Beş yüz il əvvəl başına döndüyümüz Azərbaycanda Rövşən adlı bir gənc dəliqanlı – kor mehtər Alı kişinin yeganə yadigarı, bir hərəkət edib ürəkləri fəth etdi. Tokat şəhərinin o vaxtkı icra başçısı Hasan paşadan atasının intiqamını alıb Koroğlu ləqəbini qazandı.
Oxşar təcrübə tariximizdə daim təkrarlandı, təkrarlandı, təkrarlandı… Arada kiçik fasilələr də oldu bu qədim ənənədə. Axırda, lap axırda bu ənənə özünü Lənkəranda bərpa edib, ən yeni tariximizə də qayıtmağı bacardı.
Oğlan elə həmin beş yüz il əvvəlki oğlandı.
Oğlan elə əvvəlki Rövşəndi…
***
Zil qaranlıqda tək-tənha qalıb lap çaşmışdım. Qapı çırağının düyməsini çox gec aşkarladım. Əlim, soyuq divar üzərində bir xeyli sürüşüb gəzişdi. Çırağı yandırınca, bir əyalət şəhərinin düz mərkəzində dayandığımı gördüm. Lənkərandaydım. Çoxlarının Xan Lənkəran, Cənub mirvarisi dediyi çox qəliz bir ünvanda.
Lənkəran sakit yerdi. Elə sakinləri də, bəli, çox sakit görünür ilk baxışda. İlk aldadıcı baxışda, həə, mən də təsdiq edərdim, bu, belədi. Vuruşqanlıq, ona-buna hərbə-zorba gəlmək ənənəsi, Bakıdan fərqli olaraq lənkəranlılarda yoxdu… Qətiyyən yoxdu. Bu vacib cəhət lənkəranlılara deyil, daha çox yol qıraqlarında dəcəllik edən Lənkəran ördəklərinə, qazlarına aiddi. Lənkərana bir yad ünsür, südüçürük birisi gəldimi, vəssalam, görəcəksiz qaz-ördəklər özlərini cırıb bir an belə sakit dayanmayacaqlar. Elə hey irəli…irəli atılacaqlar.
“Nissan” nişanlı yapon avtomobilimiz Lənkərana girincə, bunu bir daha müşahidə etdim. Qazlar, ördəklər özlərini maşınımızın təkərləri altına bir dəfə atdılar, iki dəfə…üç dəfə…
“Qanuni” oğrularda ədətdi – yaşadıqları məxfi ünvanlarda həmişə qaz saxlarlar ki, başları üstünü almış təhlükədən bir an tez xəbər tutsunlar.
– Rövşən rəhmətlik uşaqlıqda əlində dəmir ağacından kəsilmiş çubuq o qədər qaçardı ki, bu cür qaz-ördəklərin ardınca. O qədər…
Rəhmətlik Rövşən Lənkəranskinin məhəllə qonşusu Etibar kişi ağı qaradan, pisi-yaxşıdan seçənlərdəndi. Yol kənarında qaz sürüsüylə döyüşlərimizi görüb, dilini dinc saxlamır. Özü də bilmədən Rövşənin ilk uşaqlıq sirlərini açır bizə.
– Rövşən hələ uşaqkən dalaşmaq, irəli atılmaq, qəfil zərbə vurmaq hünərini elə buralardaca, arx qıraqlarında gəzişən ördək, qaz balalarından öyrənib dəəə. -Etibar kişi, qazları ayaqlarıyla itələyib bizə yaxınlaşır.
– Xoş gəlibsiz, səfa gəlibsiz bizim Xan Lənkərana. Şəhərimizin ilk pəhləvanlarını, keşikçilərini özünüz görürsüz də… Ancaq icazə verin, sizi daha ağır çəkili pəhləvanlarımızla tanış edim. Yəni…
– Yəni kimlə?- deyib, Etibar kişinin sifətinə bir xeyli zilləndim. O da susdu bir an, elə mən də. Axırda ağzının qıfılı açıldı.
– Yəni Rövşən Lənkəranski ilə…
***
Həəə.. söhbətimizdən bəlli olur ki, ilk şübhələrimiz dəqiqmiş – rəhmətlik Rövşən qaz kimi ayıq olmağı, Etibar kişi də təsdiqləyər, qapılarındakı qaz-ördəklərdən öyrənibmiş.
– Siz bunu hardan bildiz axı? Deyirdim bunu ancaq mən bilirəm.
