Rusiyalı komediyaçılar Zelenski kimi danışaraq “Harry Potter”in müəllifi J.K. Roulinqi aldadıblar.
Sfera.az bildirir ki, Vovan və Leksus adlı şəxslər Zelenskinin ofisi adından Ukraynada yardım səylərini müzakirə etmək, uşaqlara və ailələrə dəstək planlarını gündəmə gətirmək üçün yazıçı ilə əlaqə saxlayıb.
Komediyaçılar tərəfindən yayımlanan 12 dəqiqəlik videoda Zelenskini təqlid edən cütlük Roulinqə Harri Potterin alnındakı məşhur ildırım şəkilli çapıqların Rusiyanın Ukraynaya təcavüzünün simvolu olan “Z” hərfinə bənzədiyini söyləyiblər. Onlar həmçinin yazara sözügedən personajın çapıqlarını Ukrayna silahına çevirməyi təklif edib, o cümlədən əsgərlərə döyüş meydanında “Harry Potter” oxutdurduqlarını deyiblər.
Komediyaçılar Roulinq tərəfindən qurulan və Ukraynanın müxtəlif bölgələrində xüsusilə uşaqlara yardım edən “Lumos” adlı təşkilatı “silah fondu”na çevirməyi də xahiş ediblər. Yazar isə “Uşaqların qayğısına qalacağıq, amma istərdim ki, Ukrayna lazım olan bütün silahlara sahib olsun” deyə cavab verib. Məşhur yazarın nümayəndələri isə 12 dəqiqəlik “YouTube” videosunun çoxunun kəsildiyini və redaktə edildiyini söyləyərək zarafatı “duzsuz” adlandırıblar.
Qeyd edək ki, Vovan və Leksus cütlüyü Rusiyanın xarici siyasətini tənqid edənləri hədəfə aldığı üçün dövlət aktyorları olduğu düşünülür.