Bu gün Qusar rayon prokuroru Elxan Əbdürrəhimov və prokurorluğunun əməkdaşları rayonun Atluxan kəndində yaşayan İkinci Qarabağ müharibəsi iştirakçısı, qazi İlkin Elxan oğlu Abıyevlə onun evində görüşüblər.
7times.az xəbər verir ki, görüş zamanı Elxan Əbdürrəhimov şəhid ailələri və qazilərə dövlət qayğısından danışaraq, onların daim diqqət mərkəzində olacaqlarını, ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən daima lazımi kömək göstəriləcəyini diqqətə çatdırib.
Qazi İlkin Abıyev isə keçdiyi döyüş yolundan danışarkən, Şuşa şəhəri ətrafında gedən döyüşlərdə gözləmədiyi halda qəflətən minaya düşdüyünü və sol qolunu itirdiyini bildirib.
O, həmin anı belə xatırlayıb:
“Şuşa şəhəri ətrafında döyüşlərdə qəflətən minaya düşdüm, həmin an sol qolumun hara düşdüyünü tapa bilmədik. Döyüşçü yoldaşlarım dərhal mənə ilkin tibbi yardım göstərərək qanaxma olmaması üçün qolumun qopan yerindən sarımağa başladılar. Mən isə dedim ki, heç olmasa, qopub düşən qolumu tapın, biləyimdəki o saatı açın, qolum heç oldu, heç olmasa, saatı açın götürün. Saatı min cür əziyyətlə almışam, həmin saatı müharibədən bir neçə ay əvvəl Türkiyə Cümhuriyyətində xidməti təlimdə olarkən pulumu sıxışdırıb almışdım. Lakin nə qolumu, nə də saatı tapa bilmədik”.
Bundan sonra prokuror Elxan Əbdürrəhimov öz saatını qolundan açaraq İlkin Abıyevə hədiyyə edib və saatı onun sağ qoluna bağlayıb.
İ.Abıyev bildirib ki, bu saatı xatirə olaraq həmişə özündə saxlayacaq (etikxeber).
Follow @7timesaz