Etibar, əl telefonuna gələn saysız zənglərə cavab vermir bayaqdan bəri. Elə ancaq bizim sualları cavablandırır. Arada bir, xatirələrin təsiriylə, sir-sifəti rəng verib, rəng alır gözlərimiz qarşısında. Birdən sanki bütün bunların təsiri silinir Etibarın sir-sifətindən. Mavi gözlərini qarşımızdakı Rövşəngilin qapısından ayırmadan qulağımıza:
– Gəlin sizə indi bilmədiklərinizdən danışım mən, – sözlərini pıçıldayır.
Soyuq divarlara dirənib öz xatirə dəftərini açır bizə.
***
Lənkəranlıların yekə-yekə, xana-xana evlərini qışda hər ailə qızdıra bilməz. Kasıblar, belə vaxtlar adətən balaca bir otağa doluşub soyuq, nəm qış fəslini birtəhər yola verərlər. Ancaq bu acı mənzərə son müstəqillik dövrümüzün mirasıdır. Sovet vaxtları vəziyyət fərqliymiş deyilənə görə. Lənkəranlılar o vaxt öz yekə evlərinin bütün ərazisində, otaqlarında yaşayırmışlar. Rövşənin rəhmətlik atası Rafiq kişi, indi qapısında dayandığımız mülkünü bax o şirin, isti sovet vaxtlarında tikib ucaldıbmış.
Həmin vaxtlar ölkədə yenidənqurma cərəyanı başlayır. Moskvadan əmr gəlir bəs hər şəhərdə, obada “Çörək evi” zəncirini, şəbəkəsini yaradıb idarəçiliyini verin o yerlərin halalsüdəmmişlərinə. Rövşənin atası Rafiq kişi o vaxt düşür irəli. Böyükbazar ərazisində milli üslubda tikilmiş “Çörək evi” kiçik müəssisəsinə rəis təyin edilir. Başlayır kasıb-kusubun əlindən tutmağa.
Amma bir gün gecənin xain vaxtında…
***
Həəə, düz eşitdiniz cümləmin axırıncı kəlməsini, gecənin məhz xain vaxtında, 1992-ci ilin 21 may tarixində, Rafiq kişi Astaradan Lənkərana geri dönərkən içkili, sərxoş şər üçlüyü ilə qarşılaşır öz yolunda.
– Adları da qəribəydi bu üçlüyə daxil olanların-Sovet, Ədalət, Vətən. Astaranın Şahoğlan kəndində hamı bu cinayətkar üçlükdən qorxar, dayandığı yerdə tük tökərmiş. İçkiliydilər həmişəki kimi o məşum gecə bu gədələr. Bu yolunuazmışlar. Lənkərana gedib orda keflərini davam etdirmək istəyirdilər. Görürlər bu vaxt uzaqdan kəndə bir təzə “Jiquli” yaxınlaşır.
“Rövşən azadlığa çıxanda ”ksiva” almışdı, həmin məktubda Moskvada bir ünvan göstərilirdi. Ora getməliydi” |
– Nə əcəb Rafiq bu gədələrə baxıb ayağını əyləcə basır? Sükan arxasından ayrılıb eşiyə çıxır, hə?
Suallarımdakı müstəntiq ahəngi, görürəm, qəfil Etibar kişini yamanca diksindirir. Həəə, Etibar kişi bizə olan etibarını, lənət şeytana, itirir elə bil bir müddət. Dörd-beş addım kənara çəkilir bizdən. İstəyir həm yaxından müşahidə etsin bizi, həm də uzaqdan. Əvvəlcə, sinəsindən qalxan öskürəyi boğur, sonra aramızda əvvəlki səmimiyyəti bərpa edir.
– Rafiqin “Jiquli”si körpüyə dönərkən, sürətini azaldır. Canilərdən biri, Sovet adlı bir gədə, yaranmış vəziyyətdən istifadə edərək özünü kapot üzərinə tullayır. Həmkarlarına səslənir bu vaxt. Deyir “maşını bəs belə saxlayarlar eeyyyyy”.
Ətrafımızı sarmış zülmət halqası, bu vaxt öz dairəsini daraldır elə bil. Bir an, eşitdiklərimə inanmıram. Elə bilirəm bəs nağıldı indi eşitdiklərimin hamısı. Etibar da bunu hiss edib söhbətimizi saxlayır sabaha. Deyir, Rövşənin məzarı üzərində danışacaq bizə bu qətlin büsbütün sirlərini.
***
Səhəri, günəş şüalarından gözlərim qamaşa-qamaşa axır durub gəldik Rövşənin yatdığı məzarlığa. Qapıdakı tanış silueti uzaqdan tanıdım – Etibar kişidi. Sərv ağaclarının əyri kölgəsində durub yolumuzu gözləyir.
