Maqazin

“Qadınlar ayda, kişilər həftədə bir dəfə kosmetoloqa getməlidirlər”

“Qadınlar ayda, kişilər həftədə bir dəfə kosmetoloqa getməlidirlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəms Arslan: “Bu söhbəti 20 il bundan əvvəl etsəydik, deyərdim ki, dərimiz üçün bir nəmləndirici yetərlidir, əsas qidalanmaya diqqət et. İndi isə qida ilə bir yerdə dərimizi də qoruma altına almağımız vacibdir”

Birinin çox sevdiyi kremlə bağlı digəri “heç yaxşı deyil” deyə bilər. Birinə yaxşı təsir edən maskanın digərinə əks təsir göstərdiyi də çox olur. Çünki hər kəsin dəri tipi fərqlidir və fərqli də qulluq tələb edir. Dəriyə qulluq üçün dərimizi tanımağın vacib olduğunu deyirlər. Dərimizi necə tanıyaq?

7Times.az “Kaspi” qəzetinə istinadən əslən Azərbaycandan olan, hazırda Türkiyədə çalışan kimya mühəndisi, dəriyə qulluq üzrə mütəxəssis Şəms Arslanla müsahibəni təqdim edir.

– Üz dərisinə qulluq, adətən, 30 yaşdan sonra diqqətə gəlir. Bu, doğrudurmu? Üz dərimizə nə vaxtdan və necə qulluq etməliyik?
– Uşaqlarımızı 15-16 yaşdan dəriləri ilə bağlı gigiyenik qaydalara diqqət etməyə alışdırmalıyıq. Çünki yeyib-içdiklərimizin çoxu hormonaldır. Bayırdakı hava, toz, siqaret – hamısı insanın dərisinə təsir edir. Fikir verirsinizsə, 17-19 yaşlarda gənclərin üzündə balaca sızanaq çox olur. Bu o deməkdir ki, dəri özünü yetişdirə, təzələyə bilmir. Özünü təmizləmək üçün mütləq gigiyenik vasitələr olmalıdır. Yəni yaşına, iqlimə, havaya uyğun gigiyenik baxım lazımdır. Ayrıca sabunu, toniki, təmizləmə vasitəsi olmalı, sızanaqları varsa, bunun öz məlhəmi olmalıdır.

– Yemək məsələsinə toxundunuz. Bir qisim deyir ki, yediyimə-içdiyimə diqqət edirəm, əsas budur. Bir qisim isə dəriyə qulluğa daha çox önəm verir. Hansı daha öndədir?
– Əgər biz bu söhbəti 20 il bundan əvvəl etsəydik, deyərdim ki, dərimiz üçün bir nəmləndirici yetərlidir, əsas qidaya diqqət et. Son 20-25 ildə hava o qədər dəyişib, radiasiya o qədər çoxalıb, günəş işığı o qədər aktiv hala gəlib ki, dərimizin özünü qorumağa gücü yoxdur. Bədənimizi qoruya bilirik, çünki paltar geyinirik, ayaqlara corab, ayaqqabı geyirik. Amma saçımızı və üzümüzü yad təsirlərdən qoruya bilmirik. Çünki onun üzərində heç bir şey yoxdur və bu qədər tozun, küləyin təsirini dəri qaldıra bilmir. Dəri deyir ki, mənə kömək elə. Qida ilə bir yerdə dərimizi qoruma altına almağımız da vacibdir.

“Bakının iqlimində dəri 5-10 yaş daha tez qocalır”

– Azərbaycanlı xanımlarla çox ünsiyyətdə olursunuz. Yəqin ki, problemlərindən də xəbərdarsınız. Ən çox hansı problemləri üçün vasitə istəyirlər?
– Bakıda hava çox quru, küləkli və tozludur. Ona görə, Bakının iqlimində dəri 5-10 yaş daha tez qocalır, cansız olur. Belə iqlimdə qocalmanın qarşısını almaq üçün dəriyə qulluğu təxirə salmaq olmaz. Dəri incədir, onu qoruya bilməyəndə, belə iqlimdə tez qocalır. Amma hər kəs də dərisinə istədiyi qulluğu göstərəcək maddi imkana sahib deyil. Ona görə, iqlimin dəriyə mənfi təsiri çox olur. Azərbaycanda güclü nəmləndiricilər, bir də ləkə təmizləyicilər çox istənilir. Qadınlarda hormon balansızlığı, qadın xəstəlikləri və endokrin problemləri çox olduğundan, ləkələr də çoxdur, saç tökülmələr də.

