Maqazin

Röya necə peyvənd olunub? – Klinika işçisi imiş

Röya necə peyvənd olunub? – Klinika işçisi imişbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Xalq artisti Röya Ayxan koronavirusa qarşı peyvənd olunub. Müğənninin öz “Instagram” hesabına yerləşdirdiyi görüntülərdən aydın olur ki, vaksinasiya prosesi özəl klinikalardan birində baş tutub, ona könüllü olaraq “Sinovac” vaksini vurulub.

Bu paylaşım əhalinin vaksinasiya olunmasına yönəlmiş təbliğat xarakteri daşısa da, insanlar arasında bəzi suallar yaradır.

İstənilən şəxs poliklinikaya və ya özəl klinikaya gedib könüllü peyvənd oluna bilərmi? Könüllü peyvəndləmə mümkündürsə, o zaman əhalinin vaksinasiyası ilə bağlı mərhələlər nə üçündür?

Bildiyimiz kimi, yanvarın 18-dən başlanan vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi nəzərdə tutulurdu. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, yüksək risk şəraiti olan işlərdə çalışanlar və digərləri daxildir. Digər tərəfdən isə, ilkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya strategiyası nəzərdə tutulur.

Bakıda yerləşən bir neçə özəl klinika isə həmin tibb müəssisələrində əhalinin vaksinasiya edilmədiyini, yalnız işçilərin vaksinasiya prosesinə cəlb olunduğunu bildirdilər.

Dövlət poliklinikalarından bəzilərində hələ tibb işçilərinin vaksinasiyasının davam etdiyi deyilsə də, digərlərində artıq əhalinin vaksinasiyasına başlanıldığını, yaşı 65-dən yuxarı olanların peyvənd olunduğunu bildirdilər. Lakin bunun üçün əvvəlcədən qeydiyyata düşmək lazımdır. Qeydiyyat isə yaşı 65 və yuxarı olan, həmçinin son bir il ərzində “COVID-19” analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

7times.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, peyvəndlənmə prosesi strategiyaya uyğun olaraq davam edir. Yəni istənilən şəxs könüllü şəkildə poliklinikaya müraciət edib peyvənd oluna bilməz:

“Fevralın 8-dən etibarən “COVID-19” əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanılacaq. Hazırda qeydiyyat davam edir, yaşı 65-dən yuxarı olan şəxslər randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə vaksinasiya oluna bilərlər. Qeydiyyat ona görə lazımdır ki, pandemiya dövrüdür, növbəsiz gələndə kütləvilik yaranır və qaydalar pozulmuş olur”.

Nazirlikdən o da bildirilib ki, əhali peyvənd üçün özəl klinikalara müraciət edə bilməz, hazırda vaksinasiya yalnız dövlət poliklinikalarında həyata keçirilir.

Müğənni Röya Ayxanın peyvənd olunmasına gəlincə isə…

Nazirlikdən bildirdilər ki, ifaçı fotosunu paylaşdığı özəl tibb müəssisəsinin sadəcə bir işçisi kimi peyvənd olunub:

“Özəl tibb müəssisəsi Səhiyyə Nazirliyinə öz işçilərinin sayını təqdim edir və həmin say əsasında tibb işçilərinin peyvəndlənməsi üçün tibb müəssisəsinə peyvənd təqdim olunur. Əgər hər hansı bir tibb müəssisəsi bu peyvəndi kənar bir şəxsə vurarsa və ya satarsa buna görə müəyyən məsuliyyət nəzərdə tutulub. Bu işə nəzarət edən qurumlardan biri də Səhiyyə Nazirliyidir.

Sözügedən məsələ ilə bağlı özəl tibb müəssisəsinin rəhbəri Barat Yusubov Səhiyyə Nazirliyinə bildirib ki, Röya xanım bir ildən artıqdır ki, həmin tibb müəssisəsində PR menecer vəzifəsində çalışır. Vergilər xidmətinin portalında da qeydiyyatdan keçib. Onların rəsmi ştatda olan işçisi kimi peyvəndlənmədən keçib”.