Ukraynanın Mariupol şəhərində baş verən hücumu tənqid etdiyi üçün saxlanılan rusiyalı jurnalist Mariya Ponomarenko ruhi xəstəxanaya yerləşdirilib.
7Times.az bildirir ki, bu barədə Britaniyanın “Dailymail” qəzeti məlumat yayıb. Qeyd olunub ki, jurnalist bu gün Sibirdə “qəddar psixiatriya xəstəxanasına” yerləşdirilib. Ponomarenkonun vəkili Sergey Podolski bu iddiaları təsdiqləyib və jurnalistin vəziyyətinin 28 gün ərzində Altay Klinik Psixologiya Xəstəxanasında qiymətləndiriləcəyini bildirib.
Məlumata görə, rus jurnalisti buradakı qiymətləndirmədən sonra ya on il həbs cəzası gözləyir, ya da qeyri-müəyyən müddətə xəstəxanada həbs.
Bildirilib ki, Mariyanın qohumlarının xəstəxanaya baş çəkməsinə və ona məktub göndərməsinə icazə verilmir. Ponomarenko hazırda yalnız vəkilləri ilə görüşə bilər. Vəkil Sergey Podolski deyib ki, müstəntiqlər Mariyanın azyaşlı qızlarını da dindiriblər və onlardan birinin ifadəsi sübut kimi dəyərləndirilib. İndiyədək heç bir psixi problemi olmayan rusiyalı jurnalistin hansı səbəbdən ruhi xəstəxanaya göndərildiyi məlum olmasa da, müşahidəçilər bunun, sovet dövründə dissidentlərə qarşı tətbiq edilən cəza psixiatriya təcrübəsinə bənzədiyini vurğulayıblar.
Xatırladaq ki, 44 yaşlı Mariya Ponomarenkon Ukraynanın Mariupol şəhərində yüzlərlə dinc sakinin ölümü ilə nəticələnən teatra hücumdan sonra “Telegram” hesabından Rusiya hökumətini tənqid edərək, “Minlərlə günahsız insanın ölümünü bilə-bilə susmaq mümkün deyil. Ağıllı insanlar sülh tərəfdarıdır”, deyə paylaşım edib. Bundan sonra jurnalist “Rusiya silahlı qüvvələrinin nüfuzunu təhqir etmək” ittihamı ilə saxlanılıb və hakim qarşısına çıxarılıb. (sfera.az)
Follow @7timesaz