstanbul vasitəsilə İngiltərəyə qayıdır. Əsərlərini çap etməyə başladığı bir dövrdə Birinci Dünya müharibəsi başlayır.
Britaniya Kral Kəşfiyyatı təcrübəsindən faydalanmaq üçün Belli Misirə dəvət edir. Belldən hökumətinə, xüsusən də, müdafiə naziri Çörçillə ərəbləri Osmanlıya qarşı üsyana sövq etmək üçün planlar hazırlanması tapşırılır.
Tapşırığı qəbul edən Bell Misirə gəlir və daha sonra ərəbistanlı Lourens kimi tanınan məşhur ingilis agenti ilə tanış olur. O, Lourensə qəbilələri tanımaqda və bölgədə strategiyalar hazırlamaqda bələdçilik edir. Xüsusilə, hansı tayfaların Osmanlı İmperatorluğuna yaxın olduğunu müəyyən edən Bell üsyanın kimlər tərəfindən və hansı nöqtələrdə başlayacağını detallı şəkildə Lourensə təqdim edir. Bellin Britaniya Müdafiə Nazirliyinə təqdim etdiyi xəritələr ingilislərin Suriya başda olmaqla bir çox döyüş cəbhəsi açmasına səbəb olub.
Faysal və Bellin dostluğu
Bu gün İraqda baş verən bir çox siyasi məzhəb etnik problemlərin kökündə Gertrude Bellin siyasi manevrləri dayanır. Bell əhalisinin yarısı əsasən, şiə və kürdlərdən ibarət olan İraqda yaxın dostu, sünni ərəb Faysalı kral təyin etmək istəyir. Bu səyin arxasında duran ən mühüm səbəb isə gələcəkdə mümkün İraq-Türkiyə birləşməsinin qarşısını almaq idi.
Gərgin diplomatiya nəticəsində Bell İngiltərə hökumətini İraqda Faysalın kral olması üçün referendum keçirməyə inandırır. Keçirilən referendumda Faysal 96 faiz səs toplayaraq İraqın kralı olur.
Bellin səylərinə laqeyd qalmayan Kral Faysal onu İraq Kral müşaviri təyin edir.
Faysalın müşaviri olaraq işə başlayan Bell İraqın ticarəti, xarici siyasəti və nazirlər şurasının qərarlarına qədər bütün işlərə müdaxilə edir. Hətta Bell kral Faysaldan sonra ikinci ən təsirli ad olaraq ön plana çıxır. Bu səbəbdən o, Faysal tərəfindən “əl-Xatun”, adlandırılır, İraq tarixçiləri arasında isə “İraqın tacsız kraliçası” kimi tanınırdı.
Bellin sirli ölümü
Bellin macəra dolu və bir o qədər sirli həyatı kimi ölümü də müəmmalı olur. 1926-cı il iyunun 12-də yatağında ölü tapılan Bellin hansı səbəbdən öldüyü hələ də sirr olaraq qalır.
Follow @7timesaz