Cəmiyyət

Paşa Talıblı: “Tənhalıq tək ömür deyil…”

Paşa Talıblı: “Tənhalıq tək ömür deyil…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

…gül üstdə şehə bənzəməz,
nə bənzər gülə tənhalıq.
…tənhalıq tək ömür deyil,
vaxt deyil hələ tənhalıq.

…qızılgülün tikanıydım,
oxçu əlində oxuydum.
…bunlar sonra olacaqdı
— tənhalıq yoxkən yoxuydum.

İndi hamıdan çoxuydum…
Tənhalıqda səhv olmur.
…əfv də fərmanla verilir,
tənhalıqda əfv olmur.

…onda çəpəki yağışlar,
onda ən azı su vardı.
…tənhalıq yoxkən yoxuydum-
alnımın yazısı vardı!

*
İlhamı köhlən ata bənzədən düz eləyib,
düz eləyib bənzədib ilhamı köhlən ata.
…minib köhlən atları axıracan şairlər
getdilər zamanın yalmanına yata – yata.

Bir gün də ilhamsız olmadı şair olanlar…
Canında ilham yoxsa şair sözü yalandı!
…hər şeyin ağrısına ölür – dirilir şair,
hər şeyin ağrısından şair ilham alandı.

…şairlərin ilhamı öz ağrısından gəlir,
hərə payına düşən öz gücündən keçirlər.
…bizdə şairləri ilhamından tanıyırlar,
bizim eldə şairi ilhamından seçirlər.

*
Hey yazırsan söz qurtarmır…
Bəs onda qurtaran nədir?
…gecəni yata bilmirsən,
yazmaq da bir bəhanədir!

…gecənin köksü ağappaq!
Necə “Göycə” — yazmayasan…
…yazmaq da bir bəhanədir,
olsun…necə yazmayasan?

…quruyur, yaman quruyur!
…yaşılı daha nə gəzir.
…quruyur dar ağacları,
cəllad da bəhanə gəzir!

…sözdən havalanmaq olar,
havalanmaq…hava hanı?
…hər şeyə bir bəhanə var!
Bəhanəsiz nə var, xanım?!

*
…Ay da yuvarlanır məbəd yerində!
…səhər olacağa çarə azıydı.
…Ayın işığından üç tel ayırdım,
üçcə tel əlimdə cürə sazıydı.

…hava da sazıydı, saz havasıydı!
Hava həvəngidə yuva ağ oldu.
…Ay da yuvarlandı yuva yerində,
ay da yuvarlandı yuvarlaq oldu!

…eh, Aya itin də nəfsi düşərmiş;
Nədən ki, lap çoxdan hürür havaya.
Aynan aramızda hava divardı…
Ay öz işığını hörür havaya.

Aydan, qəmindən də bezirsən hərdən…
…canımız yuxadı, göy üzü qalın!
Çoxdan uduzmuşuq uzaqlara da…
…it hürür, ay keçir, göy üzü qalır!

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Rusiya…Volqoqrad şəhəri…
Paşa Talıblı