– Yallah, gedək Rövşənin məzarı üzərinə. Yolda sizə xatirələrimin qalanını danışaram.
Həə, o cinayətkar üçlük üzvlərindən biri – Sovet adlı xain gədə o gecə qəfildən özünü atır “Jiquli”nin kapotu üzərinə. Az sonra gecənin sükutunu avtomat silahların yaylım atəşləri pozur. Rafiq Canıyevin al-qana bulaşmış cəsədini səhər tapıb, məhəllə sakinlərinin qolları üstə Kiçikbazar məscidinə gətirirlər.
– Məhkəmə zalında Rövşənlə yanbayandım. Canilər məhkəmə zamanı lap ağ eləmişdilər. Üçü də bir ağızdan eyni sözü təkrarlayırdılar: “Düz eləmişik, əcəb eləmişik. Ovcumuzun içindən gəlir”. O gədə – Sovet, ağzından saqqızı çıxarmadan ifadə verdiyi vaxt bir də gördük içərini elə bil barıt tüstüsü bürüdü. Uşaqda fərasətə bir bax – 17 yaşlı Rövşənin buraxdığı dörd sərrast güllənin dördü də hədəfə dəymişdi. Gorbagor elə məhkəmədəcə gəbərdi göz görə-görə. Çənəsi son dəfə tərpənəndə Rövşən üzünü zaldakılara çevirib bir müddət heç nə danışmadı…
O barıt qoxusu elə bil indiyədək Etibarın burnundan çəkilib itmir.
Aha… şükür, gəlib yetişdik. Bu da Rövşənin saysız gül çələngləriylə örtülmüş məzarı. Etibar kişi xatirələrinin davamını burda danışmağa qərar verir.
***
Gözləriniz qarşısında bu möhtəşəm mənzərə canlansın – milislər əvvəclə hünər etmirlər Rövşənə yaxınlaşmağa. O, lal-dinməz, sakitcə, həmişəki qürurunu bir an belə sındırmadan dayanmışdı məhkəmənin düz ortasında. Döşəməyə cəsəd sərilmişdi.
Qarşıdakı qan gölməçəsi anbaan öz dairəsini genişləndirirdi. Axır, gölməçə gəlib Rövşənə çatanda milislər dörd tərəfdən üstünə tökülüşürlər. Dostları qandallayıb gətirirlər bölməyə. Üst-başa baxış zamanı Rövşənin cibindən koordiamin dərmanı, yəni ürək ağrısını kəsən dərman şüşəsi çıxır. Rövşən bu zaman da qürurunu itirmir.
– İndiyədək bu dərman mənə lazımdı. İndən belə qoy sizinki olsun. Mənə daha lazım olmayacaq. Ürəyimi də, tapancamı da eyni dərəcədə boşaltmışam…
Bu tarixi ifadədən sonra Rövşəni daha Lənkəranda heç kim görmür. Səsi-sorağı beş-altı il sonra Rusiyadan, Moskvadan gəlir Lənkərana. Bütün şəhəri yenə də silkələyib titrədir.
Bakıdakı həbs müddəti bitməmiş, hələ qazamatdaykən Rövşənə bir gün “ksiva”, yəni əyri xətlə yazılmış oğru məktubu gəlir. Orda Rövşənə azadlığa çıxdıqdan sonra Moskvaya, Qızıl meydana gəlmək tövsiyə olunurmuş.
Məktubu oxuyub cibinə qoyan Rövşən qəfil qarşısında qoca avtoritetlərdən birini aşkarlayır.
– Gedirsən Qızıl meydana. Leninin mavzoleyi ilə üzbəüz səkidə, sənə göstərərlər, Mərkəzi Univermaq yerləşir. Qalxırsan üçüncü mərtəbədəki üzərinə “Çaynaya” yazılmış ünvana. Qaqaşlar orda çay içə-içə sənin sonrakı taleyini həll edəcəklər.
– Orda çayxana var?
Sadəlövh sual qoca avtoriteti möhkəmcə əsəbiləşdirir. Çənəsi də titrəyir, divara dirədiyi köhnə əsası da.
– Çayxana yox… “çaynaya”… Səhvini bir də təkrarlasan, taleyin, yadda saxla, başqa istiqamətə axacaq. Elə çayxanalarda çürüyəcəksən.