– Külək məsələsini dediniz, İstanbulla müqayisə edək. Bu şəhərin havası dəriyə necə təsir edir?
– Bir-birinə çox yaxın ölkələr olduğundan, Türkiyədə də problem eynidir. Amma burada külək daha çoxdur. Mən İstanbulda yaşasam da, Türkiyəni qarış-qarış gəzirəm. Xəstəliklər üzərində hər regionda konfranslar edirik, toplantılarımız olur, hər yerin iqlimini, problemlərini bilirəm. Məhsullarımızı xəritəyə baxaraq protokol-protokol hazırlayırıq. Məsələn, Qara dəniz bölgəsində həssaslıq var, Aralıq dənizi bölgəsi çox istidir. Hər bölgə üçün məhsul hazırlayarkən iqlimini nəzərə alırıq. Eyni şəkildə də Azərbaycan üçün iqlimə görə hazırlayırıq.

– Dərimizlə bağlı ən önəmli məqam nədir?
– Dərinizi tanımalısınız. Bunu bir dəfə öyrəndikdən sonra siz nəyi, nə vaxt, necə istifadə etməyi bilirsiniz. Bir qadın hər 6 aydan bir endokrinoloq, stomatoloq, dermatoloq və ginekoloqun qapısını döyməlidir. O zaman biz nəzarət altında olacağıq.

– Dərini tanımaq məsələsindən danışaq. Çox adam bunu dermatoloqdan soruşur. Bir dermatoloq mənə dərimin quru, həssas, biri yağlı, biri də qarışıq olduğunu demişdi.
– Mütəxəssislər gözlə baxanda dərinin vəziyyətini müəyyənləşdirə bilirlər. Ancaq onları yanıldan faktorlar ola bilər. Məsələn, yol gəlirəm, tərləmişəm, üzüm yağlı görünər. Bəlkə də bu gün menopauza günümdəyəm və dərim çox qurudur. Bəlkə də üç gündür içdiyim suyu azaltmışam, dərim qızarmağa başlayıb. O anda mütəxəssisin gözü ilə baxıb verdiyi analiz yanlış ola bilər. Professional dəri analizi üçün xüsusi cihazlar var. Dəqiq diaqnoz cihaz vasitəsilə qoyulmalıdır. Dəri üçün müalicə, qulluq da məhz bundan sonra təyin edilməlidir.

– Üz kremi seçiminə gələk. Hansı kremlərdən istifadə etməli olduğumuzu necə müəyyənləşdirək?
– İlk olaraq dermatoloq dəriyə baxmalıdır. Problem varsa, müalicə olunmalı, müalicəvi kosmetikalar təyin edilməlidir. Problem həll olunduqdan sonra dərinizə uyğun kremlərdən istifadəyə başlaya bilərsiniz. Bu zaman da krem seçimi dermatoloq məsləhəti ilə olmalıdır. Krem seçimi üçün ildə iki dəfə dermatoloqla məsləhətləşmək lazımdır. Çünki isti və soyuq hava üçün kremlər ayrıdır.

“Üz kreminizi özünüz seçə bilməzsiniz”

– Belə yanaşma var ki, davamlı olaraq eyni nəmləndirici, qidalandırıcı kremləri istifadə etmək doğru deyil, dəyişdirmək yaxşıdır.
– Mən bunu doğru yanaşma hesab etmirəm. Təsəvvür et ki, dermatoloq sənin dərinin problemini müalicə edib, sonra dərinə uyğun vasitələr məsləhət görüb. Hər şey yaxşıdır, amma sən sırf dəyişiklik üçün başqa kremə keçirsən. Bəlkə yeni kremin tərkibində elə maddə var ki, dərinə uyğun deyil? Onu istifadə edirsən, dərin pozulur və yenidən müalicə etdirmək məcburiyyətində qalırsan. Amma başa düşürəm ki, xanımlar fərqli, gözəl qoxusu, qablaşdırması olan çeşidli markaları yoxlamağı sevirlər. Fərqli məhsul yoxlamaq istəyirlərsə, dermatoloqla məsləhətləşsinlər.

