Gündəm

Ramiz Mehdiyevin toplantısından çıxıntılar

Əlində olan imkanlardan, yerləşdirdiyi adamlarından istifadə edərək, qisas almağa çalışacaq.

Ramiz Mehdiyevin toplantısından çıxıntılarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan siyasətində Ramiz Mehdiyev amili nə bu günün, nə də dünənin problemidir. Uzun illəridir ki, Ramiz Mehdiyevin Azərbaycan dövlətinə, təmsil etdiyi hakimiyyətə qarşı təhdid olduğu yazılır.

Ramiz Mehdiyevin nəvəsinə toy etməsi, məclisdə sabiq nazirlərin, sabiq və hazırkı millət vəkillərinin iştirakı çox mətləbdən xəbər verir. Bəli, kimsə deyə bilər ki, toydur, dəvət edib, insanlar da gəlib. Əslində məsələ bu qədər sadə deyil. Hər şeydən əvvəl Ramiz Mehdiyev nəvəsinə toyu adi günlərdə yox, məhz toyların qadağan edildiyi, ölkədə karantinin hökm sürdüyü bir vaxtda edib. Belə bir dönəmdə Ramiz Mehdiyevin nəvəsinə toy etməsi əslində qanunlara, karantin qaydalarına və bu qaydaları qoyan dövlətə üsyan kimi qiymətləndirilməldir. Hazırkı dönəmdə Ramiz Mehdiyevin nəvəsinin toyuna getmək də, qanunları çiynəməklə yanaşı, həm də “boz kardinal”ın yanında yer almağın sübutudur. İstənilən bir şəxs baş verənlərin ictimailəşəcəyi təqdirdə bu gün olanları hesablaya bilərdi. Kim, hansı ağılın sahibi bunları göz önünə ala bilər? Təbii ki, Ramiz Mehdiyevdən asılılığı olan, ona bağlı olan şəxslər. Necə ki, toyda Abel Məhərrəmov özlərinin xırda, Ramiz Mehdiyevin isə böyük adam olduğunu dilə gətirdi.

Toyda iştirak edənlər arasında millət vəkili Sİyavuş Novruzov və onun həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da olub. Təsəvvür edirsiniz, iki hüquqşünas, biri qanunverici orqanda təmsil olunur, biri isə parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirir. Ölkədə məhz qanunlarla işləyən şəxslərin qanunu pozması çox mətləblərdən xəbər verir. Siyavuş Novruzov bildirdi ki, onu Ramiz Mehdiyev ölkə prezidentindən icazə aldığını deyərək, aldadıb. Əslində millət vəkili bu açıqlaması ilə Ramiz Mehdiyevi yalançı çıxarmaqla yanaşı, həm də ölkə prezidentini zərbə altında qoyur. Ehtimal yaradır ki, İlham Əliyev ölkədə karantin olsa da, kimlərəsə toy keçirməyə icazə verə bilər.

Ramiz Mehdiyev haqqında həmişə “təhlükəli adamdır” fikiri səsləndirlib. Onun bir çox icra hakimiyyətlərinə öz adamlarını qoyduğunu, bəzi nazirlərin onun adamı olduğunu eşitmişik. Hətta xaricdə mühacir həyatı yaşayıb, Azərbaycan hökumətini söyənlərin maliyələşdirdiyi iddiası da var. Bundan əlavə Ramiz Mehdiyevin müxalif düşərgə ilə sıx bağlılığı bilinir, onlara maliyyə və digər məsələlərdə yardım etdiyi dəfələrlə səsləndirilib. Əldə etdiyim məlumata görə, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident təyin edildikdən bir müddət sonra bəzi nazirləri, yüksək çinli məmurları quruma pul ödəməyə məcbur edirmiş. Bu məsələnin də üstü açılıb və onun bu “reketçiliyinə” son verilib.

Dünən Ramiz Mehdiyev baş verənlərlə bağlı bir açıqlama yaydı. Əslində diqqət çəkiləcək məqamlardan biri də, açıqlamanın hardan yayılması idi. Ramiz Mehdiyev AMEA-nın rəsmi saytını öz bloqu kimi istifadə edərək, özünün şəxsi və ailəsinin probleminə münasibəti oradan bildirdi. Bunun özü də, onun hansı təfəkkürdə olduğunun bir sübutudur. Bundan əlavə Ramiz Mehdiyev üzr istəmək yerinə, baxça uşaqları kimi dirəşərək, bildirir ki, başqalarına olar, niyə mənə yox?! Budur dövlət adamı, dahi siyasətçi təfəkkürü?

Açıq-aşkar görünür ki, Ramiz Mehdiyev vəzifədən çıxarılması ilə barışmır, son açıqlaması ilə də göstərdi ki, barışmayacaq da. Təbii ki, əlində olan imkanlardan, yerləşdirdiyi adamlarından istifadə edərək, qisas almağa çalışacaq.

Dövlət baş verənlərə cavab verməli idi və verdi də. Yoxsa hakimiyyətdə kimin olmasından aslı olmayaraq, dövlətin avtoriteti şübhə altına düşəcəkdi. Görünən odur ki, “köhnələrlə” “yenilər” arasında açıq savaş gedir. “Yenilər”in üstün tərəfi ondadır ki, Azərbaycan xalqı da, “köhnələrdən” çoxdan bezib. Xalqı arxasına alan qələbə qazanacaq.

Bu yay çox isti oldu, payız yaydan daha da isti olacaq.

Səxavət Məmməd
7times.az