Ötən gün “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub etdi.
“Qarabağ”ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında dünənki qarşılaşmanı və “köhlən atlar”ı səfərdə nə gözləyəcəyi barədə danışıb.
“Sürix”in İsveçrə Superliqası çərçivəsində “Yanq Boyz”la oyununda bəzi məqamlar bəlli olmuşdu. Rəqibin zəif tərəfləri üzə çıxdı. Onların hücumlarının kəsərli olacağı da gözlənilirdi. Bununla belə, komandanın müdafiə xətti inamlı görünmürdü. Dünən biz iki fərqli hissə izlədik. Matçın ilk yarısında “Qarabağ”ın keyfiyyətli oyununa şahidlik etdik. Hücumçular, yarımmüdafiəçi və müdafiəçilər özlərini yaxşı tərəfdən göstərə bilirdi. Top itkisi zamanı rəqibin əks-hücumuna imkan vermirdik, əksinə kompaktlaşıb oyuna nəzarəti ələ keçirirdik. “Qarabağ”ın İsveçrə təmsilçisinin qol-qanad açmasına imkan verməməsi faktdır. Bununla yanaşı, müşahidə etdik ki, onlar yaranan azsaylı şansları da qola çevirə bilirlər.
İkinci hissəni isə bilmirəm dəyişikliklə, yoxsa yorğunluqla əlaqələndirim… “Qarabağ” fasilədən sonra çətinlik çəkirdi. Bu, dərhal hiss olunurdu. Çempionlar Liqasında oyanayan istənilən komanda belə səhvləri bağışlamır”.
49 yaşlı mütəxəssis ağdamlıların səfər qarşılaşmasında uğurlu nəticə əldə edəcəyinə inandığını söyləyib:
“Düşünürəm ki, biz bu mərhələni keçə biləcəyik. Hətta buna əminəm. Rəqibin yarımmüdafiə xətti bir qədər rahat oynamaq istəyir. Arxadan hücum qurmağı planlaşdırırlar. Topu özlərində saxlamağa, fintlərə üstünlük verirlər. Bu da onların top itirməsinə səbəb olur. Bizim yarımmüdafiəmiz isə həm sürət, həm də fərdi baxımdan rəqibi üstələyir. “Qarabağ”ın onlardan güclü olduğu açıq-aşkar göründü. İnanmıram ki, səfərdə yaratdığımız imkanları qolla tamamlamayaq. Bir daha qeyd edim, 100 faiz əminəm ki, mərhələni keçəcəyik. Demirəm ki, oyun asan keçəcək, xeyr. Bu növ oyunlar daim gərgin mübarizə şəraitində keçir. Amma rəqibi analiz etsək, bu qənaətə gəlmək olar”.
Kərimov Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyünün vəziyyəti ilə bağlı sualı da cavablandırıb:
“Ötürmələr zamanı maneələr müşahidə olunmurdu. Amma zəminin altında hardasa problem olduğu sezilirdi. Ümumiyyətlə, Tofiq Bəhramov stadionu “Qarabağ” üçün həm uğurlu, həm də rahat bir stadiondur. Qazona xüsusi və daimi qulluq lazımdır. Futbol meydançasında olan ot örtüyü adi çəmənlik deyil. Stadionun qazonunu il boyu keyfiyyətli və hazır vəziyyətdə saxlamaq lazımdır”.
Follow @7timesaz