– Yəni kremləri özümüz seçə bilmərik?
– Üz kreminizi özünüz seçə bilməzsiniz. Əgər özünüz seçsəniz, dərinizi də aldatmış olarsınız, özünüzü də. Çünki bu qədər çeşidli məhsulun içərisində yüzlərlə kimyəvi maddələr, fərqli məhsullar var. Sən bunun içini bilmirsən, bunun təhsilini alan insanlar var. İstehsalçılar bazara yüzlərcə məhsul təqdim edirlər, deyirlər ki, məhsulumuz gözəldir. Amma siz bu sözlərə aldanmayın, istifadədən öncə dermatoloqdan məsləhət al. Bəli, o məhsul keyfiyyətli ola bilər, amma sənin dərin bu məhsulu qəbul edə biləcəkmi?

–  Əsəb, stress, gərginlik dəriyə necə təsir edir?
– Əsəb, stress, qorxu, həyəcan – bu dördü təkcə dərinin deyil, saçın da, qaşın da, kirpiklərin də, dırnağın da, damarların da müdafiəsini darmadağın edir.

– Son vaxtlar gel, botoks kimi dəri altına yeridilən vasitələrdən istifadə çoxalıb. Bunlardan istifadə nə dərəcədə məsləhətdir?

– Mənim 50 yaşım var, amma hələ o vasitələrə ehtiyac yoxdur. Çünki üzümə, saçıma, sağlamlığıma, qidama qarşı tənbəl deyiləm, özümə maksimum zaman ayırıram. Ayda 2-3 dəfə üz masajına gedirəm. Üz masajı, üz fizioterapiyası ilə üzümüzdəki deformasiyanı, boynumuzdakı qırışları durdura bilirik. Gözaltı qaraltını krioterapiya edərək azalda bilirik. Ləkələri təbii vasitələrlə, bərpaedici skrablarla və s. aparmaq olur. Bəlkə bir gün mənim də ehtiyacım olacaq. O zaman dozasını aşmadan, yüngül toxunuş şəklində istifadə edəcəyəm. Amma həm də əlimdən gələni edəcəyəm ki, onlara ehtiyac olmasın.

Axşam və səhər 25-30 dəqiqə

– Dərimizə qulluq üçün gündəlik nə qədər vaxt ayırmalıyıq?
– Əgər bir qadın səhər və axşam özünə, 25-30 dəqiqə vaxt ayırırsa, onun bəlkə də, heç vaxt gözəllik iynələrinə ehtiyacı olmayacaq. Çünki biz səhər oyandıqdan sonra dərimizin baxıma, bayıra çıxacağımız üçün qoruyucuya ehtiyacı var. Gün ərzində isə üzdə olan, dərini qoruyan kremin üzərinə tozlar yığılır, tərləyirsən, o da üstünə gəlir. Axşam da o dərini təmizləməlisən, nəfəs almasına şərait yaratmalısan. Axşam da özümə 20-25 dəqiqə vaxt ayıraramsa, doğru yuyar, beş-on dəqiqə masaj edər, gözaltı kremini sürtüb yataramsa, üzüm səhər yeni doğulmuş uşaq dərisi kimi olacaq.

– Üz gimnastikası var. Son illər bu istiqamətdə həddindən artıq bloqlar qarşımıza çıxır. Üzün müxtəlif hissələrindəki qırışların önləməsi texnikaları paylaşılır. Onları edəkmi?
– Mən hər şeyə professional tərəfindən baxıram. Həmin blogerlərin paylaşımları qarşıma çıxanda, araşdırıram ki, bu kimdir? Tibb təhsili varmı? Mənə qalsa, tibb təhsilini almayan adamların fəaliyyətinə icazə verilməməlidir. Çünki bu, sağlamlıqdır, sağlamlıqla da oynanılmaz. Məsələn, onlar ağızkənarı qırış üçün tövsiyə edirlər ki, ağzımızı açıb-bağlayaq. Xeyli insan gəlib deyir ki, bu tövsiyəyə əməl etdik, ağız kənarı düzəldi, amma digər hissədə deformasiya oldu. O blogerlərin hər hansı məsuliyyəti yoxdur. İstədiyi odur ki, izləyiciləri çoxalsın, səhifədən pul qazansın.

