Cəmiyyət

Pedofil kimdir və ondan uşaqları necə qorumalı?

Pedofil kimdir və ondan uşaqları necə qorumalı?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Bakıda 36 yaşlı kişi törətdiyi əməllə eşidən hər kəsi şoka saldı. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elbrus Mamedov saxlanılıb. Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır.

Belə ki, həmin şəxs C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs ev sahibinin 6 yaşlı qızı ilə evdə tək qalıb. Fürsətdən istifadə edən E.Mamedov uşağı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

7times.az bildirir ki, son zamanlar ölkəmizdə pedofillərin sayı artıb. Ötən ay sosial şəbəkələrdə liftdə 11 yaşlı qıza qarşı seksual hərəkətlər edən bir kişinin şəkilləri yayılmışdı. Liftdəki “əmi”nin hərəkətindən qorxan uşaq evə gələr-gəlməz başına gələnləri anasına və nənəsinə danışıb. Sonra binanın komendantından video görüntülər əldə olunub və izlənilib.

Ondan bir il əvvəl də Bakının Xətai rayonunda 8 yaşlı uşağın 45 yaşlı kişi tərəfindən zorlanması iddiası vardı. Hadisə iyulun 21-də 20:00 radələrində Xətai rayonu Mehmandarov küçəsində baş vermişdi.

Hadisənin birbaşa şahidi Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli həmin gün avtomobilini təmir etdirmək üçün həmin əraziyə yollanıb. Bu zaman usta ona arxa tərəfdən səs gəldiyini eşidib. Arxa tərəfə keçəndə görüb ki, bir kişi şalvarını aşağı çəkib. Həmin vaxt telefonun kamerasını işə salıb ki, sübutu olsun. Həmin adam isə T.Tahirlini görən kimi qaçmağa başlamışdı. Uşaq zorlanmadan son anda qurtulmuşdu. Əgər T.Tahirli bir az da ləngisə idi, yaxud da o səsi eşitməsə idi, 45 yaşlı kişi iyrənc niyyətini 8 yaşlı oğlanın üzərində tətbiq edəcəkdi.

Pedofiliya nədir?

Pedofiliya “uşaq” və “sevgi” sözlərinin birləşməsindən yaranıb. Başqa adı infantoseksualizm və ya paderoziyadır. Başqa deyimlə uşaqbazlıq mənasını verir. Yetkinlik yaşında olan adamların həddi-buluğa çatmamış 4-11 yaşlı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bu əlamətin daşıyıcılarını isə pedofil adlandırırlar.

Daha çox kişilərdə müşahidə olunan pedofiliya nadir hallarda qadınlarda da rast gəlmək olur. Pedofilya yalnız orta yaşlı kişilərdə müşahidə olunmur. Hətta keçid dövründə olan oğlan uşaqlarında da bu əlamətə rast gəlmək olar. Pedofilliyə meylli adam hər yaş qrupundan, peşədən və millətdən ola bilər. Onlar bu əlaməti rahatlıqla gizlədə bilir və cəmiyyətdə normal şəkildə yaşayırlar. Pedofillərin çox az qismi nəzərə çarpır. Onları ilk baxışdan tanımaq elə də mümkün deyil. Lakin qəbul edilmiş portret var. Məsələn, onlar ortaboylu olurlar, köklüyə meylli olurlar, beyinləri zəif inkişaf edir. Uşaqlarla rahat dil tapırlar.

Pedofillər daha çox nəzarətsiz qalmış, valideyni tərəfindən kifayət qədər diqqət yetirilməyən uşaqları qurban olaraq seçir. Yuxarıda sözügedən hadisələrdən sonuncusunda 8 yaşlı oğlanın anası Bakıda yerləşən restoranlardan birində qabyuyan işləyirmiş. Nəzarətsizlik isə uşağı amansız pedofilin qurbanına çevirib.

Psixiatrların fikrinə görə, pedofiliyanı psixi və hormonal pozğunluq adlandırmaq daha doğru olar. Bununla belə, pedofiliya əlamətlərinə psixi cəhətdən tamamilə sağlam insanlarda da rast gəlmək mümkündür.

Dünyada vəziyyət

Dünyada son 10 ildə cinsi istismara məruz qalan uşaqların sayı 250 minin həndəvərindədir. Hər 5 uşaqdan 2-si fiziki, duyğusal ya da cinsi istismara məruz qalır. Cinsi istismar faktlarının sadəcə yüzdə 15 faizi ədliyyə instansiyalarını çatır. Qalanı hər hansı bir şəkildə ört-basdır edilir və uşaq öz yaşadığı travma ilə baş-başa qalır. Və araşdırmalara görə, uşaqlıqda istismara məruz qalmış uşaqların yüzdə əllisi böyüyəndə uşaqları istismar edir. Halbuki istismara məruz qalan uşaqlar psixoloji dəstək alsa, bu travmanı ötürə bilərlər.

Dünyada uşaq istismarı mövzusunda onluqda Cənubi Afrika, Banqladeşin ardınca Türkiyə, İngiltərə, ABŞ, Rusiya və Avstraliya dayanır. Dünya ilə müqayisədə Avropa ölkələri və ABŞ-da vəziyyət ürəkaçan deyil. Avropa ölkələrində əsas seksual cinayətlərdən biri hesab olunur. Avropada aparılan araşdırmalara görə, təqribən 10 faizdən 20 faizə qədər uşaqlar cinsi istismara məruz qalırlar.

Dünyadakı cəzalar

2015-ci ildə Avropa İttifaqı pedofillərə qarşı cəzanın minimum 10 ilə qədər yüksəldilməsi ilə bağlı qanun qəbul edib. İran, İraq, Cənubi Koreya, Somali, Səudiyyə Ərəbistanında birmənalı olaraq bu aktı həyata keçirənlər ölüm cəzasına məhkum olunurlar. Bəzi ölkələrdə isə pedofilliyi sübut olunmuş şəxslərin kimyəvi və ya cərrahi üsulla axtalanması həyata keçirilir. Rusiyada 12-14 yaş arasında uşağa qarşı cinsi istismar edənləri 3 ildən 10 ilədək həbs gözləyir. Türkiyədə son illər bu cür halların qarşının alınması üçün ölüm hökmünün bərpa edilib-edilməməsi müzakirə olunur.

Azərbaycan qanunvericiliyi pedofillərə hansı cəzanı verir?

Azərbaycanda isə 2015-ci ildə qanunvericlik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına catmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib. Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən isə uşaq 14 yaşadək olduqda bu müddət 3 ildən 6 ilədək müəyyən edilib.

Nəticə

Pedofiliya adlanan xəstəlik iqtisadi, oxumuş, həyat şəraitinin yaxşı, ya pis olması ilə əlaqədar bir şey deyil. Bu gün pedofiliyanın qarşısını almaq üçün konkret müalicə və müayinə üsulu yoxdur. Uşaqların bütün bu təhlükə və risklərdən müdafiəsi üzrə ən böyük yük valideynlərin çiyinlərinə düşür. Valideyn olmaq yalnız uşağın yalnız ehtiyaclarini qarşılamaqla bitmir, ata-ana həm də onun təhlükəsizliyindən məsuliyyəti daşıyır. Musavat.com