Son günlər Azərbaycanın Qubadlı rayonunun Gorus-Qafan avtomobil yolundakı özbaşına yük daşımasının qarşısını almaq üçün xəbərdarlıqlarına məhəl qoymayan Ermənistana dəstək verən qüvvələr üçün qorxulu yuxuya dönüb desəm yanılmaram.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri Qarabağın dağlıq hissəsində səlahiyyətlərindən sui-istifadə etmək hallarının artması, 10 noyabr üçtərəfli bəyanatına zidd davranışları rəsmi Bakı üçün artıq bardağı daşıran son damla oldu. Xankəndinə və sülhməramlıların müvəqqəti nəzarətindəki digər ərazilərə qeyri-qanuni səfərlərə şərait yaradılması, separatçı rejim qalıqlarının Ermənistandan gələn silahlı dəstələr hesabına yeni postlar qurmaları azmış kimi, Gorus-Qafan yolundan İrana məxsus yük maşınlarında humanitar və digər məqsədlər üçün ardı-arası kəsilməyən maşın karvanlarının qarşısını almaqda heç bir təşəbbüs göstərməyən sülhməramlı kontingentin əmri aldığı mərkəzə ən böyük dərsi rəsmi Bakı verdi.
Öncə iki gün Gorus-Qafan yolu bağlandı. Bundan sonra ermənilər anladılar ki, Azərbaycan qalib tərəfdir, onun dedikləri olmalıdır. Zəngəzurun alternativi yoxdur. Bu yol açılmalıdır, çünki dəhliz region ölkələrinin də maraqlarına uyğundur. O cümlədən, Ermənistanın öz maraqlarına da uyğundur. Çünki Ermənistan bu dəhlizin açılması ilə öz yüklərini Rusiya, İran, Gürcüstan kimi ölkələrə göndərir. Bu kimi ölkələrlə digər başqa layihələri də var ki, dəhliz açılmazsa, bu layihələr də batacaq. Bu mənada Ermənistanın başqa çıxış yolu yoxdur. Lakin proseslər göstərdi ki, ermənilərdən də çox proseslərin bu qədər gərginləşməsi, bölgədə yeni təzadların ortaya çıxmasında maraqlı olan başqa qüvvələr də var.
Azərbaycan Gorus-Qafan yolundan keçməklə İrandan Ermənistana (oradan isə Qarabağa) yüklər daşıyan cənub qonşumuzun iri nəqliyyat vasitələrinin bu qanunsuz addımlarına son qoymaq üçün Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi ərazisindən keçən hissəsində hərəkəti əvvəlcə sərhəd postlarında beton bloklarla məhdudlaşdırdıqdan sonra yolda polis postu qurmaqla 44 günlük müharibədən sonra da sabun köpüyü kimi bitib tükənmək bilməyən xülyalarından əl çəkməyən revanşist qüvvələrə və havadarlarına 44 günlük müharibədən sonra regionda və bölgədəki vəziyyətin daha əvvəlki kimi olmadığını bir daha xatırladıb. Bir neçə gündür ki, həmin yoldan keçən İran TIR-ları və tankerləri saxlanılaraq yoxlanılır. Azərbaycan gömrükçülərinin iranlı sürücülərdən yol vergisi tutduqları da bildirilir. Artıq rəsmi Bakının göstərişi ilə nəinki İrana məxsus tək TIR-lar, eyni zamanda avtobuslar da Azərbaycanın güc strukturları tərəfindən yoxlanılır.
Proseslərin bu cür cərəyanı qarşı tərəflərdə artıq dövlət rəsmiləri səviyyəsində ciddi narazılıqlarla müşahidə edilməyə başlanılıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iki gün öncə keçirdiyi brifinqdə etdiyi açıqlamalarla Bakının son addımlarından ciddi narahatlıq hissi keçirdiklərini hiss etdirib. Xəzəryanı dövlətlərin ümumi razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir. O, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsini şərh edib: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasında hərbi iştirak məsələsi açıq şəkildə izah olunub. Beş sahil əyalətinin razılaşmaları digər ölkələrin hövzədə hərbi varlığını qanunsuz edir. Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri məsələsi Xarici İşlər Nazirliyində araşdırılır”.
