ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası İlon Maskın “Twitter” səhmlərini alması ilə bağlı açıqlamanı hansı səbəbdən gec verdiyi ilə bağlı araşdırma aparır. Bu barədə çərşənbə günü “The Wall Street Journal” mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Amerika qanunlarına görə, investor bir şirkətin səhmlərinin 5%-dən çoxunu aldıqdan sonra 10 gün ərzində bu şirkətin səhmdarlarına bu barədə məlumat verməlidir. Bu, səhmdarların investorun şirkət üzərində nəzarəti əldə etmək niyyəti barədə əvvəlcədən məlumatlı olması üçün önəmlidir.
Mask 14 martda 5% səhm həddini keçsə də, yalnız aprelin 4-də “Twitter”də 9,2% paya sahib olduğunu açıqlayıb. “The Wall Street Journal”a müsahibə verən ekspertlər qeyd ediblər ki, əgər sahibkar qiymətli kağızların göstərilən payının alınması barədə vaxtında məlumat versə idi, “Twitter” səhmlərinin dəyəri xeyli arta bilərdi. Beləliklə, nəşrin hesablamalarına görə, sahibkar ən azı 143 milyon dollar qənaət edib.
Qeyd edilir ki, Qiymətli Kağızlar və Birja Komissiyasının araşdırmasının Maskın “Twitter”i alması ilə bağlı razılaşmanı pozması ehtimalı azdır. “Wall Street Journal”ın ekspertləri də ehtimal edirlər ki, sahibkar aparılan araşdırmanın nəticələrinə əsasən məhkəmə çəkişmələrindən də yayına biləcək.
Aprelin 25-də “Twitter” rəhbərliyi Maskın şirkəti 44 milyard dollara alacağı ilə açıqlama vermişdi. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumatına görə, milyarder müqaviləni ləğv etmək qərarına gəlsə, şirkətə 1 milyard dollar cərimə ödəməli olacaq. Əgər müqavilənin ləğvinin təşəbbüskarı “Twitter” olsa, o zaman təzminat Mask tərəfindən alınacaq. Müqavilənin yekun bağlanma tarixi isə 24 oktyabr 2022-ci il tarixinə təyin edilib.
Follow @7timesaz