Azadlığa çıxan Rövşən, cibində oğru “ksiva”sı, deyilənlərə əməl edir. Gəlir Qızıl meydana, Lenin mavzoleyinə tərs-tərs baxdıqdan sonra girir Mərkəzi Univermağa. Mərmər pillələrlə qalxır üçüncü mərtəbəyə. Qarşısında “Çaynaya” lövhəsini tapıb bir xeyli sakitləşir. İçəri girincə görür uzaq küncdə birisi mürgü vurur nə vaxtdı. Yaxınlaşıb əlini cibinə atır. “Ksiva”nı buraxır masa üzərinə.
“Görüş yerini dəyişmək olmaz” filmindəki oxşar epizodları xatırlasanız, sonrakı epizodları özünüz yaddaşınızda bərpa edərsiz. Mürgüvuran yuxudan ayılıb cibindən bir foto çıxarır. Gümüş istəkanaltıdakı od kimi isti çayını götürüb qoyur bu şəkilin üzərinə. İstəkanaltını geri götürən vaxt, Rövşən şəkildəki şəxsdə öz növbəti qurbanını tanıyıb day heç nə demir bu çay həvəskarına.
O gündən etibarən bu görüş yerini dəyişmir. Hər dəfə də eyni mənzərə dönə-dönə təkrarlanır – foto…gümüş istəkanaltıda isti çay. Şəkil üzərində qəhvəyi çay ləkəsi…
***
Bir gün, həmin çayxanada, üzr istəyirəm, “çaynaya”da Rövşənin qarşısına görün kimin şəklini qoyurlar?! Həsən Dədənin, məşhur kriminal avtoritet “Ded Xasan”ın fotosunu atıb tez də kənara çəkilirlər. İstəyirlər uzaqdan baxıb görsünlər Rövşən buna necə reaksiya verəcək. Rövşənin baxışlarında müsbət rəylər görən həmin kəslər söhbəti çox uzatmırlar. İlğım olub havaya buxarlanırlar.
Bundan sonra Rövşənin “ulduz dövrü” başlayır. Rövşən ağıllı adamdı. Hiss edir ki, “Koroğlu” dastanını yenidən səhnələşdirməyin tam vaxtı gəlib çatıb. Bu dəfə Tokat icra başçısı Hasan paşanı, yəni müasir Ded Xasanı məhz o – Rövşən qətlə yetirib adını qızıl hərflərlə oğru dünyası tarixinə yazmalıdır.
***
– Görürsüz bu əklilləri? Postsovet məkanının o avtoriteti yoxdur ki, Rövşənin məzarı üstə gül çələngi göndərməsin. Diqqət edin bir əklillərə.
Etibar kişinin dili bu vaxt sussa da, gözləri hələ də danışır elə bil.
Məzara… yox, elə bil Rövşənin özünə yaxınlaşıb əklil üzərindəki sətirləri oxuyuram: “Kazan şəhəri qardaşlarından. Bizim oğrumuz Rövşəndi!”. “Gürcü oğrularından. Rahat yat, qardaş”. “Rusiya-Novqorod. Hacı Tərlandan”. “Rövşənə Şimal qardaşlarından”. “Zaqatala qardaşları səni unutmayacaq!”. “İrkuts qardaşları matəm içindədir!”. “Quramla Kaxidən. Yat, bizim qardaşımız”. “Ural qardaşları duz-çörəyi itirməyəcək”.
Əklillər, gül çələngi altında dəfn olunmuş Rövşən, bəli, çoxlarının qardaşı olub. Lənkəranlılar demiş, “məzlumların dayağı” adını öz qan-təriylə qazanıb… Cəsədini vətəninə xüsusi təyyarədə gətirib, yerə enməyə tələsmədilər. Lənkəranın başına üç dəfə hərləndi bu təyyarə. Cənazə təyyarədən çıxarılarkən yüz minlərlə qardaşın bir ağızdan “Rövşən!!!” deyə hayqırmağı, inan, heç vaxt yaddaşımızdan çıxan deyil. Millət cənazənin ardınca səfərbərdi. İzdihamın bir ucu Kiçikbazarda, o biri ucu məzarlıqdaydı. Qoymadılar tabutun yerə dəysin. Elə çiyinlərinin üstündə ötürdülər bu cənazəni irəli. Növbəylə bütün millət, bütün gur izdiham kütləsi ağır çəkini öz çiynində hiss edib bir gözdən ağladı…
***
Tokat hakimi Hasan paşanın narahat ruhu bu dəfə Ded Xasanın ruhuyla birləşib cəhənnəmə vasil oldu.
“Koroğlu” dastanını dirildən növbəti Rövşən ölməzliyə adladı.
Oğlan elə həmin oğlandı.
Oğlan elə həmin Rövşəndi.
“Ded Xasan” isə elə həmin Hasan paşaydı…
Musavat.
Follow @7timesaz