– Üz dərisi üçün hansı yaşdan sonra professional masaj vacibdir?
– 25 yaşa qədər təbiət bizə gülür, bizə gözəllik verir. 25 yaşından sonra qadın dərisi yavaş-yavaş yaşlanmağa doğru üz çevirir. Buna görə, 25 yaşından sonra ayda bir, 30 yaşından sonra ayda iki dəfə üz deformasiyaları əmələ gəlməsin, boyun qırışmasın, dolğuya, aparatla kosmetoloji müdaxilələrə çox ehtiyac olmasın deyə, üz masajları etdirmək vacibdir. Doğru yağlarla, kremlərlə əmin əllərlə bu masajlar edilərsə, üzünüz sizə təşəkkür edəcək.

– “Çistka” deyilən üz təmizlənməsi var. Bunun dəri üçün zərərli olduğunu deyirlər. Elədir?
– “Çistka”dan qorxunun əsası var. Çünki süni şəkildə buxar verərək dərinin məsamələrini açırlar. İsti dəyəndə dərimizin altındakı kapillyar damarlar partlamağa başlayır, dəri həssaslaşır. Bundan sonra üzdəki qara nöqtələri sıxmağa, yağları çıxarmağa başlayırlar. Kapillyar damarlar bir də bu sıxma əsasında partlayır və zərər görür. “Çistka” etdirəndə, düşünürsünüz ki, üzünüz təmizlənir. Bəli, üzünüz təmizlənir, amma bu buxar, sıxma prosesi davamlı edilirsə, dəriniz vaxtsız yaşlanır.

– Satışda hazır maskalar var, bir də evdə özümüz hazırladığımız. Hansıları edək?
– Evdə hazırladığımız maskalar dünyanın ən bahalı kosmetik vasitələridir. Çünki sən gözünlə görürsən, əlinlə hazırlayırsan. Sən nə hazırladığını görürsən. Ondan daha dəyərli nə ola bilər? Sadəcə tənbəl olmayacağıq. Hazırlamağa vaxtımız yoxdursa, sevdiyimiz maskalardan alıb istifadə edəcəyik. Hazır maska alanda, dərinizə uyğun olub-olmadığını müəyyənləşdirin, tərkibini oxuyun.

“Dəri üçün ən böyük gözəllik mərkəzi hamamdır”

– Bahalı, orta qiymətə və ucuz kremlər var. Keyfiyyət cəhətdən onlar arasında hansı fərq var?
– Kapitalizm dövründə belə aşılanıb ki, bahalılar daha yaxşıdır. Düzdür, çox tanınmış brendlər var, qiymətlər çox fərqlidir. Çünki onun bura gəlməsi, qablaşdırılma maliyyəsi yüksəkdir. Inqrediyentləri də çox bahalıdır. Amma bunun sənin dərinə düşüb-düşməyəcəyi bəlli deyil. Baxırsan ki, sevdiyim bir krem var, qiyməti beş manatı keçmir, amma mənim üçün dünyanın ən gözəl, ən bahalı kremidir. Məsələn, bir çay qaşığı bal mumu götürürsünüz, bir az isidirsiniz, içərisinə dörd yemək qaşığı zeytun yağı əlavə edib yavaş-yavaş qarışdırırsınız. İçərisinə üç yemək qaşığı yaşıl çayın suyundan tökürsünüz. Bir yemək qaşığı düyü unu töküb qarışdırırsan və bir balaca qaba töküb soyuducuya qoyursan. Ortaya elə bir krem çıxır ki, üzdə olan qaşıntılara, qırmızılığa, gözaltı qırışlara, boyuna gözəl təsir edir. Sadəcə möcüzə. Qiyməti də 3-5 manat tutar. Qiyməti ucuz, amma keyfiyyətli məhsullar da var. Amma almazdan əvvəl dermatoloqla məsləhətləşmək lazımdır.

