Dünya

“Qaz problemi Türkiyəni yeni güc mərkəzinə çevirəcək”  Natiq Cəfərli

“Qaz problemi Türkiyəni yeni güc mərkəzinə çevirəcək” – Natiq Cəfərlibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə verdiyi açıqlamada Türkiyədə təbii qaz qovşağı yaradılacağı təqdirdə bunu dəstəkləyəcəklərini bildirib. Putinin fikrincə, Türkiyənın həm də qazın qiymətinin müəyyən edilməsi platformasına çevrilmə imkanı var. 

Rusiya rəhbərinin fikrini şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bunun reallaşacağı təqdirdə Türkiyənin böyük regional üstünlük qazanacağını düşünür. 

7Times.az  xəbər verir ki, N.Cəfərli Türkiyənin qaz habına çevriləcəyinə inanır:

“Avropanın illik qaz istehlakı 510 milyard m3-dir. Keçən ilə qədər Rusiya bu həcmin 170-180 milyard m3-ni bir neçə boru xətti ilə təmin edirdi, indi bu xətlərdən yalnız biri – Ukraynadan keçən xətt işlək vəziyyətdədir, müharibəyə baxmayaraq nə Rusiya, nə də Ukrayna o kəmərlərə dəymirlər, amma həcm olaraq qaz nəqli çox aşağı düşüb.

Avropa üçün qazla əsas tədarük istiqaməti Türkiyə üzərinə keçir, həm “Türk axını”, həm də “TANAP və TAP” layihələri, bundan başqa İrandan Türkiyəyə çəkilmiş, artıq işlək vəziyyətdə olan (İTE) boru xətti də var. İrandan gələn xətlə ötürücülüyü 30 milyard m3 qaldırmaq imkanı var. Ümumilikdə, Türkiyə bütün boru xətlərinin tam həcmlə işləməsi zamanı Rusiya, Azərbaycan və Türkiyədən 90-100 milyard m3 qaz ala bilər ki, bu da Türkiyəni böyük qaz habına çevirmək üçün yetərlidir. Bundan başqa Türkiyənin özü də qaz hasil etməyə başlayır, həm də İsrail qazının bir hissəsi Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır”.

Türkiyənin yeni qazpaylayıcı mərkəzə çevrilməsinin Azərbaycanın maraqlarına tam uyğun olduğunu deyən ekspert yeni vəziyyətin Türkiyə və Avropaya yeni imkanlar açacağını söylədi:

“Avropa ölkələrinin ehtiyac duyduğu qaz həcmi getdikcə artacaq. Buna görə də, birbaşa olmasa da, dolayısı ilə Rusiyadan qaz almaqda davam edəcəklər. Bu vəziyyət Avropada qazın qiymətini artıracaq. Yüksək qiymətlərdən qaçmaq üçün Almaniya və digər Avropa ölkələri iri enerjitutumlu sənaye istehsalını Türkiyəyə daşıya bilər. Bunun üçün Türkiyə ideal logistik və enerji üstünlüklərinə malikdir, həm də gənc, dinamik əhalisi var. Ucuz enerji, ucuz işçi qüvvəsi, ideal coğrafi-logistik mövqeyi Türkiyəni yaxın gələcəkdə dəyişən dünyanın yeni regional liderlərindən birinə çevirəcək”.