“Ermənistanın əvvəlki mövqeyində qalmaq istədiyi hamıya bəlli idi. Yəni Ermənistan köhnə siyasətini yeni şəraitdə davam etdirmək niyyətindədir. Bu işğalçılıq siyasətidir. İndi bunu yeni formada həyata keçirirlər”.
7Times.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Son günlər Azərbaycan və Ermənistan arasında yaranmış gərginliyə münasibət bildirən eks-nazir hesab edir ki, bundan öncə Moskvada və Brüsseldə keçirilən görüşlər nəticəsiz yekunlaşıb:
“Təbii ki, Azərbaycan vasitəçi olan dövlətdən istəyirdi ki, 2020-ci ilin 10 noyabr bəyannaməsində nəzərdə tutulan müddəalar həyata keçirilsin. Biz görürük ki, bunun nəticəsində təxribatlar silsiləsi baş verir. Azərbaycan indi “Qisas” əməliyyatı ilə göstərdi ki, istənilən vaxt, istənilən yerdə düşmənə zərbə endirə bilər”.
Sabiq XİN başçısının sözlərinə görə, “Qisas” əməliyyatı Qarabağla bağlı əsas mövzuları yenidən gündəmə gətirib:
“Birinci tələb Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və tez bir zamanda çıxarılmasıdır. İkinci tələb regionda təhlükəsizliyi təmin edən rus sülhməramlıları ilə bağlıdır. Hazırda onların nəzarəti altında olan ərazilərdə konstitusiyamıza zidd olan hərbi birləşmələr fəaliyyət göstərir. İndi bilinmir onlar ruslara yardımçıdırlar, yoxsa nədirlər? Başa düşmək olmur. Sülhməramlıların vəzifəsi 5 il ərzində sülhü təmin etməkdir. Bunu təmin etməlidirlər. Onlara imkan verməli deyillər ki, bizə qarşı təxribat törətsinlər. Burada 3-cü məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Bütün bunların hamısı həll olunmalıdır. Azərbaycan zərbələri ilə həm ermənilərə, həm də bu məsələdə 3-cü tərəf kimi çıxış edən oyunçulara öz siyasi iradəsini göstərib”.
“Onu da qeyd etmək lazımdır ki, hadisələr Ermənistandakı gərgin qarşıdurmaların fonunda baş vermişdi. Yəni söhbət Rusiya-Qərb qarşıdurmasından gedir. Biz görürük ki, Ermənistanı ardıcıl şəkildə yüksək səviyyəli Rusiya və Qərb siyasətçiləri ziyarət edir. Həm Ermənistan siyasi elitası, həm də ictimaiyyəti Qərbyönümlü siyasəti seçmək istəyir. Məqsədləri Rusiyadan uzaqlaşmaqdır. Rusiya da bunu görür. Zəifləyən imkanları göstərir ki, Rusiya gec, ya tez uduzacaq”,- deyə keçmiş nazir vurğulayıb.
T.Zülfüqarov Zəngəzur dəhlizi layihəsinin aqibətinə də toxunaraq, proqnozlarını dilə gətirib:
“Astana üçlüyünün Tehranda görüşündən sonra bəlli olub ki, Rusiyanın strateji maraqları sanksiyalar dövründə cənub istiqamətində iqtisadi fəallığı artırmaqdan ibarətdir. Bunu təmin etmək üçün həm Türkiyə, həm İran, həm də o istiqamətdə olan Fars körfəzi dövlətləri, Pakistan və Hindistanla dəmiryolu bağlantısı lazımdır. Bunu nəzərə alanda gündəmə Zəngəzur dəhlizi gəlir. Çünki məhz bu bölgədə həm İran, həm Ermənistan, həm də Türkiyə ilə dəmiryolları bağlantısı mövcuddur. Söhbət ondan gedir ki, Rusiya əgər Ermənistanı Qərbə buraxsa, bunu Zəngəzurla edəcək, yoxsa yox? Çox maraqlı məsələdir.
Hesab edirəm ki, gələcək dövrdə artıq Qarabağdakı əsas siyasi hadisələr Zəngəzur tərəfə keçəcək. Əslinə qalsa, Rusiyaya Zəngəzur dəhlizi sərf edir. Bu dəhliz nəinki Rusiyaya, həm də Azərbaycan, Türkiyə və İrana sərf edir. Ancaq Ermənistan Qərbə yönəlsə, Zəngəzur dəhlizi Qərbə lazım deyil. Qərbin Rusiya ilə qarşıdurması bu cür əlaqələrə təbii ki, mənfi təsir göstərəcək. Hər halda zaman proseslərin necə olacağını göstərəcək”.
Follow @7timesaz