– Dəriyə qulluq etməkdən danışanda, çox vaxt qadınları nəzərdə tuturuq. Bəs kişilərin dərisi necə, qulluq tələb edir?
– Kişilərin dərisi qadınların üz dərisindən bir az qalındır, amma onlar da qulluq etməlidirlər. Kişilər qadınlardan daha şanslıdırlar, çünki onlar üzlərini qırxırlar. Üzqırxma prosesi ölü hüceyrələri aparır, yağlanmanı götürür, masaj olunur. Ona görə onların üzləri qadınların üzlərindən daha gec qocalır. Amma kişilərin dəriləri də çox yağlı olur və təmizliyə ehtiyac duyur.  Kişilər həftədə bir dəfə üzlərini masaj etdirməlidirlər. İstər kişi olsun, istər qadın, mütləq özünə vaxt ayırmalıdır.

– Üzə sabun vurmaqdan danışaq.
– Sabunların tərkibində olan maddələr dəriyə quruducu təsir göstərir. Kimyəvi maddələr olmayan, təbii vasitələrlə hazırlanan sabunları üzə vurursunuzsa, 25 yaşına kimi ondan fayda görə bilərsiniz. 25 yaşdan sonra təbii olsa belə, üz üçün sabundan istifadə etmək olmaz.

– Dəriyə qulluq deyəndə, daha çox üz və əl, uzağı boyun hissə nəzərdə tuturuq. Bəs bədən?
– Əsas olan üz və əllərdir. Ancaq bədən dərisi də qulluq tələb edir. Bədən qulluq protokolumuz hamamda keçir. Bizdə dədə-babadan adətdir ki, ayda bir dəfə hamama gedirdik. Hamam mədəniyyətini həyatımıza gətirməliyik. Çünki hamam təmizlik deməkdir, kisələnirsən, məsamələr açılır, təmizlənir, bədən gənc qalır, tüklər azalır. Bizim qızlar hamama getmədikləri üçün bədənlərində tük də, qaralma da, çatlaqlar da çoxdur. Dəri üçün ən böyük gözəllik mərkəzi hamamdır.

Yaşınızdan 15 il gənc görünmürsünüzsə…

– Lazer epilyasiya dəriyə necə təsir edir?
– Lazer də mütləq həkim nəzarəti altında olmalıdır. Şəkər, təzyiq xəstələrinə, hamilə qadınlara, allergik, sızanaqlı, kapillyar damarlı dərilərə olmaz. Tromboz, varikoz varsa, olmaz. Bu işi görən adamın peşəkarlığından əmin olmaq lazımdır. Bunları bildikdən sonra etmək olar.

– Saç tökülməsindən danışaq. Nə edək ki, saçımız tökülməsin?
– Mütləq ildə bir dəfə həkimə gedib qan dəyərlərini, bədəndəki ən önəmli vitaminləri yoxlatdırmalıyıq. Nəzarətdə saxlamalıyıq ki, onların dəyəri düşməsin. O dəyərləri yüksək tutduqda, immun sistemimiz də güclü olur və o qanın qidası hər yerə – saça, qaşa, gözə, dişə yayılır. Amma səthi olaraq da təbii kosmetik vasitələrdən, şampunlardan istifadə etsinlər. Kimyəvi məhsullardan uzaq durun.

– Bir xanım özünə düzgün qulluq edərsə, yaşından nə qədər gənc görünməsi mümkündür?
– 15-18 yaş deyərdim. 20 yaş bir az çox olar. Əgər qadınların canı istərsə, yaşından cavan görünə və ya bir o qədər də yaşlı görünə bilər. Nənə-babalarımız deyiblər ki, bir insan 100 il yaşamırsa, günah onun özündədir. Bir xanım yaşından 15 il gənc görünmürsə, günah özündədir. “Mən dərim üçün heç nə istifadə etmirəm, Allah belə yaradıb” deyib fəxr etmək doğru deyil. Hamımızın dərisi doğulanda çox gözəl olur. Amma həyat şəraiti var. Sənin suyun xlorludur, çölə çıxırsan, bu qədər maşın, toz var, hava çirklidir.

7Times.az