Tehranın “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasını” xatırlatmasına, Azərbaycan-Türkiyə hərbi təlimləri başqa sahil ölkələrini narahat etmədiyi halda bircə İran niyə narahat olub? Necə olur ki, həm Azərbaycanı, həm də Türkiyəni tərəfdaş ölkə adlandıran İran iki qonşusuna etiraz etməyə qərar verib? Demək məsələ göründüyü kimi deyil. Görünür, məsələ hərbi təlimlərdə deyil. Əslində Azərbaycan-Türkiyə hərbi ittifaqı Azərbaycan və Türkiyənin torpaqlarına iddia edən Ermənistanı narahat etməli olduğu halda İranın da narahatlığı diqqətdən yayınmır. Lakin hər kəs çox gözəl anlayır ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı hər hansı bir ölkəyə, qonşu dövlətlərə qarşı yönəlməyib. Buna rəğmən, İrəvan kimi Tehran da Azərbaycan-Türkiyə hərbi ittifaqından narahat olmağa başlayıb. Görünür, İran Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsini həzm edə bilmir.
Amma bu narahatlıq təkcə İrandan hiss edilmir. II Qarabağ müharibəsinin bitdiyini rəsmiləşdirən 10 noyabr üçtərəfli bəyanatının vasitəçisi olan Rusiya da son zamanlar özünü heç də 7-8 ay əvvəlki kimi aparmır. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Andrey Klimovun son açıqlamaları belə deməyə əsas verir. İran XİN-in sözçüsü Səid Xətibzadə ilə təxminən eyni vaxtda rəsmi Bakıya və Ankaraya xəbərdarlıq mesajı yollayan Klimov keçirdiyi mətbuat konfransında “Azərbaycanın NATO üzvü Türkiyə ilə yaxınlaşmasını necə dəyərləndirirsiniz?” sualını belə cavablandırıb: “Rusiya Ermənistan sərhədlərini öz sərhədləri kimi qorumağa davam edəcək. Rusiya həm özünü, həm də müttəfiqlərini müdafiə etmək qabiliyyətindədir. Heç kimə bunu praktikada yoxlamağı məsləhət görmürəm. Bu, heç kim üçün yaxşı nəticə verməz. Ankaradakı həmkarlarımız da bunu yaxşı bilirlər”.
Pakistan, Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının “Üç qardaş-2021” hərbi təlimlərinə start verilməsi də Rusiyanın yuxusunu ciddi şəkildə qarışdırıb. Bundan hələ 3 gün öncə Türkiyə ilə Azərbaycan hərbiçilərinin Laçın dəhlizi yaxınlığında həyata keçirilən təlimlərini də nəzərə alsaq, Moskvanın əsl narahatlığının haradan qaynaqlandığını tapmaq üçün çox da düşünməyə gərək qalmır. Rusiya dövlət rəsmisinin “Heç kimə bunu praktikada yoxlamağı məsləhət görmürəm” açıqlaması təbii ki, son günlər daha artan Türkiyə, Azərbaycan müttəfiqliyinə və ikiliyə istər müharibə dövründə, istərsə də ondan sonrakı mərhələdə böyük mənəvi dəstək nümayiş etdirən Pakistana “Birdən bilməzsiniz Ermənistan sərhədlərini aşarsınız. O zaman qarçşısınızda bizi görəcəksiniz” xəbərdarlığı demək idi. Amma bu xəbərdarlığa heç gərək yox idi, çünki artıq hər kəs kimin kim olduğunu, kimin məqsədinin nə olduğunu yaxşı bilir, eləcə də Bakı və Ankara. Və indi nə Azərbaycan, nə də Türkiyə 20 ilin dövlətləri deyil. Bu cür bəyanatlarla hədə-qorxu gəlmək yerinə vasitəçi kimi öz öhdəliklərini icra edib regionu növbəti müharibə təhdidi ilə hədələyənləri susdurmaq daha doğru seçim ola bilər. Amma Azərbaycan və Türkiyə bir daha göstərdi ki, onları heç bir dövlət, heç bir qüvvə, heç bir bəyanat öz yolundan döndərə bilməyəcək.
Belə olmasaydı, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin Türkiyə səfərinin ardınca Hulusi Akarın dəvəti ilə nazir general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşməzdilər. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan gələn nümayəndə heyətini şəxsən qəbul etməsi isə regionda baş verən bütün proseslərə ən azı Azərbaycan qədər Türkiyənin də nə qədər hakim olduğunu göstərir./milli.az/
Follow @7timesaz