Ölkə

Qazimiz Zəngilan döyüşləri ilə bağlı SİRLƏRİ AÇDI: Səmada o qədər dron var idi ki…

Qazimiz Zəngilan döyüşləri ilə bağlı SİRLƏRİ AÇDI: Səmada o qədər dron var idi ki…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan biri də Qaffar Axundovdur.

Dövlət Sərhəd Xidmətinin (DSX) ikinci ehtiyat taborunun giziri olaraq döyüşlərdə iştirak edən Qaffar Axundov oktyabr ayının 24-dən Zəngilanın kəndlərinin azad olunması uğrunda döyüşlərə qoşulub. O, taqım komandirinin müavini olaraq müharibədə iştirak edib. Q.Axundov oktyabrın 27-də Zəngilan rayonunun Vejnəli kəndində qızıl mədəni uğrunda gedən döyüşlərdə yaralanıb.

Publika.az-a danışan qazimiz bildirir ki, döyüşəcəkləri yerə çatana qədər onlar təlimlərdə iştirak ediblər. Bundan sonra isə Zəngilana gəliblər.

Həmin anlar Qaffar Axundovun dili ilə: “Bizə yolda dedilər ki, sizin gedib yerləşəcəyiniz yer hücuma məruz qalıb, buna görə də ora çatan kimi biz hücuma keçməli idik. “Kamaz”la gəlirdik, maşının işıqları da söndürülmüşdü. O qədər çox dron var idi ki, sanki səmada ulduzlar parlayırdı. Adicə telefona belə baxmaq mümkün deyildi, onun işığına görə də yerimizi təyin edib bizi vura bilərdilər. Gecələyəcəyimiz yerə çatanda da hamımız eyni məkanda yerləşdirilmədik. Çünki hücum olarsa, hamımızı öldürə bilərdilər. Ona görə də qruplara bölünərək müxtəlif yerlərdə mövqe tuturduq. Tapşırıq gələndə isə birlikdə hücuma keçdik”.

Növbəti günlərdə Q.Axundov və onunla birlikdə olan 45 sərhədçimiz Vejnəli kəndi istiqamətində hücuma keçirlər. Onlar həmin yerdə olan adsız yüksəkliyi düşməndən azad etməli idi: “Olduğumuz mövqe irəlidə idi, dağ döyüşləri idi. Buna görə də mərmi ora düşürdü. Bizi görmüşdülər, bu səbəbdən də ermənilər hədəf kimi olduğumuz yeri seçmişdi. Minomyotdan atəş açılıb mərmilər yerə düşənə qədər komandirimiz kəlimeyi-şəhadətini deyirdi. Hər dəfə də mərmi düşəndən sonra başını qaldırıb sağ olub-olmadığımızı soruşurdu. 6 mərmi eyni yerə düşdü, onun üçüncüsü komandirin yanına düşdü. Saat 7-8 radələrində 7 yaralımız oldu, mən də orada yaralandım. Komandirimiz kapitan Meydanov Elməddin üçüncü minomyot atəşində şəhid oldu. Bizim PUA-mız erməni minomyotunu vurdu, atəş bir müddətlik dayandı. Daha sonra biz köməyə gələn 22 təxliyə heyətini gözlədik. Gecə yarısı onlar gəlib çatdı. Şəhid kapitanımızı götürdülər, bizim də hərəkət etməyimizə kömək etdilər, bu şəkildə dağdan aşağı düşdük. Saat 01:30 radələrində oradan çıxdıq, səhər saat 10-da isə dağın aşağısına çatmışdıq. Bütün gecə yerimişik. Hava şəraiti əlverişsiz idi. Ərazini yaxşı tanımadığımıza görə çiskin, duman hərəkətə mane olurdu. Bizi Zəngilandan olan könüllü bələdçi ərazidən çıxardı”.

Qaffar Axundov qeyd edir ki, çətinlik olsa belə, onları heç nə bu yoldan döndərə bilməzdi. Sonuna qədər də mübarizələrini davam etdiriblər: “Hər mənada çətinlik yaşadıq, amma bu, bizi yolumuzdan saxlaya bilməzdi, ancaq hərəkət edirdik. Ayın 24-də Zəngilanın bir neçə kəndi azad olunduğu üçün artıq təminat gətirmək mümkün idi. Ancaq verilən ərzaqları da ehtiyatla yeyirdik ki, birdən nəsə baş verər, təminatın qarşısı kəsilər. Üzərimizdə olan ağır yüklərlə dağı qalxırdıq, taqətimiz qalmırdı, amma yenə də qətiyyətlə irəli gedirdik. Çətinlik heç bir Azərbaycan əsgərini sındıra bilməzdi. Bir məqsədimiz var idi, o da işğalda olan torpaqlarımızı azad etmək.

Hazırda sol ayağımda bud nahiyəsində və dizdən aşağı hissədə 17 qəlpə var. Sinir sistemini və toxumaları zədələmə ehtimalı olduğu üçün heç biri çıxarılmadı. Bir müddət işləsəm də, sonradan sağlamlığım imkan vermədi. 2 ay olar ki, ərizəmi yazaraq işdən çıxmışam”.

Qazimizin sözlərinə görə, düşmənin döyüş qabiliyyəti o qədər zəif olub ki, hətta qarşı-qarşıya gələndə mövqelərini tərk edərək qaçırmışlar: “Sadəcə yüksəklikdə mövqe tutduqları və müdafiə olunan tərəf olduqları üçün minomyot və snayper tüfənglərindən daha çox istifadə edirdilər. Biz yüksəkliyə çatanda tapşırıq gəldi ki, orada ermənilər kamera yerləşdirib, bu da ləğv olunmalıdır. Ermənilər müşahidə kamerası ilə bizim yerləşdiyimiz ərazini izləyib minomyotla dəqiq vururdular. Ora çatanda gördük ki, bir neçə erməni qalmışdı, qalanları silah-sursatını qoyub qaçmışdı”.

Qaffar Axundov və silahdaşları öz aralarında azad etdikləri adsız yüksəkliyin adını şəhid kapitan Elməddin Meydanovun şərəfinə “Meydan” zirvəsi adlandırıblar. Bu adın rəsmiləşdirilməsi üçün aidiyyəti qurumlara da müraciət ediblər.

Qaffar Axundov “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.